Tbilisidə azərbaycanlı abstraksionist rəssamın fərdi sərgisi keçirilib - FOTOLAR
Gürcüstan Rəssamlar İttifaqında Əli Əliyevin “Şüuraltının titrəyişi” adlı fərdi sərgisi keçirilib.
“MediaPost”un yerli bürosu xəbər verir ki, Tbilisi Rəssamlıq Akademiyasında təhsil almış rəssam son illərdə abstrakt və sürrealizm üslubunda yağlı boya ilə çəkdiyi 26 əsərini sərgiləyib.
Abstraksionist rəssamın sözlərinə görə, adsız tabloları tamamlanmış kompozisiyaları əks etdirir və hər birinin mənasının dərk olunmasını izləyicinin təxəyyülünün ixtiyarına buraxır.
Əli Əliyevin əsərlərindəki rənglər və formalar tablonu çəkərkən rəssamın düşüncələrini və əhval-ruhiyyəsini əks etdirir.
Soydaşımız qeyd edib ki, bəzən bir əsər üzərində ardıcıl 15-20 saat işləyir, bəzən də 2-3 ay ərzində əlinə fırça almır.
İki gün açıq olan sərgini rəssamın sənət dostları, azərbaycanlı tələbə və gənclər, incəsənət sevərlər ziyarət ediblər.