Teatrda bənzərsiz obrazlara həyat verən aktyorlar – Niyə onları seriallarda görürük?
07.08.2023 21:00 Mədəniyyət

Teatrda bənzərsiz obrazlara həyat verən aktyorlar – Niyə onları seriallarda görürük?

Teleseriallar hər zaman müəyyən insanların maraq dairəsində olub. İndi balaca uşaqdan tutmuş yaşlılara qədər, hər kəsin vaxt ayırdığı seriallar var.

Lakin, tamaşaçılar üçün serialların mövzusu qədər orada rol alan aktyorlar da əhəmiyyətli olur. Xüsusilə, son illərdə çəkilən teleseriallarda bir çox teatr aktyorunun rol ifa etdiyinin şahidi oluruq.

Filmlər təbii ki, çəkilir, amma ötən müddət ərzində çəkilən ekran işləri sənətkarların özlərini qane edirmi? Teatr aktyorlarının kommersiya məqsədli çəkilən seriallarda rol almağının əsas səbəbi nədir?

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən Azərbaycanın Əməkdar artisti, aktyor İlqar Cahangir bildirib ki, aktyorlar eyni səpkili obrazları canlandırmağı xoşlamırlar:

alt text

“Teatrda işlədiyim müddətdə orada mən nökər də, şah da, dələduz da, müəllim də oynamışam. Hətta mənim komediya janrında oynadığım obrazlar da mövcuddur. Mirzə Fətəli Axundovun komediyalarını oynamışam. O, mənim teatr fəaliyyətimdir.

Məni teatrdan çox adam tanımır. Hətta mənim tamaşama baxdıqdan 15-20 il keçəndən sonra yada salıblar ki, orada rolu ifa edən aktyor mən olmuşam. Şəkidə, Lənkəranda, Gəncədə səfərlərdə olanda belə hadisələrlə daha çox rastlaşmışam. Yəni filmlərdən sonra məni tanımağa başladılar. Ən çox televiziyadakı filmlərdə, seriallarda populyar oldum.

Mən aktyor olaraq ümumiyyətlə başqalaşmağı sevirəm, eyni səpkidə rolları xoşlamıram. Hətta mənə dəfələrlə əsas obrazı canlandırmağım üçün təkliflər gəlib, amma imtina etmişəm. Çünki gördüm ki, eyni tərz rollardır və mən bunları 3-4 dəfə oynamışam. Amma “Yuxu kimi” serialında oynadığım rol mənim üçün maraqlı xarakter idi. Fərqli bir rol idi, mən başqalaşırdım.

Bu yaxınlarda 1941-1945-ci illərin hadisələri ilə əlaqəli film çəkilişi başlayıb. Orada kolxoz sədrini canlandırıram. Hansı ki, həmin kolxoz sədri çox alçaq, xisləti pis olan bir adamdır. Amma dediyim kimi, bu da başqa bir xarakterdir”.

Fidan Ramazan

Gündəm