“Təbii resurslarımızı icazəsiz istismar edən xarici şirkətlər də məsuliyyətə cəlb ediləcək”
26.02.2021 17:42 Qarabağ Azərbaycandır

“Təbii resurslarımızı icazəsiz istismar edən xarici şirkətlər də məsuliyyətə cəlb ediləcək”

“Bizim təbii resurslarımızı icazəsiz istismar edən xarici şirkətlər də məsuliyyətə cəlb ediləcək”.

"MediaPost" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Prezident qeyd edib ki, azad edilmiş torpaqlarda bizim qızıl mədənlərimiz vəhşicəsinə istismar edilirdi: “Bu, beynəlxalq cinayətdir və artıq bu cinayəti törətmiş bəzi qurumların məsuliyyətə cəlb edilməsi üçün ilkin hazırlıq işləri aparılıb. Mən bu məsələ ilə bağlı 1-2 dəfə öz sözümü demişəm, bir də demək istəyirəm ki, ya bu şirkətlər bizə təzminat ödəyəcəklər, kompensasiya verəcəklər, ya da məhkəməyə gedəcəklər. Məhkəməyə getdikləri təqdirdə həm tam əminəm ki, məhkəmədə uduzacaqlar, eyni zamanda, dünya miqyasında biabır olacaqlar. Çünki başqa ölkədə qanunsuz işlərlə məşğul olmaq, qanunsuz sahibkarlıqla məşğul olmaq, o ölkənin təbii sərvətlərini talamaq cinayət sayılır və bu şirkətlərin beynəlxalq reputasiyasına da çox ciddi ziyan dəyəcək. Bununla paralel olaraq, bizim meşə fondumuz da məhv edilib. 54 min hektar meşə ermənilər tərəfindən qırılıb, dağıdılıb. İşğala qədər bizim meşələrimizin ümumi həcmi hardasa 220-230 min hektar idi. 54 min hektar kəsilib, dağıdılıb. Onlar ondan müxtəlif məhsullar istehsal ediblər, bildiyim qədərilə, orada parket biznesi də çox geniş vüsət almışdır, xarici şirkətlər də burada iştirak ediblər. Yəni, bütün dəymiş ziyan hesablanacaq. O cümlədən bizim torpaqlarımızdan qanunsuz şəkildə istifadə edən şirkətlər də cərimələnəcək. Azad edilmiş torpaqlarda ancaq taxıl altında 100 minə yaxın hektar torpaq var idi, qanunsuz istismar edirdilər və gəlirlər götürürdülər. Onu da hesablayacağıq. Bu, işin bir tərəfi. İndi nə dərəcədə beynəlxalq məhkəmələrdə reaksiya veriləcək, bu, işin ikinci məsələsidir. Burada əlbəttə ki, əsas məsələ obyektivlikdir. Əgər obyektiv yanaşma olsa, əlbəttə ki, onlar bu təzminatı ödəməli olacaqlar”.

Dövlət başçısı bildirib ki, eyni zamanda beynəlxalq praktikaya da nəzər salınıb: “Xarici İşlər Nazirliyinə tapşırıq verildi və artıq bu günlərdə mənə məlumat verildi presedentlər necə olub. Bu presedentlər var, o qədər də çox deyil, amma var. Burada əlbəttə ki, hər bir presedent biz tərəfdən təhlil edilməlidir. Bunun təməlində nələr dayanır, obyektivlik, yoxsa siyasi sifariş. Çünki sirr deyil ki, beynəlxalq məhkəmə sistemi də siyasi təzyiqdən azad deyil və bəzi hallarda siyasi sifarişlər də yerinə yetirilir. Ona görə də hər şey bundan asılı olacaq. Hər halda biz, öz üzərimizə düşən missiyanı yerinə yetiririk və yaxın zamanlarda dolğun hesabat hazırlanacaq”.

Xəbərlər şöbəsi

Gündəm