Təcili tibbi yardıma yol verməyənlərin nəzərinə: yeni cərimə tətbiq oluna bilər
03.03.2020 09:09 Fikirlər

Təcili tibbi yardıma yol verməyənlərin nəzərinə: yeni cərimə tətbiq oluna bilər

Bəzən cəmiyyətdə operativ nəqliyyat vasitələrinin təyinat yerinə gec çatması ilə bağlı müəyyən narazılıqlar yaranır. Ekspertlər hesab edir ki, təcili tibbi yardım, eləcə də yanğınsöndürən maşınlarının gecikməsinin əsas səbəbkarı məsuliyyətsiz sürücülərdir.

Mövzu ilə bağlı “MediaPost”a danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı bəzi sürüclərin yol hərəkəti qaydalarına əməl etməməsinin səbəblərindən bəhs edib:

“Bir çox hallarda paytaxt küçələrində qaydalara əməl etməyən sürücülər tıxac yaradır. Onlar belə etməklə nəinki minik avtomobillərin və avtobusların, həmçinin bir sıra operativ nəqliyyat vasitələrinin də təyinat yerinə çatmasına mane olurlar. Səbəb isə sürücülərin bəlkə də özlərini cəmiyyətdə kimlərdənsə üstün tutmalarıdır. Bəzi sürücülər hesab edir ki, onlar hansısa vəzifədədirsə, vəzifəli şəxsin yanında işləyirsə və ya qohumu tanınmış biridirsə, bahalı maşını varsa qaydaları rahatlıqla poza bilər”.

Təcili tibbi yardıma yol verməyənlərin nəzərinə: yeni cərimə mexanizmi yaradıla bilər

Ekspertin fikrincə, sürücülərin bir neçə zolaqlı yolda süni şəkildə özlərinə zolaq yaratması hərəkəti iflic etməklə yanaşı, həm də operativ nəqliyyat vasitələrinin işini çətinləşdirir:

“Məsələn, ikizolaqlı yolda hərə öz zolağı ilə getsə bu normal hərəkət üçün heç bir problem yaratmır. Amma hansısa başqa sürücü yolda üçüncü zolaq yaradıb, qoşa xətti tapdalayanda hərəkəti tam məhdudlaşdırır. Belə olan halda arxadan gələn təcili tibbi yardım, yanğınsöndürən, polis maşınlarına heç cür yol vermək olmur. Bu səbəbdən belə nəqliyyat vasitələri tıxacda qalır. Sumqayıt yolunda, Heydər Əliyev, Nobel, Babək prospektlərində, digər küçə və yollarımızda təcili tibbi yardım maşınlarının tıxacda qalması adamı dəhşətə gətirir. Bir neçə zolaqlı yolda hər kəs öz yolu ilə hərəkət etsə, hər avtomobilin sağ və solunda ən azı yarım metr boş yer qalır. Beləliklə, operativ nəqliyyat vasitələri gələndə hər avtomobil yarım metr sağa yaxud da sola sıxlaşanda hərəkət üçün geniş zolaq əmələ gəlir. Dünyanın inkişaf etmiş ölkələrində təcili yardım, yanğınsöndürən maşın və ya digər operativ nəqliyyat vasitələri üçün əlavə zolaq yaradılmır. Çünki bilirlər ki, sürücülər yol verəcəklər”.

E.Muradlı bəzi sürüclərin təcili yardımın yolundan istifadə etməyə çalışmasını da mənfi hal kimi qiymətləndirib:

“Təəssüf ki, biz ən çox sürücülərin tıxac yaradaraq təcili tibbi yardım maşınlarının işinə maneə yaratdığını müşahidə edirik. Belə ki, bəzi sürücülər fürsətdən istifadə edərək təcili yardım maşının qarşısıyla gedir. Çünki bilir ki, yol açıq olacaq. Bəzən isə yol verən sürücülər də təcili yardıma qoşulub boş yolda yüksək sürətlə gedir. Belə olan halda isə qəzalar baş verir.

Təcili Tibbi Yardım Stansiyası bu yaxınlarda maşınlara kamera quraşdırılması məsələsinin gündəmdə olması ilə bağlı açıqlama vermişdi. Bu, yol verməyən sürücüləri ifşa etməkdə yradımçı olacaq. Mən də bunun tərəfdarıyam. Fikirləşirəm ki, belə sürücülər ictimai qınağa cəlb edilməli, cərimələnməlidir. Ondan sonra təcili yardımın səsini eşidən sürücülər mütləq yol verəcəklər. Bizdə hazırda belədir ki, yol polisi operativ nəqliyyat vasitələrinə yol verməyən sürücüləri görsə, cərimələyir, əks halda onlar cəzasız qalır. Ona görə də təcili yardım maşınında kameralar olsa və bu barədə yol polisinə məlumat göndərilsə, çox yaxşı nəticə əldə oluna bilər. Hər təcili yardım maşınında bu iş bir nəfərə tapşırılsa, cərimələrdən hətta onlara maaş da yazmaq olar”.

Ekspert həmçinin bildirib ki, sürücülərin bu istiqamətdə maarifləndirilməsi işi ilə təkcə Bakı Nəqliyyat Agentliyi və ya digər dövlət qurumları yox, həmçinin vətəndaşlar və kütləvi informasiya vasitələri də aktiv iştirak etməlidirlər.

Xəbərlər departamenti

Gündəm