"Tehran girovları", 70 cildlik kompromat, tarixi dəyişən 444 gün...
15.11.2019 07:00 Fikirlər

"Tehran girovları", 70 cildlik kompromat, tarixi dəyişən 444 gün...

40 il əvvəl - 4 noyabr 1979-cu ildə (İslam İnqilabından bir neçə ay sonra) bir qrup iranlı dindar tələbə Amerikanın Tehrandakı səfirliyini ələ keçirdi. Diplomatik xidmətin 52 əməkdaşı təxminən bir il yarım (444 gün) girovluqda qaldı. Bu müddət ərzində hücumu təşkil edənlər səfirliyin minlərlə gizli sənədini yaydı. ABŞ isə İrana qarşı güclü sanksiyalar tətbiq etdi. Bu hadisədən sonra iki ölkə arasındakı münasibətlər heç vaxt bərpa edilmədi...

"CASUS YUVASI"NA HÜCUM...

Özlərini "İmam yolunun ardıcılları" adlandıran bir neçə min dindar tələbə həmin gün "Amerikaya ölüm!", "Şaha ölüm!" şüarları altında Tehrandakı ABŞ səfirliyinin divarlarına yaxınlaşdı. Onlar Birləşmiş Ştatların İslam İnqilabından bir neçə ay əvvəl ölkədən qaçmış Şah Rza Pəhləviyə sığınacaq vermək qərarından narazı idilər. Bir neçə saat sonra tələbələr səfirliyin divarlarına dırmaşıb içəri girmək və işçiləri ələ keçirmək qərarına gəldilər. Onlara görə səfirlikdəki bütün əməkdaşlar casus idi.

Tehran girovları

Həmin vaxt binada olanların hamısı - 71 nəfər girov götürüldü. İki həftə sonra tələbələr 13 nəfəri - afroamerikalıları və qadınları sərbəst buraxdılar. Qərarlarını da qaraların "məzlum azlıq", qadınların isə "İslamda xüsusi yerinin" olmasıyla izah etdilər.

Hücum zamanı 6 əməkdaş qaça bilmişdi. Onları Kanada səfiri öz yanında gizlətmişdi. Həmin 6 nəfər 80-ci illərin ortalarında İrandan gizli şəkildə çıxarıldı və 2012-ci ildə Hollywood bu əməliyyatdan bəhs edən məşhur "Arqo əməliyyatı" filmini çəkdi...

Elə həmin gün - 4 noyabr 1979-cu ildə imamın tərəfdarları ABŞ-ın Təbriz və Şirazdakı konsulluqlarının binalarını ələ keçirdilər. Lakin hər iki konsulluqda işlər fevral ayında dayandırıldığından girov götürüləcək heç kim olmadı. Bu arada, Pakistandakı dindar tələbələr də İranda baş verənlərdən ilhamlanaraq öz ölkələrindəki səfirliyə basqın etdilər. Lakin girovlar demək olar ki, dərhal azad edildi.

Tehran girovları

Tehrandakı ABŞ səfirliyinə hücumun ilk günlərində İranın ali lideri Ayətullah Ruhullah Xomeyni baş verənlərə heç bir reaksiya vermədi. Lakin çox keçmədən səfirliyə hücumu "ikinci inqilab", səfirliyin özünü isə "casus yuvası" adlandırdı. Və girovların sərbəst buraxılması üçün öz şərtlərini irəli sürdü. Şərtlər belə idi: ABŞ devrilmiş şahı İrana təhvil verərsə və İranla bağlı casusluq fəaliyyətini dayandırarsa, millət üçün vacib olan bəzi mövzularda danışıqlara yol açılacaq.

ABŞ prezidenti Cimmi Karter hadisənin terror aktı olduğunu bəyanetdi. Vaşinqton BMT Beynəlxalq Məhkəməsinə şikayət edərək İranı Konsulluq fəaliyyəti haqqında Vyana Konvensiyasının bir neçə maddəsini pozmaqda ittiham etdi.

İŞGƏNCƏLƏR VƏ KOLA...

Sonralar girovlar danışırdılar ki, İran hakimiyyəti bir neçə saat onların kömək istəyinə məhəl qoymayıb. İslam İnqilabı Keşikçiləri Korpusunun dəstəsi gəldikdən sonra amerikalıları qorumaq üçün aktiv addımlar atmayıb. İran hökumətinin və İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat təmsilçiləri isə bildirmişdilər ki, müdaxilə etməyiblər, çünki vəzifələri həm tələbələri, həm də səfirlik işçilərini qorumaq olub.

Tehran girovları

Girovlar qeyri-insani rəftardan şikayətlənirdilər. Onların əllərini, gözlərini müntəzəm olaraq bağlayır, İrandakı fəaliyyətləri ilə bağlı sorğu-sual edirdilər. Girovlara məktub yazmaq və almaq qadağan edilmişdi. Onların mütəmadi olaraq silahla təhdid edildiyi də iddia olunur.

Girov götürüləndən sonra amerikalılara ilk Milad bayramını qeyd etməyə icazə verildi. Onlar üçün şam ağacı bəzədildi, bayram yeməyi hazırlandı və bir neçə şüşə kola gətirildi...

Tehran girovları

Tələbələr səfirliyin binasına soxulanda içəridəki əməkdaşlar mümkün qədər çox sənədi məhv etməyə başlamışdı. Bəzi sənədlər kağızdoğrayan aparatlardan keçirilsə də, iranlılar qalıqları birləşdirərək onları bərpa edə bilmişdi. İran hökuməti hücumçuların ələ keçirdiyi bütün (istər bütöv, istərsə də qalıqlarını yapışdıraraq bərpa etdikləri) sənədləri senzurasız dərc etməyə qərar verdi.

Tehran girovları

Amerika səfirliyinin sirləri ard-arda bir neçə il həm dövlət mediasında, həm də ayrı-ayrılıqda toplu şəklində dərc olundu. Daxili yazışmaların, diplomatik hesabatların yer aldığı ümumilikdə 77 cildlik sənəd ələ keçirilmişdi.

Sənədlərdən məlum olurdu ki, səfirlik əməkdaşları yüksək rütəbli İran rəsmilərini, iş adamlarını, jurnalistləri və fəalları ələ almağa çalışıb. Hesabatlardan birində inqilabdan sonra Xomeyni ilə birlikdə İrana qayıdan və sonradan ölkənin ilk prezidenti olmuş Əbülhəsən Bənisədr necə ələ almağa çalışdıqlarından bəhs olunurdu.

Mərkəzi Kəşfiyyat İdarəsinin "amerikalı iş adamı" adı altında gizlənən bir əməkdaşı Bənisədrə müxtəlif formatlarda əməkdaşlıq təklif etmişdi. Bunun müqabilində siyasətçiyə aylıq 1000 ABŞ dolları (inflyasiyanı nəzərə alsaq, bu günün təxminən 3500 dolları) maaş vəd olunmuşdu. Lakin Bənisədr təklifdən imtina etmişdi. Sonradan prezident özü bu məlumatı təsdiqləmişdi.

Yayılan sənədlər arasında inqilabın qızğın vaxtında ABŞ-ın Şah Pəhləvinin İrandan təxliyəsinə dair planı, İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibi haqqında məlumatlar, sovet casuslarının müəyyən edilməsi üçün təlimatlar, ölkələr arasında ticarət planları, siyasətçilər və fəalların profilləri də vardı.

Materiallarda gizli işləmək üçün casusluq hekayələri və saxta sənədlərin "aktivləşdirilməsi" barədə tövsiyələr də yer alırdı. İran hökumətinin iddiasına görə, binada axtarış zamanı tapılan zərfdə İrana giriş və çıxış sənədlərini saxtalaşdırmaq üçün möhürlər olub.

70-lərin "WIKILEAKS"i...

Yayılan məlumatlardan belə qənatə gəlmək olur ki, səfirliyin ələ keçiriləcəyini heç kim gözləmirmiş. 1979-cu il avqustun əvvəllərində baş tutan daxili yazışmalarda İranla iş üzrə idarənin başçısı Henri Prext ABŞ-ı əmin edir ki, qış hadisələrindən (inqilabdan) sonra səfirliyə təhdid minimuma enib. Lakin Prexthəmin yazışmada məlumat toplamağın xeyli çətinləşdiyini də etiraf edir.

1979-cu ilin iyununda ABŞ-ın İrandakı səfirliyi məlumat verir ki, İslam İnqilabından sonra mənbələri öz müşahidələrini onlarla həvəssiz bölüşməyə başlayıblar. Və informatorlarla daha ehtiyatlı davranmağa çalışırlar.

"Dörd ildən çoxdur, bizimlə əməkdaşlıq edən bir iqtisadçı deyir ki, beş-altı ay əvvəl bəzi mövzularda açıq danışanlar indi yalnız gecə görüşmələrinə və ya telefonla söhbətə üstünlük verirlər. Çoxu aramızda yaranmış isti münasibətdən utandığı üçün görüşdən birbaşa imtina etməsə də, tipik "fars bəhanələri" gətirib sonra zəng edəcəyini deyir", - deyə ABŞ-a ötürülən məlumatda qeyd olunurdu.

İranın qadın və ailə problemləri üzrə hazırkı vitse-prezidenti Məsumə Ebtekar 1979-cu ildə Amerika səfirliyini ələ keçirən tələbələr arasında olmuşdu. Lakin xanım Ebtekar o vaxt "Meri" adı ilə tanınırdı. İngilis dilində sərbəst danışa bildiyindən səfirliyə hücum edənlərin adından danışıqları o aparır, bir növ sözçü funksiyasını yerinə yetirirdi.

"Bu sənədlərin dərc edilməsi "WikiLeaks"in indi etdiklərinə bənzəyir. Bizim etdiklərimiz dövrün "WikiLeaks"i idi", - deyə Ebtekar 2016-cı ildə mətbuata açıqlamasında bildirmişdi.

Ebtekar bu hadisələrdən sonra İranın dünyadan təcrid olunmasından və ağır iqtisadi sanksiyalar altında qalmasından təəssüfləndiyini də bildirib. Lakin səfirliyin ələ keçirilməsi ilə bağlı qərarı yenə də düzgün hesab edir. İranlı tələbələr o zaman ehtiyat edirdilər ki, ABŞ yeni qurulmuş İslam Respublikasında yenidən çevriliş təşkil edəcək.

"QARTAL PƏNCƏSİ"NİN FİASKOSU

Tehran girovları

1980-ci ilin aprel ayında Tehrandan 80 kilometr aralıda bir səhrada vertolyot və bir təyyarə yanmışdı. İçərisində səkkiz nəfər vardı. Onların hamısı ABŞ hərbçiləri idi. Qəza uğursuz yanacaqdoldurma cəhdi zamanı baş vermişdi. Ertəsi gün - aprelin 25-də prezident Cimmi Karterin çıxışından məlum olmuşdu ki, ABŞ hökuməti girovları azad etməkçün keçirilən “Qartal pəncəsi” əməliyyatını məhdudlaşdırlmalı olub və 8 amerikalı əsgər həyatını itirib.

1980-ci ildə seçkini uduzan Karter məğlubiyyətini bu əməliyyatın uğursuzluğa düçar olması ilə izah etmişdi.

ABŞ hərbi və xüsusi xidmət orqanlarının planına əsasən, İran daxilindəki bir qrup agent girovların saxlanıldığı yerə basqın etməli və onları səhraya aparmalı idi. Oradan amerikalılar helikopterlə Misirə, daha sonra ABŞ-a uçmalıydı. Ümumilikdə əməliyyatda 8 helikopter və bir yanacaqdoldurma təyyarəsi iştirak edirdi. Lakin toz fırtınası və bəzi cihazlarda yaranan texniki problemə görə səhraya yalnız 6 helikopter çata bildi. Yanacaqdoldurma ilə bağlı yaranmış qəzadan sonra ABŞ komandanlığı qalan helikopterləri səhraya atmağı qərara aldı. Məxfi planın detallarının əks olunduğu sənədlər və zədələnməyən avadanlıqlar iranlıların əlinə keçdi.

İran hakimiyyəti uğursuzluqla başa çatan əməliyyatdan təbliğat üçün istifadə etdi. Amerikalıları girov götürən tələbələr bildirdilər ki, məlum əməliyyat ABŞ-ın İranda daha bir çevriliş hazırlaya biləcəyinə dair ehtimalların yersiz olmadığını təsdiq edir. Digər tərəfdən, Ayətullah Xomeyni bəyan etdi ki, ABŞ-ın xüsusi əməliyyatının baş tutmaması ilahi ədalətin və Allahın yeni yaranmış dini dövlətə yardımının göstəricisidir. Bundan sonra bütün girovlar ölkə daxilində ayrı-ayrı yerlərə yerləşdirildi ki, ABŞ gələcəkdə belə əməliyyatlar keçirmək fikrinə düşməsin. Qəza yerində isə məscid inşa edildi.

Tehran girovları

Belə olan təqdirdə Vaşinqton Tehranla danışıqlara girməyə məcbur oldu. Danışıqlar təxminən bir il davam etdi. Əlcəzair danışıqlarda vasitəçi idi.

1981-ci ilin yanvarında İran və ABŞ saziş imzaladılar. Tehran bütün girovları sərbəst buraxacağını bildirdi. Bunun müqabilində Amerika İrana qarşı sanksiyaları ləğv etməli, Şahın aktivlərini hissə-hissə yeni İran hökumətinə verməli və bundan sonra İranın daxili siyasətinə qarışmamalı idi. Razılaşmalara əsasən bütün maliyyə əməliyyatları Əlcəzair Mərkəzi Bankı vasitəsi ilə həyata keçirildi.

Girovlar Cimmi Karterin prezidentliyinin son rəsmi günündə sərbəst buraxıldı. Ronald Reyqan ABŞ prezidenti kimi and içdikdən bir neçə dəqiqə sonra onları təyyarəylə Visbadendəki bazaya gətirdilər.

ABŞ hökuməti girov böhranının qurbanlarına 36 ildən sonra 4,4 milyon dollar kompensasiya ödənməsinə qərar verdi...

Tərcümə Mediapost.az-a məxsusdur

Tehran girovları

Xəbərlər departamenti

Gündəm