Təhsil eksperti deputatın təklifini dəstəkləyir: "Şagirdlər yüklənirlər"
26.11.2019 09:48 Fikirlər

Təhsil eksperti deputatın təklifini dəstəkləyir: "Şagirdlər yüklənirlər"

Ötən gün Milli Məclisin plenar iclasında deputat Elmira Axundova I və II sinifdə ev tapşırıqlarının ləğvini, yaxud da cüzi olmasını təklif edib. Parlament üzvü belə davam edəcəyi halda şagirdlərdə məktəbə qarşı nifrətin oyanacağını bildirib.

Dünyanın inkişaf etmiş bir çox ölkələrinin təhsil sistemində bu təcrübə var. Aşağı siniflərdə təhsil alanların dərs yükü minimuma endirilib. Məsələn, Yaponiyada aşağı siniflərdə uşaqların öncəliklə xarakterini formalaşdırmağa çalışırlar.

Mövzu ilə bağlı Mediapost.az-a açıqlama verən təhsil üzrə ekspert Etibar Əliyev deputatın təklifini tam dəstəklədiyini bildirib:

Təhsil eksperti deputatın təklifini dəstəkləyir: Şagirdlər yüklənirlər

“İnkişaf etmiş bir çox xarici dövlətlərdə ibtidai təhsil pilləsində uşaqlara ev tapşırıqları verilmir. Ev tapşırıqlarının çoxluğu zehni cəhətdən uşaqların həddindən artıq yüklənməsinə gətirib çıxarır. Lakin bizdə başqa nüanslar da var. Valideynlər aşağı siniflərdən başlayaraq övladlarını hazırlıqlara qoyur. Bunun özü də uşaqların əlavə yüklənməsinə səbəb olur. Müəllimin dərsdən kənar uşaqlara hazırlıq keçməsi isə onun dərs prosesi ərzində laqeydliyinin artmasına gətirib çıxarır”.

Ekspertin fikrincə, dərs prosesi ərzində müəllim lazımlı informasiyaları şagirdə çatdıracağı təqdirdə, evdə işləmək üçün əlavə tapşırığa ehtiyac qalmayacaq:

“Müəllim 45 dəqiqə ərzində çalışmalıdır ki, uşaqlar materialı yerində və vaxtında mənimsəsin. Digər bir məsələ bu repetitorluqla bağlıdır. Bu hal qətiyyən yolverilməzdir. Bu zaman həm müəllimin dərsə qarşı diqqəti zəifləyir, həm də ki, şagirdlər əlavə yüklənirlər. Yuxarı sinfə çatdıqca uşaqlar bu gərginliyi özləri ilə daşıyır. Ona görə də, mən Elmira xanımın fikrini tam dəstəkləyirəm”.

Xəbərlər departamenti

Gündəm