“Təhsil haqlarında güzəşt mütləqdir” - Nazirlik və universitetlər nə düşünür? - <span>VİDEOŞƏRH</span>
13.01.2021 16:39 Təhsil Şikayətim var

“Təhsil haqlarında güzəşt mütləqdir” - Nazirlik və universitetlər nə düşünür? - VİDEOŞƏRH

Ali təhsil müəssisəsində təhsil alan və pandemiyaya görə aylardır universitet üzü görməyən tələbələr “MediaPost”a müraciət ünvanlayıb.

Təhsil haqlarının auditoriya və kommunal xərclər hesabına formalaşdığını deyən tələbələr güzəştlər tətbiq edilməsini istəyiblər. Şikayətdə pandemiya dövründə işsizlik problemi fonunda aşağı gəlirli ailələrdən olan tələbələrin təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldığı vurğulanıb.
Mövzu ilə bağlı “MediaPost” TV-yə danışan təhsil eksperti Elşən Qafarov bildirib ki, pandemiya dövründə nəinki təhsil haqlarında endirim olmalıdır, hətta təhsil haqları ümumiyyətlə dayandırılmalıdır.
Ekspert söyləyib ki, “Təhsil haqqında Qanun”un 37-ci maddəsinə görə, dövlət təhsil müəssisələri büdcədən maliyyələşdiyi üçün ödənişli təhsildən gələn vəsait büdcədənkənar vəsait adlanır.
Elşən Qafarovun sözlərinə görə, ödənişli əsaslarla təhsil alan şəxsin ödəniş haqqı Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş meyarlara - adambaşına düşən xərc hesabına müəyyənləşir.
Ekspert hesab edir ki, 2020-2021-ci tədris ilinin ikinci yarım ilində təhsil haqlarında güzəştlərin edilməsi üçün müvafiq qərar qəbul olunmalıdır.
Mövzu ilə bağlı “MediaPost”a danışan Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov təhsil haqlarında güzəştlərin edilməsi ilə bağlı universitetlərin qərar verə biləcəyini deyib.
Azərbaycan Dillər Universitetinin rektoru, professor Kamal Abdulla “MediaPost”a açıqlamasında söyləyib ki, onlayn təhsil kommunal xərclərlə kompensasiya olunur. Təhsil haqları ilə onlayn təhsildə tələbələrə yardımlar edildiyini deyən rektor bildirib ki, gələcəkdə güzəştlər barədə düşünmək olar.
Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat katibi Elnarə Məmmədova da onlayn təhsil almaq üçün tələbələrə dəstək göstərildiyini desə də, təhsil haqlarında güzəştlərin nəzərdə tutulmadığını bildirib.

 

Billurə Yunus

Gündəm