Təlxək baş nazir dünya ermənilərinə yalvarmaqla xilas olacağına ümid edir
28.10.2020 18:11 Təhlil

Təlxək baş nazir dünya ermənilərinə yalvarmaqla xilas olacağına ümid edir

Ermənistanın baş naziri Nikol Paşinyanın başının üstünü qara buludlar aldıqca, xalqa müraciətlərinin sayı artır.

MediaPost” xəbər verir ki, Paşinyan bu dəfəki müraciətində müharibə ayından danışıb.

Bəli, artıq bir aydır ki, Ermənistan və dəstəkçiləri “erməni cəngavərlərin” Azərbaycan Ordusunu məğlub etməsini səbirsizliklə gözləyirlər. Onların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü bərpa etməsinə yanaşması budur. Ona görə də Paşinyan çıxışlarında Prezident İlham Əliyev tərəfindən açıqlanan uğurlarımızla bağlı şübhə yaratmağa çalışır. Görünən odur ki, Paşinyan nəinki Azərbaycan Prezidentinə, heç öz ölkəsinin Müdafiə Nazirliyi nümayəndələrinə də inanmaq istəmir. Halbuki Artsrun Hovvanisyan ordumuzun nə qədər irəlilədiyini Paşinyana onlayn göstərmək üçün interaktiv xəritə hazırlamışdı...

Hər bir azərbaycanlı ölkə başçısının çıxışını çox diqqətlə dinləyir, ordumuzun uğurları ilə bağlı verilən xəbərlərə nəinki sevinir, hətta göz yaşlarını saxlaya bilmirlər. Bu cür xəbərlər, ordumuzun durmadan irəliləməsi artıq bəlli edir ki, siz tezliklə kapitulyasiyanızı elan edəcəksiniz, yoldaş baş nazir. Təbii ki, o vaxta qədər vəzifənizdə qala bilsəniz.

İşğal olunmuş ərazilər uğrunda vuruşacaq ermənilər haqqında pafosunuz artıq eşidilmir, siz bundan sonra ancaq hərbi komissarlıqların qarşısının boş olmasından danışacaqsınız, yoldaş baş nazir. Vəziyyət o yerə çatıb ki, ordudakı özbaşınalığı etiraf edirsiniz, əmrə tabe olmayanların ağır şəkildə cəzalandırılacağını deyirsiniz. Hətta dünya ermənilərinə yalvarırsınız, kömək istəyirsiniz.

Bəlkə də, sizdən başqa heç kim məğlubiyyət yolunda olduğunu bilə-bilə əsgərlərini, vətəndaşlarını bu cür ölümə göndərməzdi. Belə bir hazırlıqsız, zəif, başsız, geyimsiz, yeməksiz qalmış dəstələrlə nə edə biləcəyinizi düşünürsünüz? Həqiqətən onlaramı arxayın olub müharibəyə başladınız? Yəqin ki, yox. Yenə də Rusiyaya, Fransaya və sizə yardım edən digərlərinə arxayın idiniz. Amma Azərbaycan Ordusu sizə göndərilən silahları, hərbi texnikaları bir-bir məhv edir, etməyə də davam edəcək.

Dünya ermənilərinə də səslənmək fayda verməyəcək, onlar ölkədən geri qayıtmaq üçün qaçmayıblar. Qaça bilməyib Ermənistanda yaşamağa davam edənlərə də çox arxayın olmaq olmaz, yoldaş baş nazir. Onlar sizi küçədən vəzifəyə gətirdikləri kimi, vəzifədən də küçəyə ata bilərlər. Hətta sizinlə daha qəddar davrana bilərlər, Xocalıda azərbaycanlılara qarşı edilənlər kimi, qaçıb canını qurtarmağa imkan vermədikləri azərbaycanlılar kimi.

Öz müqəddəratınızı təyin etmək istəyirsiniz? Ermənilər artıq öz müqəddəratını 90-cı illərdə təyin edib və Ermənistan adlı dövlət yaradılıb. Azərbaycan ərazisində yaşayan, amma sırf ermənilərlə əhatə olunmuş mühitdə yaşamaq istəyən erməni varsa, həmin adamları heç kim zorla saxlamır, necə deyərlər, yol açıqdır. Ermənistana gedib orada öz müqəddəratınızı təyin etməyinizdən zövq ala bilərsiniz. Yeri gəlmişkən, millətçilik və ekstremizmi öz müqəddəratını təyin etməklə səhv salmasanız, yaxşı olardı.

Ədalətə, haqqa gəlincə, o, artıq çatmaqdadır. Azərbaycan Ordusu öz ərazilərini işğaldan azad etməklə illərdir pozulmuş tarixi ədaləti bərpa edir.

MediaPost” olaraq nəzərə çatdırmaq istəyirik ki, Paşinyan çıxışlarında tez-tez kompromis sözünü işlədir. O, hansı kompromisdən dəm vurur? Hamı bilir ki, Azərbaycan özü işğal altında olan ərazilərini azad etməklə məşğuldur. Yoldaş baş nazir, siz kompromis deyəndə artıq sizin nəzarətinizdə olmayan ərazilərimizi nəzərdə tutursunuz?

İşğal olunmuş ərazilərin statusu ilə bağlı müzakirə aparılması Azərbaycanda uşaqları belə, güldürür. Statusla bağlı danışıqlar Azərbaycan rəhbərliyi tərəfindən heç vaxt ciddiyə alınmayıb. Boş danışıqların, vaxt itkisinin nəticəsidir ki, artıq Azərbaycan öz ərazilərini hərbi gücü ilə bərpa edir.

Siz isə müharibə ərazisindən kənarda olan mülki şəxsləri vurmaqdan, şəhərlərimizi bombalamaqdan çəkinmirsiniz. Bütün dünya görür ki, mülki əhalini öldürən sizsiniz, biz yox. Sizsiniz, başqalarının torpaqlarını işğal etməkdən ötrü son damla qanına qədər vuruşmağa hazır olduğunu deyən. Qatil olmaq, günahsız insanların ölümünə səbəb olmaq vərdişinizə çevrilib.

Amma Azərbaycan Prezidentinin də dediyi kimi, heç bir hədə bizi yolumuzdan döndərməyəcək. Yayılmış videolardan da görünür ki, siz artıq orduya hətta uşaqları cəlb edirsiniz. Onsuz da məğlubsunuz, bəlkə xalqı yalan vədlərlə aldatmaqdansa, onları mifə inandırmaqdansa, niyə ölümə göndərdiyinizi izah edəsiniz? Sizcə də, artıq həqiqəti, reallığı qəbul etməyin vaxtı deyil?

Xəbərlər şöbəsi

Gündəm