Texnoçempionlar: dünyanın yeni hakimləri...
06.12.2019 07:17 Fikirlər

Texnoçempionlar: dünyanın yeni hakimləri...

Yüksək sürətli internet, ən böyük İT şirkətlərinin qərargahı, uğur qazanmış texnoloji startaplar, qəhvə dəmləyən robotlar, virtual supermarketlər... Bütün bunlar planetin ən yenilikçi şəhərlərindədir. Bu şəhərlərdə dünyanın qabaqcıl texnoloqları, parlaq düşəncə sahibləri cəmləşir. Onlar texnologiyaları az qala anbaan inkişaf etdirir, onu insan həyatının ayrılmaz parçasına çevirirlər. Dünyanı ağuşuna alan qabaqcıl texnologiyaların "ürəyi" məhz bu şəhərlərdə döyünür.

170 BEYNƏLXALQ İT ŞİRKƏTİ, SƏRHƏDSİZ İMKANLAR...

Belə şəhərlərdən biri Niderlandın paytaxtı Amsterdamdır. Amsterdam "beynəlxalq texnoloji arenanın" əsas oyunçularından sayılır. Burada 1.65 mindən çox texnoloji şirkət fəaliyyət göstərir. Bu şirkətlərdə 70 minə yaxın insan çalışır ki, bu da ümumi yerli işçi qüvvəsinin təxminən 13 faizi deməkdir. Amsterdamda 170 beynəlxalq İT şirkətinin qərargahı yerləşir. Yəqin elə buna görə bir çox xarici vətəndaş yaşamaq və işləmək üçün Amsterdama üz tutur. Paytaxt sakinlərinin təxminən 90 faizi ingilis dilində danışır.

Texnologiyalar şəhəri olan Amsterdam startaplar üçün ideal məkandır. Burada yeni layihələrin başlamasına və inkişaf etdirilməsinə kömək edən bir çox inkubator və akseleratorlar var. Əcnəbi İT mütəxəssisləri ilk 8 il ərzində maaşlarından vergi (30 faiz) ödəməyə bilərlər. Üstəlik, bu sahədə çalışanların orta gəliri ildə 64.4 min avrodur.

Texnoçempionlar: dünyanın yeni hakimləri...

Wi-Fi-lı KÜÇƏ FƏNƏRLƏRİ...

Cənubi Koreyanın paytaxtı Seul innovasiya və yüksək texnologiyalar şəhəridir. Burada hətta küçə fənərləri belə, yüksək sürətli Wi-Fi verir, ağıllı videokameralar "Twitter"də şəkillər yayır, qəhvəni robotlar hazırlayır.

Seul metrosunda yaradılan imkanlar isə xüsusi diqqətə layiqdir. Burada əlilliyi olan insanlar üçün liftlər, tualet, toxunma plitələr, platforma və relslər arasında şüşə döşəmələr var. Qatar gözləyərkən sərnişinlər QR kodunu skan edərək virtual supermarketdə məhsul sifariş edə bilərlər. Bütün bu imkanlara baxmayaraq, metroda gediş haqqı cəmi 1,5 dollardır.

Cənubi Koreyanın biznes üçün ən əlverişli ölkələrin "ilk beşliyində" yer almasına baxmayaraq, Seulda əmlak dünyanın digər meqapolisləri ilə müqayisədə daha ucuzdur. Bir mənzilin orta qiyməti 533 min dollardır. Bundan başqa, ölkə verilən patentlərin sayına görə rekord vurur. Patent üçün mütəmadi müraciət edənlər arasında "LG Electronics" və "Samsung Electronics" kimi, texnologiya nəhəngləri də var.

Texnoçempionlar: dünyanın yeni hakimləri...

6 AYA 3 MİLYARDLIQ SƏRMAYƏ

London Avropanın ən böyük texnoloji klasteridir. Şəhər getdikcə daha çox qlobal innovasiya və yaradıcılıq mərkəzinə çevrilməyə başlayır. Təkcə 2019-cu ilin ilk yarısında Londonda yerli texnologiya şirkətləri 3,2 milyard dollardan çox sərmayə cəlb ediblər.

Londondakı startap-səhnə süni intellekt, maliyyə texnologiyaları və blokçeyn də daxil olmaqla bir neçə sahə ilə təmsil olunur. Çin və ABŞ-ı nəzərə almasaq, Britaniyada dünyanın digər ölkələrindən daha çox texnoloji startaplar yaradılır.

Eyni zamanda, Avropada ən sürətli böyüyən texnologiya şirkətlərinin üçdə birindən çoxu Londonda cəmləşir. "Barclays", BP, "Monzo", "Revolut", "TransferWise" və ASOS-un ofisləri burada yerləşir. Bu, heç də təəccüblü nəticə deyil. Britaniyalılar biznes üçün hər cür şərait yaradıblar. İstedadlı mütəxəssislər hökumətdən qrantlar və vergi güzəştləri alırlar. Burada şirkəti tez və ucuz qeydiyyata ala bilərsiniz. Texnologiya sahəsində peşəkarlar üçün "Tech Nation Visa" proqramı da fəaliyyət göstərir ki, bu da ölkəyə getməyi asanlaşdırır.

Texnoçempionlar: dünyanın yeni hakimləri...

"MİCROSOFT"UN LABORATORİYASI, "GOOGLE"UN BİZNES MƏRKƏZİ...

Nyu-York böyük kapital həcminə və dünyanın hər tərəfindən axışan minlərlə yüksək ixtisaslı mütəxəssisə görə ən innovativ şəhərlərdən biri hesab olunur. Yerli hakimiyyət orqanlarının məlumatına görə, şəhərdə yüksək texnologiyalar üzrə 7 min şirkət fəaliyyət göstərir ki, onların da ümumilikdə 100 mindən çox əməkdaşı var.

Texnoloji korporasiyalar və startaplar yerli iqtisadiyyatın əsas hissəsini təşkil edir. Nyu-Yorkda "WeWork", "Verizon", IBM, "Citigroup", "Kickstarter", "Tumblr" və "Twitter"in ofisləri var. "Microsoft"un laboratoriyası və "Google"un biznes mərkəzi də burada yerləşir.

Şəhərdə iş və şəxsi həyat arasında sağlam tarazlığın qorunması üçün hər cür şərait yaradılıb. Şirkət rəhbərləri əməkdaşların normadan artıq işləməyinin əleyhinədir. Burada çevik iş qrafiki qurur, mütəmadi olaraq ailə şənlikləri təşkil edir və işçiləri tətildən imtina etməməyə çağırırlar. Nyu-Yorkda yaşam qiymətləri şəhərin vəziyyətinə uyğundur. Beləliklə, Manhettendə orta aylıq kirayə qiyməti 3,2 min dollardır. Bu, Amerikada verilən orta əmək haqqının 82 faizini təşkil edir. Şəhərin digər bölgələrində də mənzil o qədər ucuz deyil.

Texnoçempionlar: dünyanın yeni hakimləri...

ÜZTANIMA TEXNOLOGİYASI, SÜNİ İNTELLEKT...

Yaponiyanın paytaxtı yuxarıda bəhsi keçən digər şəhərlər qədər innovativ görünməsə də, dünyanın texnoloji cəhətdən ən inkişaf etmiş şəhərlərindən biridir. Tokio özünün yüksək sürətlə hərəkət edən sərnişin qatarları, ən yaxşı robototexnikası, 3D modelləşdirmə və qabaqcıl proqram təminatı ilə məşhurdur.

Şəhər həm gənc startapları, həm də "SoftBank", "Hitachi", "Toshiba", "Mitsubishi", "Sony Corporation" kimi, dünya şöhrətli korporasiyaları özünə cəlb edir. Bütün bu nailiyyətlər yerli əhalinin zəhməti hesabına əldə olunub.

2020-ci ildə keçiriləcək Olimpiya Oyunları öncəsi Tokio üztanıma texnologiyasını işə saldı, nəqliyyat, xəstəxana və maliyyə xidmətləri sahəsində süni intellektə böyük sərmayə qoydu.

Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax Yaponiyanın bu mötəbər idman yarışına çox ciddi hazırlaşdığını və qonaqlara zəngin tarixi, qonaqpərvərliyi ilə yanaşı, yüksək texnologiyalarını da nümayiş etdirəcəyini deyir: "Mən indiyə qədər heç vaxt bir şəhərin Olimpiadaya bir il qalmış bu dərəcədə yaxşı hazırlaşdığını görməmişəm”.

Maraqlıdır ki, Yaponiya paytaxtında bütün tullantıların təxminən 90 faizi təkrar emal olunur. Məsələn, Avropada bu göstərici 60 faizdir. Şəhərin bütün ofislərində, supermarketlərində və qatar stansiyalarında toplama konteynerləri quraşdırılıb. Tokioda iki yataq otaqlı mənzil üçün orta kirayə haqqı 1.9 min dollardır.

Texnoçempionlar: dünyanın yeni hakimləri...

"APPLE", "GOOGLE", "FACEBOOK", "AMAZON"...

Kaliforniyadakı San-Fransisko yarımadası dünya üzrə müasir texnologiyaların paytaxtı hesab olunur. Cənub-qərbdə Silikon Vadisi yaranan kimi şəhər iqtisadiyyatı sürətlə böyüdü. Bu yenilikçi klasterdə kompüterlərin, mikroprosessorların, proqram təminatlarının, mobil qurğuların və biotexnologiyaların inkişafı ilə məşğul olan bir çox böyük beynəlxalq şirkət var. Məsələn, "Apple", "Google", "Facebook", HP, "Intel", "Amazon", "Netflix", "Tesla" və digər nəhənglərin ofisləri burada yerləşir.

Təəccüblü deyil ki, bu gün San-Fransiskoda orta kirayə haqqı ayda 3.7 min dollardır. Bu məbləğə yalnız bir yataq otağı olan mənzili icarəyə götürə bilərsiniz.

Bu meqapolisdə yaşamaq hətta Silikon Vadisi işçiləri üçün də bahalı olur. Son iki ildə San-Fransiskoda evsizlərin sayı 17 faiz artıb. Təxminən 5 min adam mənzil kirayələməkdən imtina edib və gecəni öz maşınında keçirməyi üstün tutur.

Texnoçempionlar: dünyanın yeni hakimləri...

VENÇUR FİRMALAR, TƏDQİQAT MƏRKƏZLƏRİ

Bostonda tətbiq olunan innovativ yeniliklər Massaçusets ştatı ərazisindəki elmi-tədqiqat mərkəzlərində ərsəyə gəlir. Onların arasında Harvard Universiteti, Taftsa Universiteti, Massaçusets Texnologiya İnstitutu var. Burada "Battery Ventures", "Atlas Venture", "Bessemer Venture Partners", "Matrix Venture Partners" kimi iri vençur firmalar işləyir. Bundan başqa, "Facebook" və "Amazon"un tədqiqat mərkəzləri də burada yerləşir.

Sinqapur proqram məhsullarının yaradılması və vençur kapitalistlərinin fəaliyyəti üçün qlobal mərkəzlərdən biri hesab olunur. Məhdud əraziyə baxmayaraq, Sinqapurda qabaqcıl texnologiyalardan istifadə səviyyəsi çox yüksəkdir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, təqribən 3 onillikdən sonra dünya əhalisinin üçdə ikisi şəhərlərdə yaşayacaq. 2,5 milyard insan böyük şəhərlərin sakinlərinə çevriləcək. İnsanlar üçün cəlbediciliyi müəyyən edən əsas amillərdən biri yüksək texnologiyalar olacaq.

Beləliklə, infrastrukturunu əhalinin müasir ehtiyaclarını ödəmək üçün yenidən quran və müasir texnologiyalara qapı açan şəhərlər "gələcəyin şəhəri" adını qazana biləcək...

Tərcümə Mediapost.az-a məxsusdur

Xəbərlər departamenti

Gündəm