"TikTok" - kimsə konfetlə səhv sala bilər, amma bu, başqa aləmdir
24.12.2019 14:57 Fikirlər

"TikTok" - kimsə konfetlə səhv sala bilər, amma bu, başqa aləmdir

"TikTok" sözü işlədiləndə tez-tez "ağız büzən", söhbəti başqa səmtə yönəltmək istəyən və hətta heç bir şey eşitməmək üçün ətrafındakılardan bir neçə metr kənara çəkilənlər var.

İnsanların bir qismi "TikTok"un nə olduğunu bilməyə bilər, hətta bunun “tiktak” konfetləri ilə səhv salan da tapılar. Amma bu başqa aləmdir...

"TikTok" - qısametrajlı videoçarxların musiqiylə çəkilməsi, canlı yayım açmaq və digər funksiyaları özündə birləşdirən platformadır. Sözügedən sosial şəbəkə 2016-cı ildə Çində yaradılıb. "TikTok"un faydalı tərəfləri olduqca çoxdur.

Aktiv sosial şəbəkə istifadəçisi olduğumçün tez-tez mənim də rastıma "tiktok" videoları çıxırdı. Düzü, işin qeyri-ciddiliyini eşitdiyimdən heç proqram təminatını telefonuma yükləməyi də lazım bilmirdim. Ta ki dostumun mobil qurğusunda görənədək.

Yanımda əyləşib " TikTok"a baxırdı, mənim də gözüm sataşdı və baxmağa başladım. Dostumla hər video gördükcə, "hər ağılda insan var" deyib növbəti paylaşıma keçirdik. Uzun sözün qısası, elə oldu ki, mən də proqramı yükləmək qərarına gəldim və quraşdırdım: sən demə, proqram o qədər də qeyri-ciddi, məsxərəyə qoyulası mahiyyət daşımırmış.

Düzü, yerli istifadəçilərdə çox maraqlı, daha dəqiq desəm, ciddi paylaşım görmədim, amma bir az sonra işin başqa tərəfinin olduğunun fərqinə vardım.

Müxtəlif ölkələrdən olan istifadəçilərin xeyli sayda maraq cəzb edən videopaylaşımları mənə bir neçə nəticə çıxarmağa imkan yaratdı. " TikTok"un reklam üçün ən əlverişli platforma olmasını dəqiq bildim.

Öz əl işinizi, çəkdiyiniz rəsmi, toxuduğunuz əşyanı və digər gördüyünüz işi platformaya yerləşdirərək qısa müddətə mindən çox izləyiciyə çatdıra bilərsiniz . Digər sosial şəbəkələrin reklam bazarındakı qiyməti nəzərə alsaq, " TikTok"un maddi cəhətdən çox əlçatan olmasını söyləyə bilərik.

Bu gün imkansızlıq, işsizlik və digər problemdən şikayətlənməkdənsə, göz önündə olan “TikTok” kimi sadə imkandan yararlanmaq, pul qazanmaq haqqında düşünmək, məncə, daha doğru olardı.

Yazıçı-yumorist Vilhelm Buşun aforizmi yerinə düşür:

"Əksəriyyətin məhəl qoymadığı xırda şeylərə yönələn diqqət, bəzi insanları varlılara çevirmişdir".

Xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm