“TikTok”da keçirilən lotereyalar qanunidirmi? - ŞƏRH
Sosial şəbəkələr bir çox adamın azad və sərbəst şəkildə fəaliyyət göstərdiyi məkan olduğuna görə bəziləri burada lotereya oyunlarını həyata keçirir. Bəziləri isə lotereyanı da qumar zənn edərək bunun qanunla qadağan olduğunu iddia edirlər.
Bəs ölkəmizdə lotereya oyunları ilə bağlı hansı qaydalar sosial şəbəkələri də əhatə edir?
Mövzu ilə əlaqədar hüquqşünas Turan Abdullazadə “MediaPost”a bildirib ki, qanunvericiliyə uyğun təşkil edilən və keçirilən lotereyalar, eləcə də idman mərc oyunları qumar sayılmır:
“Cinayət Məcəlləsinin 244.1-ci maddəsində qeyd olunur ki, “qumar oyunu” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən, mərclər) başa düşülür. Lakin həmin maddədə qeyd edilir ki, “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalara və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir”.
Hüquqşünas qeyd edib ki, “TikTok”da keçirilən lotereyalar qanunsuzdur:
“Azərbaycan Respublikasında lotereyaların təşkili və keçirilməsi 5 mart 2004-cü il tarixli “Lotereyalar haqqında” qanunla müəyyən edilir. Sosial şəbəkələrdə lotereya oyunlarının təşkil edilməsi ilə bağlı “Azərlotereya”dan lisenziya alınmalıdır və bundan sonra qanuni olaraq həyata keçirilə bilər”.