Tıxaclarda qalan sürücülər bu səhvə yol verməməlidir - ŞƏRH
02.03.2020 06:33 Cəmiyyət

Tıxaclarda qalan sürücülər bu səhvə yol verməməlidir - ŞƏRH

Bunu “MediaPost”a açıqlamasında yol-nəqliyyat eksperti Rauf Ağamirzəyev problemli kəsişmələrdə yaranan tıxaclarla bağlı danışarkən deyib. Ekspert bildirib ki, paytaxt yollarının hazırkı quruluşu sürücləri sürəti artırmağa stimullaşdırır:

“Tıxaclara səbəb olan amillərdən biri də yol infrastrukturu ilə bağlıdır. Bəzi yolların həddən artıq geniş olmasına baxmayaraq, yenə də tıxac yaranır. Bu da "butulka effekti"dir. Yəni geniş yol sonda nəqliyyatın axınına təsir edir. Geniş yoldan dar küçələrə keçdikdə sürət azalır və tıxac yaranır. Tıxacda qalan sürücülər isə təbii olaraq aqressiv olur. Yollarımızn dizaynını bir az dəyişdirmək, dünya təcrübəsində olan nümunələri tətbiq etmək, geniş yollarda təhlükəsizlik adacıqlarının quraşdırılması bu aqressiyanın qarşısını alacaq”.

Ekspertin fikrincə, problemli kəsişmələrdə qəzaların qarşısını almaq üçün mərkəzi yerlərdə sürət həddi aşağı endirilməldir:

“Şəhər daxilində yerləşən küçələrdə sürət məhdudiyyəti 50 km/saat-a, insanların daha çox hərəkət etdiyi yerlərdə isə 30 km/saat-a salınmasını təklif edərdim. Sürətin çox olması sonda avtomobil qəzalarının baş verməsinə səbəb ola bilir”.

R.Ağamirzəyev Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bir sıra yol kəsişmələrində tətbiq olunan sarı tor mexanizmindən də bəhs edib:

“BNA-nın sözügedən layihəsi artıq 15 yolda tətbiq olunub və hesab edirəm ki, öz effektiv təsirini göstərib. Sarı kəsişmə torunun mahiyyəti sürücüləri məhz belə tıxanma riski olan kəsişmədə daha diqqətli olmağa və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlamağa sövq etməkdir”.

“MediaPost”

Xəbərlər departamenti

Gündəm