Tobias Bauman: “Almaniya şirkətlərinin Qarabağda işləməyə marağı artır”
30.11.2022 13:26 Gündəm

Tobias Bauman: “Almaniya şirkətlərinin Qarabağda işləməyə marağı artır”

“Almaniya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləməyə marağı artır”.

MediaPost xəbər verir ki, bunu report-a açıqlamasında Alman-Azərbaycan Ticarət Palatasının (“AHK Azərbaycan”) icraçı direktoru Tobias Bauman deyib.

“Şəhərlərin, kəndlərin yenidən qurulmasına marağın artdığını şahidiyik. Üstəlik, Almaniya şirkətləri tərəfindən də memarlıq və tikinti sahəsində işlərə marağı görürük”, - o bildirib.

Onun sözlərinə görə, məktəblərin, evlərin və digər binaların tikintisi “ağıllı həllər” tələb edir və Almaniyada bu prosesə töhfə verə biləcək şirkətlər var.

T.Bauman məlumat verib ki, Qarabağda o qədər də çox Almaniya şirkəti təmsil olunmur, çünki orada bir çox layihələr dövlətə məxsusdur.

O, Almaniya şirkətlərinin iştirakına misal olaraq Azərbaycan-Almaniya birgə müəssisəsi olan “AzVirt” MMC-ni göstərib: “Almaniya texnologiyalarından istifadə edildiyi və almaniyalı səhmdarların olduğu bu Azərbaycan şirkəti “AHK Azərbaycan”ın üzvüdür. “AzVirt” Qarabağın yenidən qurulmasına böyük töhfə verir. Şirkət Füzulidən Şuşa şəhərinə yeni yolun inşasında, həmçinin Füzulidə, Zəngilanda hava limanlarının tikintisində iştirak edib. İndisə o, Laçında hava limanının tikintisində iştirak edir”.

Xəbərlər departamenti

Gündəm