“Toy günümdə həyat yoldaşım məni qoyub qaçdı” - əsrin zəlzələsindən 19 il ötdü
25.11.2019 12:24 Fikirlər

“Toy günümdə həyat yoldaşım məni qoyub qaçdı” - əsrin zəlzələsindən 19 il ötdü

Zəlzələ hamını qorxudur, dəhşəti, uğultusu nəyə desən dəyər. 19 il öncə, 2000-ci il noyabrın 25-də Bakıda son illərin ən yaddaqalan zəlzələsi baş verib. Uzun müddət bu təbii hadisə ilə qarşılaşmayan paytaxt sakinləri, sözün əsl mənasında qorxulu anlar yaşayıblar.

Zəlzələnin episentri Xəzərdə olsa da, Bakıda 6,8 bal gücündə hiss olunub. Təkanlar iki dəfə dalğavarı olmaqla 22 saniyə çəkib. Axşam 21.30 baş verən zəlzələdən sonra Bakı sakinləri küçələrə axışıb gecəni açıq səma altında keçirməyə məcbur olublar.

Zəlzələ bitən kimi şəhərdən kəndlərə bir axın da başlayıb. Bina evində yatmağa risk etməyən insanlar maşınlara minərək bağ evlərinə, qohum-əqrəbanın həyət evlərinə üz tutublar. Şəhərdə bir neçə gün həyat sanki ölüb.

Yaxşı yadımdadır, Bilgəhdəki bağ evində çilçırağın silkələnməsindən sonra hamılıqla həyətə çıxmalı olduq. Bir qədər silkələdi, sonra sakitləşdi. Qayıtdıq evə. Yorğun idik deyə, elə başımızı atıb yatdıq. Gecə şəhərdə olan qohumlarımız gəldi. Şəhərdə qalmaqdan çəkinib kənarda gecələməyə qərar vermişdilər. Samovar qaynadıb çaydan içdik, televizora baxdıq. Vəziyyətin nə qədər dramatik olduğunu yalnız onda anladım.

Zəlzələ şəhərin köhnə tikililərinə bir xeyli ziyan da vurmuşdu. Vikipediyanın məlumatına görə, 30 nəfər tələfat da qeydə alınıb. Köhnə “Sovetski” deyilən məkanda, İçərişəhərdə bir xeyli evdə çat əmələ gəlmişdi. O dövrdə hətta zəlzələnin fəsadını aradan qaldırmaq üçün xüsusi komissiya da yaradıldı. Bəzi sakinlərin mənzilləri dövlət hesabına təmir də edildi.

O dəhşəti, qorxunu gərək yaşayasan, duyasan. Görməyən, bilməz, anlamaz. O günü yumor hissi ilə, bəzən isə dəhşətli yuxu kimi xatırlayan insan da az deyil. Sosial mediada bəzi maraqlı statusları topladım.

“19 il öncə həyatımda rastlaşdığım ən güclü zəlzələ baş verib. Mən o qarışıqlığın canlı şahidi olmuşam. Toy günümdə yanımda əyləşən həyat yoldaşım məni qoyub qaçdı”.

“Doğum evində idim. 4 gün öncə dünyaya övlad gətirmişdim. Bəzi analar isə uşaqları atıb qaçdılar”.

“Həmin gün bizim akvariumdakı balıqlar bir sıraya üzüaşağı düzülmüşdülər. Gözəl görünürdü. Elə ki ev silkələnməyə başladı, akvariumdan suyun yarısı yerə dağıldı”.

“Tələbə idim, xalamgildə 9-cu mərtəbədə qalırdım. 3 yaşlı uşağı götürüb pilləkənlə aşağı qaçmalı oldum”.

“Mənim həyat yoldaşım Suraxanıda doğum evində idi. Qızım iki gün idi ki anadan olmuşdu. Zəlzələ zamanı tibb bacısı hamını çölə çıxmağa çağırdı. Yoldaşım uşağı götürüb qaçdı. Geri dönərkən yatağında tavandan malanın böyük bir hissəsinin töküldüyünün şahidi oldu. Mən isə evimin 7-ci mərtəbəsindən düşürdüm. 4-cü mərtəbədə kiçik yaşlı 2 əkiz bacını gördüm. Onlar büzüşüb ağlayırdılar. Valideynləri və nənəsi uşaqları atıb getmişdilər. Onları qucağıma alıb aşağı düşürtdüm. Yoldaşımın və bu bacıların əhvalatını ömrün boyu unutmaram”.

Zəlzələnin dəhşətini yaşayasan gərək. İnsanın kimliyi məhz bu anda aşkarlanır. Gündəlik həyatda özünü igid kimi qələmə verən birisi qorxusundan doğma balasını belə atıb gedə bilər. Qorxudan özünü pəncərədən atan, evin küncünə sıxılan, ateist olduğunu unudub Allaha yalvaran insanların sayı-hesabı bilinməz zəlzələ zamanı. Uğultusu isə həssas insanlarda bir sıra xroniki problemləri də kəskinləşdirər.

Həmin gündən 19 il ötdü, Allah eləsin, 119 il də ötsün, uzaq xatirəyə çevrilsin, bir də təkrarlanmasın. Tanrı bizi doğma balasını atıb getmək kimi bir imtahana çəkməsin

Xəbərlər departamenti

Gündəm