Tramp ÜTT-nin qarşısını kəsib: böhran hansı ölkələri vuracaq?
06.01.2020 10:30 Fikirlər

Tramp ÜTT-nin qarşısını kəsib: böhran hansı ölkələri vuracaq?

Ölkələr arasında ticarət münasibətlərini tənzimləyən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) yaranmasından 25 il ötür. Təəssüf ki, təşkilat bu əlamətdar tarixi adı ətrafında yaranan mübahisələr və iqtisadi güclərin ticarət savaşı fonunda qarşıladı.

25 MİLYARDIN TALEYİ TƏHLÜKƏDƏ!

"MediaPost" xəbər verir ki, hazırda Ümumdünya Ticarət Təşkilatı tarixinin ən ciddi böhranı ilə üz-üzədir. Bunun səbəbi ABŞ-ın bu qurumu ticarət mübahisələrində arbitr funksiyasından məhrum etməsidir. Tramp ABŞ-ı bu təşkilatdan çıxara bilməz. Bunun üçün Konqresin qərarı olmalıdır. Bunun əvəzinə o, düz 2 ildir ki, təşkilatın daimi apellyasiya orqanı olan ÜTT Arbitraj Məhkəməsinə hakimlərin təyin edilməsi prosedurunu bloklayır.

Ötən il dekabrın 10-da qurumun 3 üzvündən ikisinin sonuncu səlahiyyət müddəti başa çatdı. Bu, məhkəmənin fəaliyyətinin bloklanması demək idi. Yəni həmin tarixdən sonra ÜTT-nin apellyasiya orqanı kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək, qaydaları pozanları mühakimə etmək imkanından məhrum olundu. İldə 25 trilyon dolları ötən qlobal mal və xidmətlər ticarətində hər şey xaosa hazırdır...

Bir il əvvəl - 2019-cu ilin yanvarında Vaşinqton ÜTT-nin apellyasiya orqanı və üzvlərin bir an əvvəl seçilməsi ilə bağlı müraciətini rədd etdi. Hakim olmadığı təqdirdə isə istənilən mübahisə ticarət savaşına apara bilər. Bundan ən çox uduzanlar kasıb ölkələr olacaq. Ticarətin azalması iqtisadi artımı yavaşladır, devalvasiya və işsizliyə gətirib çıxarır.

Tramp ÜTT-nin qarşısını kəsib: böhran hansı ölkələri vuracaq?

TRAMP NƏDƏN NARAZIDIR?

Təhlükəni aradan qaldırmaq üçün sonuncu dünya savaşından sonra dünya ticarət təşkilatlarının (əvvəlcə Tariflər və Ticarət haqqında Baş Saziş, sonra ÜTT) yaradılmasına qərar verildi. Bunlar da tədricən maneələri aradan qaldırdılar.

Böyük və zəngin ölkələr kiçik və inkişaf etməkdə olan ölkələr arasında rəqabət şərtləri müəyyən edildi. Bu isə "Əvvəlcə Amrika!" şüarını əsas tutan Trampın xoşuna gəlmir. ABŞ dünyanın ən zəngin ölkəsi olduğundan, istənilən beynəlxalq qurumdan böyük güzəşt gözləyir.

Tramp Ümumdünya Ticarət Təşkilatını bundan əvvəl də sərt tənqid etmiş, hətta qurumdan çıxacaqları ilə hədələmişdi. Trampı narazı salan həm də odur ki, ÜTT ticarət mübahisələrində tez-tez Çinin və ABŞ-ın digər rəqiblərinin maraqlarına uyğun hərəkət edir.

Əslində, Vaşinqtonla ÜTT arasında fikir ayrılığı uzun müddətdən bəri var. Birləşmiş Ştatları təşkilatın Arbitraj Məhkəməsinin faəliyyəti də qane etmir. Tramp bu instansiyanı öz səlahiyyətlərini aşmaqda ittiham edir.

Tramp ÜTT-nin qarşısını kəsib: böhran hansı ölkələri vuracaq?

Vaşinqtonda, xüsusən ona diqqət çəkirlər ki, hakimlər ÜTT üzvü olan ölkələrlə razılaşmadan ticarət qanunlarını genişləndiriblər. Tramp onu da xatırladır ki, ABŞ bu məhkəmə instansiyasının baxdığı mübahisəli işlərin demək olar ki, hamısını uduzub.

Ağ Evin rəhbəri deyir ki, Birləşmiş Ştatların konstitusiyasına görə heç bir beynəlxalq məhkəmə Amerika məhkəməsini əvəz edə bilməz. Vaşinqton ondan da narazıdır ki, ÜTT Arbitraj Məhkəməsinin hakimləri çox yüksək maaş alırlar və burada məhkəmə çəkişmələri çox uzun çəkir.

ABŞ ticarət təşkilatının gələn il üçün büdcəsinin qəbuluna maneə törədəciyini də bildirib.

ÜTT-nin Daimi Apellyasiya orqanını tez-tez beynəlxalq ticarət işlərində ən yüksək məhkəmə adlandırırlar. ÜTT-nin hər bir üzvü hüquq və mənafeləri pozulduğu təqdirdə bu məhkəməyə müraciət edə bilər. Beləliklə, iqtisadi cəhətdən zəif ölkələrin də ticarət mübahisələrində öz haqlarını müdafiə etmək şansı yaranır.

Tramp ÜTT-nin qarşısını kəsib: böhran hansı ölkələri vuracaq?

ABŞ HANSI ALTERNATİVİ TƏKLİF EDİR?

Donald Tramp ikitərəfli ticarət sazişlərinin bağlanmasının ABŞ-ın milli maraqlarına ÜTT qaydaları və şərtlərindən daha çox uyğun olduğunu düşünür.

Münhendəki İFO İqtisadi Tədqiqatlar İnstitutunun mütəxəssisi Martin Bramlın sözlərinə görə, ABŞ beynəlxalq qaydalara əməl etməkdən daha çox hakimiyyət uğrunda mübarizədə maraqlıdır.

Braml deyir ki, ABŞ və ÜTT arasındakı bu qarşıdurmanın nə qədər davam edəcəyi barədə dəqiq proqnoz vermək çətindir: "Daimi apellyasiya orqanı bir neçə ay ərzində bloklana bilər. Hakimlər hazırkı işləri tamamlaya biləcəklər. Lakin məcburi fasilə səbəbindən baxılmayan işlərin sayı artacaq".

Məsələnin başqa mənfi tərəfləri də var. Ölkələr cərimə və ya digər cəza ilə üzləşməyəcəklərinə arxayın olub, ÜTT qaydalarına məhəl qoymamağa başlayacaqlar. Bu isə yaxşı nəticə vəd etmir.

Arbitraj Məhkəməsi ətrafındakı böhrana baxmayaraq, ÜTT üzvü olan ölkələr yenə də məhkəməyə şikayət edə biləcəklər. Lakin qəbul edilən qərarlardan narazı olan ölkələr ÜTT-nin faktiki olaraq yararsız apellyasiya orqanına şikayət etməklə həmin qərarların qüvvəyə minməsini uzada bilərlər.

Tramp ÜTT-nin qarşısını kəsib: böhran hansı ölkələri vuracaq?

ÜTT-nin tarixi...

Rəsmən 1995-ci ilin 1 yanvarında qurulan Ümumdünya Ticarət Təşkilatı 1947-ci ildə əksər inkişaf etmiş ölkələr tərəfindən bağlanmış və təsdiqlənmiş Tariflər və Ticarət haqqında Baş Sazişin davamçısı hesab olunur. ÜTT beynəlxalq ticarətin liberallaşdırılması üçün yaradılan beynəlxalq təşkilatdır. Baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir, baş direktoru Roberto Azevedodur.

ÜTT-nin əsas məqsədi beynəlxalq ticarəti liberallaşdırmaq və ədalətli rəqabət şərtlərini təmin etməkdir. Bir növ, təşkilat ticarət mübahisələrinin həll olunduğu danışıqlar platformasıdır.

ÜTT ticarət sazişlərinin yerinə yetirilməsinə, üzv ölkələrin ticarət siyasətinə nəzarət edir, maneələrin aradan qaldırılmasına, öhdəliklərin azaldılmasına kömək edir, ətraf mühitə və əhalinin sağlamlığına təhlükə olduğu halda məhdudiyyətlər tətbiq edir.

ÜTT-də 164 ölkə iştirak edir. Ümumi beynəlxalq ticarət dövriyyəsinin 98 faizi bu ölkələrinə payına düşür. Bundan başqa, 23 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir.

PRİNSİPLƏRİ...

Ümumdünya Ticarət Təşkilatının əsas prinsipləri bunlardır:

- Ayrıseçkiliyə yol verməmək. İştirakçı ölkələrin qanunvericiliyi özünün və xarici ölkələrin məhsulları, mal və ya xidmətləri arasında fərq qoymamalıdır;

- Açıqlıq. ÜTT üzvləri gömrük rüsumları, birbaşa və dolayı vergilər kimi maneələri azaltmaq üçün səy göstərməlidir;

- Uzaqgörənlik və şəffaflıq. Xarici şirkətlər, investorlar və hökumətlər ticarət məhdudiyyətlərinin anidən tətbiq olunmayacağına əmin olmalıdırlar;

- Qiymətlərin dürüst şəkildə müəyyənləşdirilməsinə əsaslanan azad rəqabət. Mal və xidmətlərin maya dəyərindən aşağı satılmasına qadağa;

- İnkişaf etməkdə olan ölkələrə bəzi üstünlüklər və xüsusi imtiyazlar. ÜTT təşkilatın qaydalarına riayət etmək üçün onlara müəyyən vaxt verir.

Ətraf mühitin qorunması. ÜTT müqavilələri təkcə təbiəti mühafizə tədbirlərini tənzimləmir, eyni zamanda insanların, heyvanların və bitkilərin sağlamlığı kimi məsələləri də diqqətdə saxlayır.

Tramp ÜTT-nin qarşısını kəsib: böhran hansı ölkələri vuracaq?

FUNKSİYALARI...

ÜTT-nin ən vacib funksiyaları bunlardır:

- Uruqvay Raundu nəticəsində formalaşmış Sazişlər Paketi əsasında üzv ölkələr arasında ticari-iqtisadi münasibətləri tənzimlənmək.

- Maraqlı üzv ölkələr arasında çoxtərəfli ticarət danışıqları və məsləhətləşmələr aparmaq;

- Ticarət mübahisələrinin həlli;

- Üzv ölkələrin milli ticarət siyasətinin monitorinqi;

- ÜTT-nin səlahiyyətlərinə aid məsələlərdə inkişaf etməkdə olan ölkələrə texniki yardım;

- Beynəlxalq ixtisaslaşmış təşkilatlarla əməkdaşlıq.

Bir qayda olaraq, qərarlar bütün üzvlər tərəfindən konsensus yolu ilə qəbul edilir. Majoritar səsvermə də mümkündür, lakin bu hələ ÜTT-də tətbiq edilməyib. Qəbul olunan qərarlar bütün ölkələrin parlamentlərində təsdiq olunmalıdır.

ÜTT-nin ali idarəetmə orqanı ən azı 2 ildə bir dəfə toplanan Nazirlər Konfransıdır. Bütün üzv ölkələrin təmsil olunduğu Nazirlər Konfransı Uruqvay Raundu Sazişləri ilə bağlı yaranan problemlərin müzakirəsinə və prinsipial məsələlər üzrə qərarların qəbuluna məsuldur.

Bir pillə aşağıda ildə bir neçə dəfə Cenevrədə toplanan Baş Şura gəlir. Baş Şura eyni zamanda, ticarət siyasətinə nəzarət edən və mübahisələri nizamlayan orqandır.

Daha sonra ardıcıllıqla Baş Şuraya tabe olan Əmtəə Şurası, Xidmətlərlə Ticarət üzrə Şura və Əqli Mülkiyyət Şurası gəlir.

ÜTT-də həmçinin sazişlər, ətraf mühit, inkişaf, üzvlük müraciətlərinə baxılması və regional ticarət sazişləri kimi, sahələrlə məşğul olan çoxsaylı ixtisaslaşmış komitə və işçi qrupları da fəaliyyət göstərir...

Tərcümə "MediaPost"-a məxsusdur



Xəbərlər departamenti

Gündəm