Trampa zəhərli bağlama göndərildi
21.09.2020 09:41 Dünya

Trampa zəhərli bağlama göndərildi

Ötən gün ABŞ prezidenti Donald Trampın adına paytaxt Vaşinqtondakı Ağ Evə içində ölümcül dərəcədə zəhərli "risin" maddəsi olan bağlama göndərilib.

"MediaPost" xəbər verir ki, bağlama Ağ Evə çatmadan təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib və maddənin "risin" olduğunu təsdiqləmək üçün iki dəfə test edildiyi bildirilib.

Federal Təhqiqatlar Bürosu tərəfindən aparılan araşdırma nəticəsində bağlamanın Kanadadan göndərildiyi müəyyən edilib. Bu səbəblə FTB Kanada polisi ilə əlaqə quraraq istintaqa daxil olmalarını tələb edib.

Qeyd edilib ki, hadisədə şübhəli bilinən qadın Kanadadan ABŞ-a keçmək istəyərkən ABŞ Gömrük və Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həbs olunub.

Faktla bağlı istintaq davam edir.

Qeyd edək ki, "risin" maddəsi əvvəllər də Ağ Evə və digər federal binalara göndərilib. 2014-cü ildə Mississipi vətəndaşı olan şəxs Barak Obama və digər rəsmilərə "risin" tozlu məktublar göndərdiyi üçün 25 il müddətinə azadlıqdan məhrum edilib.

 

Anara Mikail

Gündəm