Trampın gedişi təsdiqlənərsə, siyasi arenada nələr baş verə bilər? - ŞƏRH
19.12.2019 09:11 Fikirlər

Trampın gedişi təsdiqlənərsə, siyasi arenada nələr baş verə bilər? - ŞƏRH

Hakimiyyətə gəldiyi gündən bəri ABŞ prezidenti Donald Tramp ətrafında söz-söhbətlər səngimək bilmir.

Onun impiçment məsələsi isə yeni fikir sayılmaz. ABŞ rəhbərliyinə keçdiyi güdən bəri Trampın Konqreslə daban-dabana zidd addımları onun haqda söylənən fikirləri dəyişdirməyə başladı.

Trampa qarşı ilk neqativ münasibət isə Lavrovla görüşü zamanı dövlət sirri sayılan məlumatları açıqlaması olub. Bundan başlayaraq Tramp ətrafında impiçment qərarı uzun zamandır müzakirə olunsa da, ilk ciddi addımlar bu son günlərdə atılıb.

Bəs bu qərarın təsdiqlənməsi nə qədər realdır? Təsdiqlənəcəyi təqdirdə Amerikanı nələr gözləyəcək?

Mövzu ilə bağlı Mediapost.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Amerikanın daxilində bu cür proseslərin getməsi, burada siyasi həyatın kifayət qədər demokratikləşməsinin göstəricisidir:

“Trampın impiçment məsələsi bütün dünyanın gündəmini zəbt edib. Amerika Konqresində respublikaçılar və demokratlar arasında Trampın seçilməsindən sonra uzun müddət davam edən müzakirələr, fikir ayrılıqlarının müəyyən məsələlər ətrafında pik həddə çatdığını müşahidə edirik.

Trampın gedişi təsdiqlənərsə, siyasi arenada nələr baş verə bilər? - ŞƏRH

Respublikaçılar partiyasının nümayəndələrinin heç bir fikrini nəzərə almadan demokratlar impiçment məsələsini Konqresin Nümayəndələr Palatasında qaldırdılar. Müzakirələrdən sonra səsvermə nəticəsində Trampın impiçment məsələsi səsvermənin ardınca lehinə həll olundu. Prosedur qaydalarına görə, növbəti mərhələ Senatda baxılacaq. Qeyd etmək istəyirəm ki, 2020-ci ildə ABŞ prezidentinə növbəti seçkilər keçiriləcək və demokratların əsas arzusu seçkiyə qədər Trampı impiçment ilə yola salmaqdır. Biz bilirik ki, dünya praktikasında impiçment ilə prezidentlərin istefaya göndərilməsi, hətta bəzi hallarda onlara qarşı cinayət işinin açılması kimi halları müşahidə etmişik”.

Politoloq ABŞ prezidentinin günahlandırıldığı məsələlərə də aydınlıq gətirib:

“Əsas iddia kimi Konqresi saymamaq, bu qurumla hesablaşmamaq, onun fikirlərini nəzərə almamaq və öz vəzifələrindən sui-istifadə etmək olduğu bildirilib. Biz hələ ki bu ittihamların nə qədər reallığı əks etdiyini deyə bilmərik. Çünki Tramp bir qədər aqressiv prezidentdir, amma mən qeyd edərdim ki, onun administrasiyasında toplanan insanlar çox peşəkardırlar. Trampın bu qədər siyasətdən kənar bir şəxs olması fonunda bu insanlar ABŞ-ın İcra Hakimiyyətini kifayət qədər uğurlu idarə edirlər. Lakin belə bir məqamda demokratların bu cür çıxış etməsi elə bil ki, sonuncu hayqırtı kimidir. İndiyədək demokratlar hakimiyyətdə olublar və onların hakimiyyəti zamanı biz ABŞ-ın dünyanın müxtəlif yerlərində hərbi müdaxilələrini müşahidə etmişik. Tramp hakimiyyətə gəldikdə isə daha çox müharibə tərəfdarı olmadığını vurğulamışdı. O, öz sözünün üstündə durmağı bacardı, biz artıq kütləvi hal alan müharibələri müşahidə etmirik. Tramp daha çox ABŞ iqtisadiyyatını dirçəltmək, dolları daha da möhkəmləndirməyə çalışır. Onu da uğurla həyata keçirir. Ona görə, bu demokratları narahat edir. Onlar tam əmindirlər ki, növbəti seçkilərdə Tramp qalib gələcək. Əhali ona etimad göstərəcək, çünki başladığı istahatların davamı gətirilməlidir”.

İlyas Hüseynov onu da əlavə edib ki, ABŞ tarixində belə bir hal iki dəfə müşahidə olunub:

“Trampın impiçment qaydasında vəzifədən kənarlaşdırılması məsələsinə gəlincə, inanıram ki, daha böyük bir biabırçılıq olmadan, Senat bu məsələni təsdiqləməyəcək. Əgər Senatda bu, öz təsdiqini taparsa, ABŞ Ali Məhkəməsi məsələyə baxmalı olacaq. ABŞ-ın prezidentlər tarixinə nəzər salsaq, qeyd edə bilərik ki, iki dəfə belə bir hal yaşanıb. Endru Conson və Bill Klinton Nümayəndələr Palatasında Trampda olduğu kimi səs çoxluğu qazanıb, lakin Senatda həmin nəticələr keçməyib. Riçard Nikson isə impiçmentə qədər özü öz səlahiyyətlərinin xitam verilməsi ilə bağlı müraciət edib, o cümlədən istefa ərizəsini yazıb. Trampla demokratların şəxsi mövqeyi arasında böyük ayrıseçkiliklər var, buna görə də dünyanın diqqət mərkəzini zəbt edən bir məsələyə çevrilib”.

Xəbərlər departamenti

Gündəm