Türk dünyasının iqtisadiyyatı üçün önəmli hadisə: Azərbaycan-Naxçıvan yolu - ŞƏRH
10.11.2020 15:07 İnfrastruktur Fikirlər

Türk dünyasının iqtisadiyyatı üçün önəmli hadisə: Azərbaycan-Naxçıvan yolu - ŞƏRH

Bu gün bütün Azərbaycan xalqı qələbə sevincini yaşayır. Ermənistanın təslim olması ilə nəticələnən bəyanatın rəsmi şəkildə elan edilməsinin ardından Azərbaycan xalqı 30 ilə yaxın müddətdən sonra əzəli torpaqlarına qayıdacaq.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bəyanatı açıqlandı. 

Həmin bəyanatda xüsusi bir məqam da var idi ki, bu, tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi ilə bağlıdır.

Bu, sözsüz ki, Naxçıvanın blokadadan çıxarılması, Azərbaycanın nəqliyyat sektorunun inkişafı, tranzit imkanlarının və ölkəmizdən keçən nəqliyyat dəhlizlərinin potensialının genişləndirilməsi üçün xüsusi önəm daşıyır. 

Milli Məclisin deputataı Vahid Əhmədov “MediaPost”a açıqlamasında bildirib ki, bu, tarixi bir sazişdir və Ermənistan dövlətinin kapitulyasiyasıdır:

“Burada ciddi məqamlardan biri Azərbaycan və Naxçıvan arasında yolların açılması və əlavə yolların tikilməsi ilə əlaqədar bəndlərin salınmasıdır. Bu, bizim üçün çox böyük iqtisadi əhəmiyyət kəsb edir. Belə ki, bizim Naxçıvan vasitəsilə Türkiyəyə birbaşa çıxışımız təmin olunacaq və Naxçıvan-Türkiyə-Azərbaycan əlaqələri daha da güclənəcək. Həm Türkiyə, həm də Azərbaycan dövləti bu yolun açılması üçün çoxdandır çalışırdılar. Çox minnətdaram ki, cənab Prezident belə bir bəndin məhz həmin bəyanata salınmasına nail olub. Bu, Azərbaycan iqtisadiyyatının inkişafı üçün xüsusi önəm daşıyır”. 

Millət vəkili bildirib ki, müharibənin belə başa çatması, bütün türk dünyası üçün böyük əhəmiyyətə malikdir:

“Ümumilikdə, Orta Asiyadan bizim dəmiryolu, borukəmərləri vasitəsilə neft-qaz məhsullarının, yüklərin Avropaya çıxarılması çox vacib məsələlərdən biridir və türk dünyasının iqtisadiyyatına da müsbət təsir göstərəcək”.

Türkiyə Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin (TBND) Strategiya və biznesin inkişafı departamentinin rəhbəri, nəqliyyat üzrə ekspert Fatih Şener  “MediaPost”a bildirdi ki, razılaşmadakı bu məqamın tranzit əlaqələrinə və region iqtisadiyyatına önəmli təsirləri olacaq:

“Xüsusən, bəyanatda tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi ilə bağlı bənd tarixi bir açılışdır. Bildiyiniz kimi, Azərbaycanın Ələt limanına və nəqliyyat xətlərinə etdiyi investisiyalardan sonra Azərbaycanın Orta Asiya və Çindən qərb istiqamətində yükdaşımalarında önəmli tranzit mövqeyi artdı. Lakin dünya iqtisadiyyatında dalğalanmalar bu tranzit xəttin potensial imkanlarından kifayət qədər istifadəyə mənfi təsir göstərdi. İndi Naxçıvan üzərindən Azərbaycanın birbaşa olaraq Türkiyəyə bağlanmasının tarixi önəmi var. Bu zaman məsafə bəlkə də, 500 km-ə yaxın qısalacaq. Bu, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin xərclərini də azaldacaq. Xərclər azalarsa, logistik olaraq asan və az xərcli yol seçiləcək və bu, nəqliyyat dəhlizinin cəlbediciliyini artıracaq”. 

Ekspert bildirir ki, avtomobil yolları ilə də Türkiyənin hər il 50-60 min nəqliyyat vasitəsi Gürcüstan vasitəsilə Azərbaycana, oradan Orta Asiyaya gedirdi:

“Bununla bağlı da Türkiyə bir sıra tranzit çətinliklər yaşayır və ciddi xərclər yaranırdı. Naxçıvan üzərindən Azərbaycanla əlaqələr Gürcüstan üzərindən əlaqələrdən daha asan olacaq. Türkiyə və Azərbaycan bu döyüşlərdə birlikdən necə qüvvət doğduğunu göstərdilər. İqtisadi olaraq da birləşdikdə başqa bir Azərbaycan, başqa bir Türkiyə olacağına inanırıq. Eləcə də, SOCAR-ın Türkiyəyə son illərdə etdiyi investisiyalar, enerji xətləri və bu kimi yatırımlar xüsusi əhəmiyyət daşıyır”. 

Xatırladaq ki, vaxtilə Azərbaycanın qərb bölgəsini Naxçıvanla bağlayan əsas nəqliyyat xətlərindən biri Mincivan-Culfa dəmir yolu xətti olub. Belə ki, Azərbaycanın işğaldan azad olunan Zəngilan rayonunda yerləşən Mincivan stansiyasında vaxtilə Culfa-Horadiz-Sarıcalar-Osmanlı dəmiryol xətti keçib. Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində yerləşən Culfa stansiyası isə 1900-1905-ci illər ərzində inşa edilib və 1908-ci ildən istifadəyə verilib. Həmin stansiyadan isə 1908-ci ildən Uluxanlı-Culfa, 1915-ci ildən Təbriz-Culfa, 1941-ci ildən isə Mincivan-Culfa xətləri üzərində fəaliyyət göstərib.

Lakin Ermənistanın hərbi təcavüzü nəticəsində 1991-ci ildən stansiya fəaliyyətini məcburi olaraq dayandırıb. Hazırda Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edən Füzuli rayonunun Horadiz stansiyası İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttindədir.

Bu razılaşmanın ardından ən arzuolunan hadisələrdən biri də Naxçıvana nəqliyyat xəttinin və Mincivan-Culfa dəmir yolu xəttinin tezliklə bərpa olunmasıdır. Bu, həm illərdir blokada şəraitində olan Naxçıvanı blokadadan çıxaracaq, həm də Türkiyə ilə birbaşa quru yolunu təmin edəcək. Xatırladaq ki, bu günə qədər Azərbaycan ilə Türkiyə arasında birbaşa dəmir yolunun çəkilməsi ilə bağlı Qars-İğdır-Sədərək-Naxçıvan dəmir yolunun tikintisi layihəsi də müzakirə olunurdu.

Biz də Müzəffər Ali Baş Komandanımız və şanlı ordumuz sayəsində Naxçıvana yolun bərpa olunacağı tarixi günə yaxınıq.

Könül Vəliyeva

Gündəm