Türkiyə-ABŞ münasibətlərində sülh əlini kim uzadacaq? - ŞƏRH
17.12.2019 14:04 Fikirlər

Türkiyə-ABŞ münasibətlərində sülh əlini kim uzadacaq? - ŞƏRH

Uzun müddətdir soyumayan Türkiyə və ABŞ münasibətləri qarşılıqlı təhdidlər nəticəsində daha da qızışır.

Senatın qondarma erməni soyqırımını tanımasından sonra Xarici Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiya tətbiqinə dair qanun layihəsini qəbul etməyə hazırlaşdıqlarını bildirib. ABŞ-ın bu cür təhdidlərindən sonra Ərdoğan NATO-nun Türkiyədəki hərbi bazalarını bağlayacaqları barədə Amerikaya xəbərdalıq edib.

Türkiyə və ABŞ arasındakı gərginlik nə qədər davam edə bilər? Sülh əlini ilk kim uzadacaq?

Bu barədə Mediapost.az-a açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, qondarma erməni soyqırımının Senat tərəfindən tanınması Türkiyə üçün yeni təhdid mesajı deməkdir:

“Daha öncə Konqresin Nümayəndələr Palatasında da bu cür qətnamə qəbul olunmuşdu, lakin ABŞ prezident administrasiyasından gələn təlimatlar və yaxud açıq bəyanatlar fonunda qətnamənin Senatda müzakirəyə çıxarılması və qəbul olunmasına qarşı ciddi etirazlar olmuşdu.

Türkiyə-ABŞ münasibətlərində sülh əlini kim uzadacaq? - ŞƏRH

Lakin gözlənilmədən ABŞ Senatı da qondarma erməni soyqırımı qətnaməsini qəbul etdi. İndi əsas məsələ qəbul olunmuş sənədin ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmasıdır. Təbii ki, ermənilər bu məsələdə bir alət kimi istifadə olunurlar. Bildiyiniz kimi ABŞ-da erməni diasporası çox güclüdür. Çünki ermənilər və erməni diasporu Amerikada müxtəlif vəzifələrdə təmsil olunurlar, onlar arasında məşhur iş adamları da var, dövlətə vergi ödəyirlər”.

Politoloq son günlərin ABŞ üçün heç də asan keçməyəcəyini, ölkə daxilində yeni gərginliklərin yaşanacağını qeyd edib:

“Son günlərdə ABŞ-ın daxili siyasi həyatında müəyyəntransformasiyalar baş verir. Məlumdur ki, Trampın impiçment məsələsi gündəmdədir. Burada demokratlarla respublikaçılar arsında da gərgin mübarizə gedir. Bu mənzərədən sonra biz rahatlıqla deyə bilərik ki, 2020-ci ildə ABŞ-ın daxili həyatında müəyyən gərginlik hökm sürəcək. Növbəti il ABŞ-da seçki ərəfəsində müəyyən kampaniyalar keçiriləcək. Bu kampaniyalar çərçivəsində də bir çox alətlər var ki, onlardan istifadə olunur. Təəssüflər olsun ki, “erməni soyqırım”ı məsələsi ABŞ Senatında səsə qoyuldu və səsvermədən keçdi. Hətta Nikol Paşinyan 2020-ci ilin büdcə müzakirələrində ABŞ-a və erməni diasporuna öz təşəkkürünü bildirdi.Lakin unutmaq olmaz ki, burada əsas məsələ Trampın bunu imzalayıb-imzalamayacağı məsələsidir. Ermənistan ictimaiyyətində belə bir fikir formalaşıb ki, növbəti il aprel ayında soyqırımın ildönümü ərəfəsində ABŞ prezidenti ənənəvi çıxışı zamanı soyqırım ifadəsini səsləndirə bilər. Amma hüquqi tərəfdən qətnaməyə nəzər saldıqda deyə bilərik ki, əslində, elə də ciddi bir sənəd deyil. Heç bir inzibati resurslara əl atılması, nəyəsə məcbur edilməsi, Türkiyədən nəsə tələb olunmasını nəzərdə tutmayan bir qətnamə. Amma istənilən halda Türkiyəyə qarşı siyasi təzyiq formalarından biridir. İqtisadi təzyiqlər, sanksiyalarla yanaşı, siyasi təzyiq alətidir”.

İ.Hüseynov geriyə addımın ilk kimin tərəfindən atılacağı məsələsinə də aydınlıq gətirib:

“Burada hansı tərəfin geri addım atıb-atmayacağı məsləsində deyə bilərəm ki, Türkiyə artıq xarici və daxili siyasətindəki istiqamətini müəyyənləşdirib. Hadisələrin bu həddə gəlib çıxmasında ən böyük səbəb Türkiyənin Rusiyadan S-400 raketlərini alması oldu. Türkiyənin İncirlik və Kürəcik bazalarından NATO-nun çıxması, ümumiyyətlə, Türkiyənin NATO-dan uzaqlaşması məsələləri ara-sıra gündəmə gəlir. Amma düşünürəm ki, Türkiyə NATO-nun sadiq müttəfiqidir və Avropada böyük NATO kontingenti burada yerləşir. Mənə elə gəlir ki, NATO və Alyans münasibətlərinə bu qətnamə təsir etməyəcək. Çünki qətnamənin hüquqi yükü elə də böyük deyil”.

Xəbərlər departamenti

Gündəm