Türkiyə gündəminin iki əsas mövzusu: Hərbi əməliyyat və böyük layihə
26.12.2019 13:24 Fikirlər

Türkiyə gündəminin iki əsas mövzusu: Hərbi əməliyyat və böyük layihə

"Liviya hökuməti Türkiyədən hərbi dəstək istəyir, əks halda müxalif general Xaftar paytaxt Tripolini ələ keçirəcək. Xaftarı rəsmi və qeyri-rəsmi dəstəkləyən dövlətlər var. Xaftar Liviyanın tamamına nəzarəti əlinə keçirsə, bu dövlət bölgədə formalaşan anti-Türkiyə blokuna qoşulacaq".

"MediaPost" xəbər verir ki, bunu Türkiyə siyasi gündəminin əsas mövzusundan bəhs edərkən politoloq Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyaya əsgər göndərməkdə tələsir: "Cümhuriyyət Xalq Partiyası (CHP - "MediaPost") bunun əleyhinədir. “Biz Liviyanın daxili işlərinə qarışmamalıyıq” prinsipindən çıxış edən CHP-yə Ərdoğan belə cavab verib ki, vaxtilə böyük Atatürk də Liviyada xidmət keçib. Ancaq Atatürk Osmanlı imperiyasının dövründə Liviyada xidmət keçib, cümhuriyyət qurulduqdan sonra xarici və təhlükəsizlik siyasət dəyişib".

“Kanal İstanbul” ideyasının Ərdoğana məxsus olduğunu deyən politoloq bildirib ki, yeni kanal Bosfor və Dardanel boğazlarının yükünü azaltmalıdır: "Yeni kanalın ətrafında yaşayış yerləri də tikiləcək. Buna qarşı da güclü müxalif fikir formalaşır. Birincisi, deyirlər ki, iqtisadi durum Türkiyəyə meqa layihəyə böyük xərclər tökməyə imkan vermir. İkincisi, yeni kanalın ekoloji zərərləri hesablanmayıb. Üçüncüsü, Süveyş və Panama kanallarından fərqli olaraq “Kanal İstanbul” gəmilər üçün məsafəni qısaltmayacaq. İstanbulun bələdiyyə başçısı Əkrəm İmamoğlu da yeni kanal tikintisinin əleyhinədir. Ərdoğan buna belə cavab verir: “Bu bələdiyyə deyil, dövlət layihəsidir”. Yəni Ərdoğan İmamoğluna demək istəyir ki, başından böyük işlərlə məşğul olma!"

E.Şahinoğlu hesab edir ki, Ərdoğan həm Liviyaya əsgər göndərmək, həm də “Kanal İstanbul” məsələsində haqlı olduğunu sübut etmək məcburiyyətindədir: "Çünki Liviyada Xaftar hərbi əməliyyatlarını uğurla davam etdirərsə və bu zaman Türkiyə hərbçiləri arasında itkilər olarsa, Türkiyə cəmiyyətində sualların sayı artacaq".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm