Türkiyənin regionda iqtisadi varlığı Rusiya amilini neytrallaşdıracaq – Metyu Brayza
12.11.2020 16:15 İqtisadiyyat Fikirlər

Türkiyənin regionda iqtisadi varlığı Rusiya amilini neytrallaşdıracaq – Metyu Brayza

Sentyabrın 27-də başlayan və 44 gün davam edən Böyük Vətən Müharibəsi Azərbaycanın qələbəsi, Ermənistanın isə kapitulyasiyası ilə nəticələndi. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında bununla bağlı müqavilə imzalandı və Prezident İlham Əliyev Azərbaycanın qələbəsini elan etdi.

ABŞ-ın keçmiş səfiri Metyu Brayza “MediaPost”a açıqlamasında məsələnin siyasi və iqtisadi tərəflərini şərh edib. M.Brayza qeyd edib ki, üç tərəf arasında imzalanan müqavilə Azərbaycanın diplomatik uğurudur:

“Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan müqavilə nəinki ATƏT-in Minks qrupunun münaqişənin nizamlanması ilə bağlı əsas prinsiplərinin təmin edilməsi ilə nəticələndi, Azərbaycan həm də tələblərinin maksimumunu əldə etmiş oldu. Yəni ətraf 7 rayonun qaytarılması və Laçın dəhlizinə sülhməramlıların yerləşdirilməsi ilə yanaşı, Dağlıq Qarabağın status məsələsi müqavilədə nəzərə alınmadı”. 

Sülhməramlılar məsələsinə gəlincə, M.Brayza hesab edir ki, Rusiya ilə yanaşı Türkiyə sülhməramlılarının burada iştirakı mümkün görünür. Onun sözlərinə görə, Türkiyə iş adamlarının regiona yatırımları gözləniləndir. Bu isə regionda qüvvələr nisbətini balanslaşdıracaq. Rusiya Ermənistan,Türkiyə isə regionda Azərbaycan üçün önəm daşıyır.

M.Brayza qeyd edib ki, ən önəmli məsələlərdən biri də Azərbaycanın Naxçıvana dəhliz əldə etməsidir:

“Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında dəhlizin yaradılması ümumilikdə iqtisadi inkişafa təkan verəcək. Çini Avropa ilə birləşdirən bir neçə dəhliz var. Və bu dəhlizlər paralel olaraq fəaliyyət göstərir. Naxçıvanla nəqliyyat əlaqələrinin bərpa edilməsi Londonu Çinlə birləşdirən böyük nəqliyyat dəhlizinin bir hissəsi kimi böyük əhəmiyyətə malik olacaq.  Ümumilikdə isə Naxçıvan dəhlizi Azərbaycanın Türkiyə, Ermənistan və Rusiya ilə birgə nəzarət edə biləcəyi bir dəhliz olacaq”.  

M.Brayza əlavə edib ki, Türkiyənin regionda iqtisadi varlığı balanslaşdırıcı amilə çevriləcək:

“Düşünürəm ki, Türkiyənin iqtisadi cəhətdən də regionda olması tamamilə yeni bir geosiyasi dinamika yaradacaq, əslində, Rusiyanın təsirini məhdudlaşdıracaq. Türkiyənin regionda olması eyni zamanda NATO üçün çox böyük önəm daşıyacaq”. 
 

 

Rahim Tarıverdiyev

Gündəm