“Uğrunda ölənlər yaddaşda var olduqca, Vətən var!”
17.10.2020 13:13 Qarabağ Azərbaycandır Şou-biznes

“Uğrunda ölənlər yaddaşda var olduqca, Vətən var!”

“Bu foto bir neçə ay öncə Nyu-cersi ştatında çəkilib. Ordakı dağlardan birinin zirvəsinə qalxmışdım. Bu zirvə sırf coğrafi xarakter daşıyır. Yəni mövcud bir dağın ən hündür nöqtəsi, vəssəlam. 3-4 saat vaxt, yorğunluq, çirklənən paltarlar və sonda gözəl görüntü, məmnunluq. Daha sonra isə həyat qaldığı yerdən davam edir. Bəs şəhidlik zirvəsi dediyimiz nədir? Daha yüksəkdə...”

“MediaPost” xəbər verir ki, bu sözləri reper Orxan Zeynallı (AİD) sosial media hesabında fotosunu paylaşaraq yazıb.

O, 2 həftə öncə təqdim etdiyi Qarabağın müharibəsinə həsr olunmuş “Torpaqdan ev” mahnısından danışıb:

“Son 1-2 həftədə “inboks”uma çox sayda “dəstəyin üçün təşəkkür edirəm” tipli mesaj gəlir. Yəni bir reperin öz doğma xalqı, milləti üçün arada 1-2 status, ya mahnı yazması, çoxmu böyük hünərdir? Mənə, ya hansısa müğənniyə, musiqiçiyə təşəkkür etmək istəyəndə, həmin ürək sözlərinizi kağıza yazıb saxlayın. Bir şəhid anasının, ya da döyüşdən gələn birinin ünvanını tapsanız, ora göndərin. Bütün sözlər onların haqqıdır.

 

İstəyirəm ki, gənclər və yeniyetmələr bunun önəmini anlasın. Təkcə “Uğrunda ölən varsa, Vətən var” deməklə bitmir. Həm də “Uğrunda ölənlər yaddaşda var olduqca, Vətən var” olmalıdır. Bu yaddaş təkcə şəkil paylaşmaq, “layk” etməklə məhdudlanmamalıdır. Vətən həm də, bir müddət sonra hər iki valideynini itirmiş o uşaqların həyatı ilə maraqlanmaqdır.

 

Bir qolunu və ya ayağını itirmiş əsgərin necə dolanmağı, psixoloji zərbə almış dostlarımızın lazımi qayğı alıb-almadığını dəqiqləşdirməkdir həm də. Canını gözünün önünə almış hər bir əsgərin qələbəsidir bu. Onların qabağında baş əyirəm. Bütün təriflər, alqışlar, qaldırılan bayraqlar məhz sizin şərəfinizədir. Sevgilər!”.

 

Xəbərlər şöbəsi

Gündəm