“Uğur” formulu: ona görə Hollivuda borcluyuq - İsmayıl Rafiqoğlu yazır
13.02.2020 11:25 Fikirlər

“Uğur” formulu: ona görə Hollivuda borcluyuq - İsmayıl Rafiqoğlu yazır

Günümüzdə hamı uğurlu olmağı arzulayır. Mətbuat və sosial medianın səhifələri “uğurlu” insanların hekayələri ilə doludur. Kimi dindirsən, bir uğur formulundan danışacaq. Uğurlu deyilsənsə, deməli, həyatın küncündə qısılıb qalmağa məhkumsan.

Populyarlıq da uğurun birinci göstəricisidir

Hərə bir şeylə öyünür. Biri orta məktəbi güclə bitirib uğurlu biznes qurduğunu, heç bu gün də ali təhsil almaq fikrində olmadığını dilə gətirir. Başqa birisi 5-6 xarici dili mükəmməl bildiyi ilə fəxr edir. Varlı olmaq da uğurun tərkib hissəsidir. İmkanlısansa, deməli parıltılı jurnalların ön səhifəsini bəzəyəcəksən.

Kimsə uğurlu həyat yolunu məşhurluqda görür. Populyar bloqçu oldunsa, çoxlu “layk” toplayacaq, çox sayda gəlir əldə edəcəksən. “Youtube” kanalı yaradıb öz uşaqları hesabına giriş sayı qazanıb milyonlara sahib olan minlərlə valideyn var. Nümunə olaraq Katya və Maksim adlı bacı-qardaşın bloqlarını göstərmək olar. Əslən Ukraynanın Odessa şəhərindən olan ataları Andrey 2014-cü ildə “Mister Max” akkauntunu yaradır. Çox qısa müddətdə bloq məşhurlaşır. Bu işin uğuruna inanan Andrey “Miss Katy” videobloqunu da yaradır. O dövrdə Maksimin 5, Katyanın 3 yaşı vardı.

Bu biznes ailəyə olduqca böyük gəlir gətirir. Hazırda Londonda yaşayan ailə bu prosesi hələ də davam edir. Uşaqların oyunları, oyuncaqları, adi həyat tərzi auditoriyada maraq doğurur deyə yeni-yeni süjetlər çəkilir. Katya və Maksim kimi minlərlə bloqçu var. Hərə bir tərəfdən prosesə qoşulub, həyatını çəkib “Youtube”da yerləşdirir. Süjet qurmaqda çətinlik çəkənlər isə hər cür “dəlilik” etməyə, üz-gözünü bəzəməyə, şit zarafat etməyə hazırdırlar. Təki baxan olsun, pulu gəlsin. Populyarlıq da uğurun birinci göstəricisidir. Populyarsansa, deməli, uğurlusan.

“Uğur” formulu: ona görə Hollivuda borcluyuq - İsmayıl Rafiqoğlu yazır

Uğursuzlar uğur qazanmalıdırlar, yoxsa bu kinoya baxan olmaz

Uğur dalınca qaçmaq bir idman yarışıdır. Başqasını qabaqlasan, qalib olacaqsan. Nəyisə itirməyinin, təhsil almamağının, ailə qurmamağının elə də əhəmiyyəti yoxdur. Təki cəmiyyət səni uğurlu və populyar birisi kimi qəbul etsin, mətbuat sənin uğur hekayəndən material hazırlasın. Ortada da mütləq nəsə qeyri-adi bir məsələ olmalıdır.

Uğur əldə etmək istəyinin bu qədər tirajlanmasına görə biz Hollivud filmlərinə borcluyuq. ABŞ filmlərinin demək olar hamısı şən sonluqla bitməli, qəhrəman isə mütləq və mütləq məqsədinə çatmalıdır. Hətta bəzən məsələnin həlli hansısa bir yarışmanın qalibliyinə bağlıdır. Deyək, hansısa bir ekoloji fermanın bağlanmaq təhlükəsi yaranıb, burada heyvanlarla ünsiyyət qurmağa gələn uşaqlar ferma sahibinin banka pul borclu olduğunundan xəbər tuturlar. Məsələ ciddiləşib, amma elə bu anda bu ştatda möhtəşəm bir turnir keçirilir, uşaqlar da bu yarışa qatılıb əsas mükafatı, yəni 50 min dolları udmalıdırlar. Udmamaq söhbəti yoxdur, mütləq yarışı uducaqlar.

Hollivud filmlərində bəzən ən uğursuz insanlardan belə “uğurlu komanda” yaradılır. Bu komanda mütləq qalib olmalıdır, başqa cür mümkün deyil. Bu filmlərin bir çoxunda baş vermiş uğursuz hadisə mütləq müzakirə mövzusudur. Bunun ətrafında bütün süjet xətti qurulur. Uğursuzlar uğur qazanmalıdırlar, yoxsa bu kinoya baxan olmaz.

Biri fahişəlikdən imtina edir, o birisi isə məhvedici fəaliyyətindən

Köhnə paradiqma dəyişib. Ekranda bircə belə sadə insan obrazı görmək mümkün deyil. Adi zəhmətkeş kimə maraqlıdır axa? Maraq xətrinə Culiya Roberts və Riçard Girin iştirakı ilə çəkilən “Gözəlçə” filminin qəhrəmanlarına nəzər yetirmək kifayət edər. Vivyen bədənini satmaqla pul qazanır, Edvars isə maliyyə imperiyasını idarə edir. Taleh onları müvəqqəti birləşdirsə də, eləcə də ayırmağa hazırdır. Üzdən uğurlu və varlı görünən Edvars əslində uğurlu şirkətləri satın alıb onları məhv etməklə məşğuldur. Yəni kiminsə biznesini əlindən alıb hissə-hissə satır, Vivyen bədənini satdığı kimi. Cəmiyyətə fayda verməyən bu iki insanın filmin sonunda birləşməsi yenə də uğur doktrinasının tələbidir. Biri fahişəlikdən imtina edir, o birisi isə məhvedici fəaliyyətindən. Hər nağılda olan kimi film xoşbəxt sonluqla tamamlanır.

Filmlərin əsas qəhrəmanları sırasında tez-tez qumarbaz, fırıldaqçı, killer obrazlarına rast gəlirik. Onlar da mütləq qaliblər sırasında yer almalıdırlar. Axtarış sistemində uğur sözünün yanında tez-tez Corc Soros, Stiv Cobs, Mark Zuxerberqin adına rast gəlirik. Hər birinin öz uğur qaydası var.

“Uğur” formulu: ona görə Hollivuda borcluyuq - İsmayıl Rafiqoğlu yazır

Uğurludurmu bu insanlar? Maliyyəçi Corc Sorosun dediyinə görə, onun sərvət əldə etmək yolunda qarşısında çoxlu etik suallar yaranıb. O hər dəfə “mən heç zaman sosial nəticələri nəzərə almıram. Mən sadəcə pul qazanıram” deyərmiş. Yəni nə olur olsun, mənə əhəmiyyətli deyil, təki pulum gəlsin. Hətta onun fəaliyyəti yüzlərlə insanın həyatını pozsa belə.

“Apple” şirkətinin yaradıcısı Stiv Cobs onu uğur gətirən insanları asanlıqla unudub. Öz maraqları həmişə birinci yerdə olub. Sərt, aqressiv münasibət sistemi yaradıb. O hətta müştəriyə satdığı ayfon telefonlarında belə nəzarət sistemi quraşdırıb. Doğma qızına qarşı da qəddar münasibət ifadə edərək onu tanımaqdan uzun illər imtina edib.

“Facebook” şirkətinin qurucusu Mark Zuxerberq onunla birgə addımlayan ən yaxın dostunu belə biznesdən kənarlaşdırıb. Elə sosial şəbəkəni də başqasının ideyasını mənimsəməklə yaradıb. “Uğur”unu belə əldə edib.

Onların uğuru tək özlərinə deyil, bütün bəşəriyyətə məxsusdur əslində

Nə qədər paradoksal olsa da, dünyanın sözün əsl mənasında simasını dəyişmiş, öz əməlləri ilə həyatımızı zənginləşdirmiş insanları çox zaman unuduruq. Onların uğuru tək özlərinə deyil, bütün bəşəriyyətə məxsusdur əslində. Məsələn, rus alimi Nikolay İvanoviç Vavilovun dünya elminə və bəşəriyyətə verdiyi töhfədən günlərlə danışsaq belə, azlıq edər. İstedadlı botanik, seleksiyaçı ömrünü müxtəlif ekspedisiyalarda keçirib. Demək olar dünyanın hər yerini gəzib. Müxtəlif ölkələrdən gətirdiyi bitki nümunəlindən unikal bir kolleksiya yaradıb. Nə vaxtsa Vavillovun Sankt-Peterburqda topladığı bitki növlərinin unikallığını sözlə ifadə etmək belə çətindir. Deyək, vaxtilə Azərbaycanda hansısa bir dədə-baba pomidor sortu olub, indi onu itirmişik. Amma bu sort həmin Vavilovun yaratdığı kolleksiyada qorunub saxlanılır. İstəsək, müraciət edib ala bilərik.

Dünyanın qida ehtiyatlarının qorunmasında bu qədər əvəzsiz rolu olan Vavilov Stalin dövrünün repressiyalarına məruz qalaraq cəzaçəkmə müəssisəsində acından ölüb. Biz bu gün də onun topladığı bitki növlərindən yararlanırıq, amma özü bir tikə çörəyə həsrət qalaraq dünyadan gedib.

“Uğur” formulu: ona görə Hollivuda borcluyuq - İsmayıl Rafiqoğlu yazır

Uğur formuluna faydalılıq əmsalı da əlavə edilməlidir

Hazırkı dövrün uğur paradiqmasının qondarma olduğu gün kimi aydındır. Hər məsələ başa-ayaq olub elə bil. Həyat yoldaşına sədaqətli olan, ailəsinin keşiyində duran, uşaqlarının qayğısını çəkən qadın bəyəm uğurlu deyil bu həyatda? Amma nədənsə televiziya ekranından açıq-saçıq geyimi ilə diqqəti cəlb edən, ərindən boşandıqdan sonra səhnədə “uğur” qazanmağı ilə fəxr edən istedadsız müğənnilərin hekayələrini müşahidə edirik. İmkanlı sponsorunun bahalı hədiyyəsini nümayiş etdirməklə guya uğurlu olduğunu kiməsə sübut etmək istəyir sanki.

İnsanın bu həyatda nəyisə əldə etməsi, nəyəsə nail olması hələ uğurlu olmasına dəlalət etmir. Uğur formuluna faydalılıq əmsalı da əlavə edilməlidir. Viktor Yanukoviç uzun illər Ukraynanın baş naziri, daha sonra isə 4-cü prezidenti olub. Buna uğur demək olarmı? Yəqin, çünki prezident seçilmək hər oğulun işi deyil. O, həm də həbsdə yatıb, özü də qanuni oğrular onun ölümünə qərar veriblər, amma oradan salamat çıxıb. Bu özü də bir uğurdur. Amma prezidentlik dövründə idarəetməni düzgün qura bilməyib. Nəticədə ölkədən qaçmalı olub. Harada gizləndiyi də bəlli deyil.

Yanukoviç uğurludur ya uğursuz? İndi hər kəs deyəcək uğursuzdur, amma Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin vaxtilə ona həsr etdiyi kitabı da var. 10 il öncə onun barəsində çox yaxşı sözlər də deyib.

Dəyər sistemi dəyişib deyə bu günün qəhrəmanı da günün tələbinə uyğun olan eynək taxan proqramçıdır. Uğur da onun yanında hərəkət edir. Gələcəyin mənzərəsini də bəlkə bənzər qəhrəmanlar təyin edəcəklər.

"MediaPost"





Xəbərlər departamenti

Gündəm