Uğursuzluğunun fərqində olmayan analar
20.01.2020 09:25 Fikirlər

Uğursuzluğunun fərqində olmayan analar

Bu, artıq dəfələrlə təkrarlanırdı:

Ana hirslə:

- Bax, yazını yazmasan, müəllimənə deyəcəyəm səni döysün!

Uşaq qızarmış gözlərinin yaşını koftasının qoluna silə-silə:

- Yazmaq istəmirəm də... Yorulmuşam, istəmirəm.

Bu dəfə səbrimi sıxıb özümü saxlaya bilmədim. Anaya tərəf “Müəllim niyə uşağı döysün?!” – deyə sualla başımı çevirdim. Sonra ananın hərəkətinə olan qəzəbimdən uşağı qorxuda biləcəyimin fərqinə varıb balacanın başına sığal çəkərək: “Müəllimən səni çox istəyir. Nəyi bilməsən soruş, öyrədəcək”, – deyə təsəlli verməyə çalışdım. Açığı, təkrarlanan vəziyyət qarşısında anidən təmkinimi pozub anaya qəzəbləndiyimə elə oradaca peşman oldum. Həmin ananın bəlkə də günahı yoxdur. Axı o neyləsin ki, tale ona yaxşı təhsil almaq, dünyagörüşünü artırmaq imkanı verməyib – deyə düşündüm, amma düşündükcə, ona haqq qazandırmaq cəhdlərim boşa çıxdı.

Bu gün onun əlində internet kimi geniş imkanlar yaradan bir vasitə var və o bu imkandan primitiv ailə-məişət məsələlərindən o yana gedə bilməyən serialları izləmək üçün istifadə edir. Mən demirəm serial izləməsin, izləsin. Amma onun yanında bir də uşağını yetişdirə bilmək üçün bir neçə faydalı video izləsin, mətn oxusun. Yox, bunu etmirsə deməli, laqeyddir, onu övladının problemləri gerçəkdən narahat etmir, etsəydi problemin həlli istiqamətində ciddi səy göstərərdi.

Lap yaxşı təhsil də alsaq, yüzlərlə kitab da oxusaq hər şeyi bilə bilmərik, daim öyrənməyə, inkişaf etməyə borcluyuq. Hələ sən bir valideynsənsə, buna daha çox məcbursan. Bizim gündəlik yaşamımızda elə də diqqət etmədiyimiz məqamlar uşaqlar üçün maraqlı olur. Bir də görürsən elə suallar verirlər cavab verməkdə əziyyət çəkirsən. Bu yerdə onların sualını cavabsız qoymaq tamlıqda bir boşluq yaratmağa bənzəyir. Əgər gələcəkdə özü o boşluğu doldura bilməsə, hansısa məqamda yıxılmasına elə həmin boşluq bais olacaq. İnsan da öz övladına bunu edərmi? “Can parçam” deyib çox istədiyin bir canlını yedirtmək, geyindirməkdən əlavə ruhunu, beynini də qidalandırmaq lazımdır. Onu sabah ayaqda tutan, güclü edən bildikləri və hiss etdikləri olacaq.

Azyaşlıların intiharı, itkin düşməsi, qətl hadisələri daha həssas və diqqətli olmağımız üçün həyəcan siqnalıdır

Hər kəs üçün əlçatan olan televiziyanın yarıtmazlığı da bu məsələdə bizi geri salan amillərdəndir. Televiziya kanalları yetərli bilgiləndirmə apara bilmir, təhsildə, cəmiyyətdə olan qüsurları doğru, təsirli şəkildə işıqlandırmır, problemlərin həlli istiqamətində gərəyindən az danışır. Efirdə insanların həyatı, problemləri üzərindən şou yaradanlar at oynadır. Halbuki ən yaxşı, hamı üçün əlçatan vasitə elə televiziyadır. Amma efirin ən çox izlənən saatlarını özünü polis, sosial işçi, psixoloq, hüquq, səhiyyə işçisi, ailə məsləhətçisi və daha nələr-nələr hesab edən - “hərşeyşünas” adamların verilişləri zəbt edib. Təsirli musiqi fonunda insan talelərindən elə yerindəcə film çəkən bu adamların verilişinə baxan insan o qədər yüklənir ki, bundan başqa nəyisə izləməyə, nəsə məlumat əldə etmək üçün cəhd etməyə özündə güc tapmır.

Elə mənim qəhrəmanım da bu verilişləri izləyir. Ardınca da “Xəbərlər” yayımlanan ərəfədə televizorun səsini azaldır, axşam evə gələcək əri üçün bir qismət yemək hazırlayıb, seriallar yayımlanan ərəfədə təkrar televiziya önünə keçir. Təbii ki, uşaqlar da o nə izləsə, onu izləyir.

Yetkinlik yaşını ər evində tamamlayan anaların dramı isə daha ağırdır

Belə qızları bir çox halda dərslərdən ata-anası yayındırır. Bir qədər təsərrüfat həyatında onlara kömək edib elçisi çıxdıqda da ərə verilirlər. Gözlərini açandan həyatın məqsədi “ərə getmək, ailəyə qulluq, böyüklərin üzünə ağ olmamaq, uşaq dünyaya gətirib, onu yedirmək, geyindirməkdir” – deyə qəbullandırılır. Lakin bir nəfər də olsun, çıxıb demir ki, həyat bu qədər bəsit deyil. Bu saydıqlarımız etməli olduğumuz kiçik işlərdir. Əsas olan insan yetişdirməyi bacarmaqdır. Bundan ötrü də gərək birinci özün yetişəsən, özün yüksək dəyər və bacarığa sahib olasan. Necə deyərlər, ən yaxşı nəsihət örnək olmaqdır. Savadlı qadının övladı da savadlı olur. Ana bətnindən tərbiyələnməyə başlayan övlad gözünü mütaliə edən, həyatı şüurlu və rahat şəkildə yaşayan ailədə açırsa, onun nadan olma ehtimalı yəqin ki, istisnalara daxildir. Savadlı ana övladını məktəbdən əvvəl özü öyrədir, övladının ən yaxşı müəlliməsi elə özü olur. Belə uşaqlar məktəb həyatında daha özgüvənli, aktiv olur. Təəssüf ki, bundan məhrum qalan balacalara isə kiçik yaşlardan “bilik kitabdadır, aç, oxu!” - deyə əmr edilir, qorxudulur, fiziki və psixoloji şiddətə məruz qalır. Belə insanların gələcəkdə uğursuz, aqressiv olma, səhvlərində boğulma ehtimalı həmişə yüksəkdir.

Hacı Zeynalabdin Tağıyev demişkən, “bir kişiyə təhsil verməklə savadlı bir insan, bir qadına təhsil verməklə isə savadlı bir ailə və cəmiyyət qazanarsınız”.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm