"Uşaq proqramlarında PİNTİ DİZAYN, YOXSUL ESTETİKA hökm sürür” – Sevda Sultanova
Azərbaycanın televiziya məkanında və milli kinomuzda ən böhranlı vəziyyət uşaq audiovizual məhsulları ilə bağlıdır. "Uşaqlar üçün bədii və animasiya filmləri niyə istehsal olunmur", "uşaq verilişləri tələblərə niyə cavab vermir" sualları təəssüf ki, daha çox iyunun 1-i - Uşaqların Beynəlxalq Müdafiə, yaxud 11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio günündə səslənir.
Azərbaycan teleməkanında uşaq proqramları düzgün qaydada tərtib olunurmu?
Mövzu ilə əlaqədar “MediaPost”a açıqlama verən kino tənqidçisi Sevda Sultanova qeyd edib ki, hər bir uşaq proqramının tərtibatı, dizaynı pinti, yoxsul estetikada hazırlanıb, studiyada ətalət hökm sürür:
“Sovet dönəmində Azərbaycan televiziyası və radiosunda uşaq verilişlərinin zəngin ənənəsi olmasa da, populyar bir neçə uşaq proqramı vardı. 2015-ci ildən yayımlanan "ARB Günəş" Azərbaycanda fəaliyyətə başlayan ilk uşaq televiziya kanalıdır. Kanalın efirini yerli verilişlər, həmçinin əcnəbi cizgi filmləri doldurur”.
Tənqidçinin sözlərinə görə, televiziyalar stimullaşdırmaq yolu ilə uşaqları qəlibdən çıxararaq, yaradıcı videolar çəkməyə təşviq edə, istiqamətləndirə bilər:
“Həftəiçi hər gün yayımlanan "Mərcangildə" proqramının efir müddəti 9-10 dəqiqəni əhatə edir. Məzmun ölkəmizin müxtəlif bölgələrindən göndərilən videoların təqdimatından ibarətdir. Müəlliflər TikTok estetikasısayağı bəsit, asan üsuldan istifadə etməsələr, "Mərcangildə"nin əslində keyfiyyətli, faydalı verilişə çevrilməsi mümkündür. Televiziya stimullaşdırmaq yolu ilə uşaqları qəlibdən çıxararaq, yaradıcı videolar çəkməyə təşviq edə, istiqamətləndirə bilər. Videoların arasında yaradıcı baxımdan seçilənlər təəssüf ki, barmaq sayı qədərdir. Digər veriliş yenə də həftəiçi hər gün efirdə yer alan "Çərpələng"dir. Rubrikanın məqsədi uşaqların öz təqdimat vərdişlərini formalaşdırmaq olmalıydı. Amma uşaqların adi, sıradan fotoları efirdə göstərilir. Yaradıcılıq tələb etməyən belə kütləvi yanaşma şou proqramlarındakı ad günü təbriklərinin təkrarından başqa bir şey deyil. Nəticədə üslubsuz, formasız, məzmunsuz proqram meydana çıxır.
Hər bir proqramın tərtibatı, dizaynı pinti, yoxsul estetikada hazırlanıb, studiyada ətalət hökm sürür, halbuki əlvan, göz oxşayan dekorasiya ilə dinamik fon yaratmaq olardı. Yaradıcı axtarışlar olmadığından verilişlər efiri doldurmaq təəssüratı yaradır. Bu, əsasən verilişlərin konsepsiyasının dəqiq konturlarının müəyyənləşməməsi ilə bağlıdır. Digər problem aparıcıların obrazlarındakı oxşarlığıdır ki, (bədən dilindən tutmuş geyimlərə, intonasiyaya kimi), bu, yenə də aydın konsepsiyanın yoxluğundan qaynaqlanır”.
“Xəzər” kanalında Oksana Rəsulovanın təqdimatında həftədə bir dəfə yayımlanan "Xoşbəxt sabahlar" verilişi miksdir - yəni həm valideynlər, həm uşaqlar üçün nəzərdə tutulub. Lakin proqramın böyük hissəsi daha çox böyüklərə məsləhətdən ibarətdir. Aktrisa Oksana Rəsulovanın aparıcılığına gəlincə, nitqində rus dili vurğuları sezilsə də, o, konkret obraz formalaşdırmağa çalışır və rubrikaları səhnəciklərlə təqdim edir. Bununla belə, ümumən teleməkanda uşaq verilişlərinin azlığını nəzərə alsaq, "Xoşbəxt sabahlar" proqramının sırf balacalara hesablanması boşluğu az da olsa doldura bilir”.