"Uşaqlarda karantindən öncəki məqsədi yetişdirmək lazımdır" - RƏY
27.04.2020 16:40 Fikirlər

"Uşaqlarda karantindən öncəki məqsədi yetişdirmək lazımdır" - RƏY

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi yumşaldılıb. Bir sıra iş yerləri və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Həmin xidmət sahələrinə qrup halında məşğələlər istisna olmaqla fərdi tədris və repetitor xidmətləri də daxildir.

Bəs müəyyən müddət karantin vəziyyətindən sonra uşaqları tədrisə necə adaptasiya etmək olar?

Mövzu ilə bağlı “MediaPost”a açıqlamasında uşaq psixoloqu Afaq Əmirli karantin dövrünün təkcə uşaqlar üçün deyil, həm də valideynlər və müəllimlər üçün çətin olduğunu deyib. O bildirib ki, belə vəziyyət gözlənilən deyildi və bundan ən çox zərəri abituriyentlər görüb:

“Gözlənilməyən bu vəziyyət xüsusən də abituriyentlər üçün çox çətin oldu. Onlar onsuz da müəyyən həyəcanı yaşayırlar və bu karantin onun üzərinə bir də həyəcan gətirdi. Ona görə burada ilk növbədə valideynlər öz övladlarına anlayışlı olmalıdırlar. Uşaqlara bəlli güzəştlər olunmalıdır. Çünki onlar gərginlik yaşayırlar. Uşaqlarda yenidən tədrisə marağı yaratmaq üçün onlarla fərdi qaydada psixoloji söhbətlər aparmaq lazımdır. Ancaq bununla yanaşı uşaqları həvəsdən düşməyə qoymaq olmaz. Onlara mütəmadi xatırlatmaq lazımdır ki, bu həyəcanın sonunda müəyyən bir məqsəd var. Bu məqsədə biz istənilən halda çamalıyıq. Yəni karantindən öncəki məqsədi uşaqda yeniləşdirmək lazımdır. Buna görə uşaqlarla söhbətlər aparmaq lazımdır. Tez-tez uşaqlara “Bunu niyə edirsən?”, “Etdiyin halda hansı müsbət dəyişiklik olacaq?” və s. sualların cavablarını xatırlatmaq lazımdır. Sonra bunları uşaqlar sadalasın. Uşağa izah etmək lazımdır ki, sən bu nəticəni əldə edə bilməsən elə nəticələr olacaq ki, vaxtı çatanda sən buna görə heyifsilənə bilərsən. Vaxt az qalıb, əlimizdə qalan vaxtdan bütün gücümüzü toplayıb həmin o məqsədə çatmaq üçün istifadə etməliyik. Buna nail olandan sonra istirahət etmək olar”.

Psixoloq bildirib ki, əsas məsələ uşaqlara güzəştlərin edilməsidir: “Güzəştlər edirik, amma bununla yanaşı məqsədi də onlara xatırladırıq ki, biz bunu nəyə görə edirik. Bu dəqiqə uşaqlara başqa metodlarla təsir edə bilmərik, sadəcə, onlarla motivasiya edici söhbətlər aparmaq lazımdır. Biri var daim işdə olursan və bu vəziyyətə öyrəşirsən. Biri də var ki, bu işdən təcrid olunursan. Uşaqlar üçün də belədir. Onlar əvvəl müəllim hazırlığına gedirdilər, dərslərini çalışdılar. Ancaq indi uşaqdan-böyüyə əksəriyyətimizdə mənəvi sönüklük, boşluq yaranıb. Həmin boşluğu aradan qaldırmaq üçün sadəcə, uşaqlara güc-qüvvət verən, onlara məqsədlərini xatırladan söhbətlər etmək lazımdır. Belə söhbətlər davamlı olduğu halda uşaqlar əvvəlki rejimə qayıda biləcəklər”.

Xəbərlər departamenti

Gündəm