Uşaqları "yeminə" çevirən Amerikanın sonuncu füreri
25.04.2020 14:56 Fikirlər

Uşaqları "yeminə" çevirən Amerikanın sonuncu füreri

2006-cı ilin avqustu, Braziliya paytaxtındakı uzaq qəbiristanlıqların birində sadə dəfn mərasimi... Mərasimdə qara geyimli bir neçə nəfər iştirak edir. Onların da əksəriyyəti yaşlı kişi və qadınlardır. Nə yerli rəhbərlikdən kimsə var, nə də hərbi orkestr. İnanmaq olmur ki, dəfn olunan Paraqvay diktatoru, ölkəsini 35 il qorxu altında saxlayan Alfredo Stressnerdir. İş onda idi ki, Braziliya Stressneri sağlığında ölkəsinə təhvil vermək istəməmişdi. Diktatorun ölüsü isə Paraqvaya lazım deyildi. Ona görə də məhz Braziliyada dəfn edilmişdi.

900 MİLYONLUQ SƏRVƏT

"MediaPost" xəbər verir ki, Alfredo Stressneri Amerikanın sonuncu füreri adlandırırdılar. Onun rəhbərliyi (1954-1989) altında ölkədə şəxsiyyətə pərəstiş, korrupsiya və rüşvətxorluq "çiçəklənmiş", repressiya və qanunsuzluq baş alıb getmişdi. Diktator ailəsinin sərvəti 900 milyon dollar dəyərində qiymətləndirilirdi.

1912-ci ildə Paraqvayda anadan olan Alfredo Stressnerin valideynləri Bavariyadan gəlmiş mühacirlər idi. Onlar Paraqvayda alman icmasının məskunlaşdığı Enkarnasyon şəhərində yaşayırdılar.

Atasının kiçik, lakin çox məşhur pivəxanası vardı və gələcəkdə işini oğluna təhvil verməyi planlaşdırırdı. Lakin gənc Alfredo hərbçi olmaq istəyirdi. Onun bu qərarı ailəni olduqca məyus etmişdi. Dövlət çevrilişlərində iştirak etdiklərinə görə o vaxt hərbçilərin aqibəti heç də yaxşı olmurdu. Bununla belə Alfredonu fikrindən daşındırmaq mümkün deyildi.

Uşaqları yeminə

Gənc Alfredo hərbi təhsilə başladı. Əvvəlcə Asunsonda, daha sonra Rio-de-Janeyroda hərbi məktəbi başa vurdu. O illərdəParaqvayda qarışıqlıq hökm sürürdü. Bir hərbi rejim digərini devirirdi. 1940-cı illərin sonlarında isə ölkədə vətəndaş müharibəsi başlamışdı. Leytenant Stressner sonradan siyasi karyerasında ona faydalı olacaq keyfiyyətlərini nümayiş etdirməyə başladı: nizam-intizam, liderlik bacarığı, əzmkarlıq, qətiyyət, ehtiyatlılıq və təşkilatçılıq.

HƏRBİ VƏ SİYASİ KARYERA

Komandirlər gənc hərbçinin cəsurluğunu və çalışqanlığını yüksək qiymətləndirirdilər. Alfredo karyera pilləsində sürətlə irəliləyirdi. Rütbələr bir-birinin ardınca gəlirdi və artıq bir neçə ildən sonra polkovnik-leytenant olmuşdu.

Stressner siyasətlə də fəal məşğul olur, mümkün siyasi sövdələşmələrdə iştirak edərək rəqiblərini zərərsizləşdirirdi. Bu yolla o, Federiko Çavesin prezident olmasına kömək etmişdi. O da öz növbəsində minnətdarlıq əlaməti olaraq Alfredonu ölkənin silahlı qüvvələrinə Baş komandan təyin etmişdi.

Lakin baş hərbi müşaviri Çavesə xəyanət edərək hərbi çevriliş etdi. Alfredo isə səbirsizliklə prezident kürsüsündə oturacağı anı gözləyirdi.

1954-cü ilin yayında Stressnerin xəyalı gerçəkləşdi. Onun rəhbərliyi altında Paraqvay inkişaf etməyə başladı. Ona qədər ölkənin paytaxtında belə, su təchizatı yox idi. Stressnerin hakimiyyətinin ilk illərində ölkədə az-çox sabitlik yarandı, əhali üçün gəlir yerləri yarandı.

Uşaqları yeminə

Paraqvay Braziliya ilə birlikdə Parana çayı üzərində "Itaipu" Su Elektrik Stansiyası tikərək böyük bir elektrik ixracatçısına çevrildi. Bundan başqa, ABŞ ölkəyə böyük yardımlar edirdi.

Diktator Stressner Vaşinqtona öz sədaqətini dəfələrlə sübut etmişdi. Ölkədə ABŞ hərbi bazalarının tikilməsinə icazə vermiş, Paraqvayı "ABŞ-ın ən yaxşı dostu" elan etmişdi.

Stressner həmçinin Birləşmiş Ştatların BMT-dəki siyasətini fəal şəkildə dəstəkləyirdi. Dominikan Respublikasına hücum zamanı ABŞ-a dəstək üçün qoşun göndərdikdən sonra Alfredo Vaşinqtonun daha çox rəğbətini qazanmışdı.

ŞƏXSİYYƏTƏ PƏRƏSTİŞ, YALANÇI DEMOKRATİYA

Paraqvayda suveren demokratiya görüntüsü yaradılmışdı. Bəzi demokratik təsisatlar mövcud idi. Hər beş ildən bir ölkədə seçkilər keçirilir və hər dəfə də qalib Stressner olurdu. Parlament fəaliyyət göstərsə də, əsas vəzifəsi dövlət başçısının bütün qərarlarına möhür vurmaq idi.

Uşaqları yeminə

Bununla yanaşı, Stressner bir general olaraq bütün yeni ordenlərimənimsəmişdi. Ölkədə kütləvi şəkildə şəxsiyyətə pərəstiş vardı. Alfredo paraqvaylılara ölkənin hər yerində yerləşdirilmiş plakatlardan gülümsəyir, məktəblər, universitetlər, stadionlar və bəzi şəhərlər onun adını daşıyırdı.

Prezidentin portretinin lazımi yerdə olmaması, "intellektual terrorizm" sayılırdı və buna yol verənlər həbslə hədələnirdi.

Bütün səlahiyyətlər Stressnerin əlində cəmləşmişdi - prezident, Baş komandan, hakim Kolorado partiyasının fəxri sədri. Diktator hər il özünə yeni titullar fikirləşirdi - "Sülh tərəfdarı", "Ali lider", "Amerika qitəsinin ən yaxşı döyüşçüsü" və s. Dövlət başçısını 2 mindən çox silahlı əsgər mühafizə edirdi.

Latın Amerikasının digər liderləri də Stressnerə baxırdılar. Bilirdilər ki, onun dostluğuna və dəstəyinə, güclərini itirəcəkləri təqdirdə Paraqvaydan siyasi sığınacaq almağa arxalana bilərlər.

Stressner bir sıra Latın Amerikası ölkələrinin kommunizmə qarşı mübarizədə səylərini birləşdirmək fikrinə gəldikdə Çili, Uruqvay və Argentina tərəddüd etmədən onu dəstəklədi. Nəticədə gizli xidmətlərə sosialistləri və kommunistləri məhv etmək tapşırıldı. Paraqvayın özündə Alfredonun zor rejimindən 130 minə qədər insan zərər çəkmişdi.

KÖLGƏSİ GÜNƏŞİN ÖNÜNÜ KƏSƏN DİKTATOR

“Yalnız indi başa düşdüm ki, nəhayət, azadıq. Buna necə istəyirsiniz, ad verin. Amma bu adam sağkən kölgəsi Paraqvay üzərindəki günəşi örtmüşdü. İndi məni məyus edən tək şey odur ki, o, cəzasız qaldı", - deyə Asunsonda 15 ildən çox həbs həyatı yaşayan keçmiş siyasi məhbus diktatorun ölümündən sonra demişdi.

Cəzasızlıq Alfredonu daha da qəddarlaşdırırdı. O, hindiləri "kommunistlərin yoldaşları" elan edərək öldürtdürür, xoşuna gəlməyən şirkət və firmaları bağladırdı.

Uşaqları yeminə

Braziliyanın "Gazeta Do Povo" qəzetinin yazdığına görə, Stressnerin əlaltıları Asunson şəhərində hərəmxana qurmuşdular. 8-15 yaşlı uşaqları qaçıraraq orada saxlayırdılar: "Stressner bura axşam saat 10-11 radələrində öz avtomobili ilə gəlirdi. Sükan arxasında özü oturur, mühafizəçisiz olurdu. Avtomobilini parklayaraq salamlaşır, özünü elə aparırdı ki, sanki hər şey normaldır, heç nə baş vermir. Gecə saat 3-də isə sakitcə oradan ayrılırdı. Diktator ona yalnız bakirə qızların verilməsini tələb edirdi".

NASİSTLƏRİN HİMAYƏDARI

Stressnerin dövründə Paraqvay nasistlərin yuvasına çevrilmişdi. O,qaçqın alman nasistlərinə (təqribən 200 min nəfər) ölkəsində sığınacaq vermişdi. Onların arasında yaxın dostu olan - məşhur "Auşvits" düşərgəsinin baş həkimi Yozef Mengele də vardı.

Paraqvay dünyanın ən korrupsiyalaşmış ölkələrindən birinə çevrilmişdi. Stressnerə sadiq olan hərbçilər qeyri-qanuni iqtisadiyyata (narkotik, alkoqol, avtomobil və lüks malların qaçaqmalçılığı) cəlb olunmuşdular. Bütün bunlar xarici ticarətdən daha çox gəlir gətirirdi. Gələn pullar isə diktatorun qohumlarının və dostlarının cibinə gedirdi.

SONUN BAŞLANĞICI

1980-ci illərin əvvəllərində Stressner rejimində rifah sona çatdı. Ölkə iqtisadi böhran keçirməyə başladı. Sərmayələr azaldı, xarici borc artdı, işsizlik əhalinin 45 faizini əhatə etdi. Həmin vaxt diktator hakimiyyəti böyük oğlu - leytenant Qustavoya təhvil vermək üzrə idi. Lakin bu qərar hətta Paraqvay liderinin tərəfdarları tərəfindən dəqıcıqla qarşılandı. Tədricən narazılar küçələrə axışmağa başladı. Artıq repressiyalar etirazların qarşısını kəsə bilməzdi.

Diktatordan ABŞ da üz döndərdi. Prezident Ronald Reyqan Paraqvayı diktator rejimlərin siyahısına daxil etdi. Stressnerə istefa vaxtının çatdığı bildirildi.

Diktatorun silahdaşlarından və qohumlarından olan general Anders Rodriges qan tökmədən çevriliş həyata keçirdi. Stressner həbs olundu və bir neçə gün sonra ailəsi ilə birlikdə Braziliyaya sürgünə göndərildi.

Uşaqları yeminə

Paraqvayın yeni hakimiyyəti dəfələrlə Braziliyadan keçmiş diktatoru təhvil verməyi tələb etdi. Və bəyan etdi ki, ölkədə onu korrupsiya və insan hüquqlarının pozulması ittihamı ilə mühakimə edəcəklər. Lakin bu tələblərin hamısı nəticəsiz qaldı.

Stressner ömrünün son 17 ilini Braziliyada "Nazirlər yarımadası" adlanan yerdə - səkkiz yataq otağı, lifti və hovuzu olan lüks bir malikanədə keçirdi. Həyat yoldaşı və uşaqları öldü, yalnız öz adını daşıyan nəvəsi sağ qaldı. 2006-cı ilin avqustunda babasının öldüyünü məhz o elan etdi.

Nəvəsi keçmiş diktatorun cəsədini vətəninə qaytarmaq, təntənəli bir dəfn mərasimi təşkil etmək üçün Paraqvay hakimiyyəti ilə danışıqlar aparmağa çalışdı, lakin qarşı tərəf onun bu istəyini yaxına belə, buraxmadı...

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər departamenti

Gündəm