Uşaqların qulağını nə vaxt deşdirmək olar? - Pediatrdan MƏSLƏHƏT
Qulaq deşilməsi min illərdir qadınların bəzək əşyalarından biri olan sırğaların taxılması üçün edilən bir prosedurdur. İndiki vaxtda artıq kişilər də sırğa taxsalar da, onlar adətən yeniyetməlik illərində könüllü olaraq özləri qulaqlarını deşdirməyə qərar verirlər. Valideynlər əsasən, qız uşaqlarının daha kiçik yaşda qulağını deşdirirlər. Lakin erkən yaşda uşaqların qulaqlarının deşilməsi bəzən onun sağlamlığı üçün müəyyən fəsadlar törədə bilər.
Bəs bu prosedur üçün uyğun yaş neçədir?
Pediatr Nigar Abdullayeva “MediaPost”a bildirib ki, tibbə görə uşaqlarda qulağın deşilməsi üçün ideal zaman dörd yaş sayılır, çünki bu vaxt uşağa həmin vəziyyəti izah etmək mümkün olur.
O qeyd edib ki, dörd yaşdan aşağı uşağın immun sistemi zəif olduğu üçün qulağın deşilməsi zamanı müəyyən infeksiya keçə bilər:
“Dəridə müəyyən problemlər yaranar ki, sağalması da problemli ola bilər. Dörd yaşdan sonra uşağın qulağı deşilərkən istifadə olunan alətlərin mütləq steril olmasına diqqət etmək lazımdır. Proseduru icra edən şəxs əlinə əlcək taxmalıdır və istifadə olunan materiallar ya polad, ya gümüş, ya da qızıl olmalıdır. Bu prosedurdan sonra mütləq bir neçə gün ərzində müəyyən steril məhlullardan istifadə edərək qulaq dezinfeksiya edilməli, lazım gələrsə, nəmləndirici istifadə edilməlidir. Uşağının qulağını daha erkən yaşlarda deşdirmək istəyən valideynlərə isə tövsiyə edirik ki, bunu 1 yaşdan erkən etməsinlər. Çünki bu, uşağı çox incidə, narahat edə bilər və həmçinin qulağa da infeksiya keçə bilər”.