ÜST xəbərdarlıq etdi: "Dünyanın hər yerində yayıla bilər"
31.01.2020 06:25 Fikirlər

ÜST xəbərdarlıq etdi: "Dünyanın hər yerində yayıla bilər"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) insanlarda yeni növ sətəlcəmə səbəb olan koronavirusla bağlı qlobal miqyaslı fövqəladə vəziyyət elan edib.

"MediaPost" xəbər verir ki, bu barədə qərar yanvarın 30-da (virusun Çin xaricində də insandan insana ötürüldüyü təsdiqlənəndən sonra) qurumun müstəqil ekspertlər qrupu tərəfindən qəbul olunub.

"Koronavirusun yayılmasına görə beynəlxalq miqyasda fövqəladə vəziyyət elan edirəm", - deyə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreyesus qurumun Cenevrədəki fövqəladə komitəsinin iclasından sonra bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət əsasən səhiyyə sistemi zəif olan ölkələr üçün mövcud olan potensial təhlükəyə görə elan edilir: "Çin xaricində koronavirusa yoluxanların sayı hələ çox deyil. Lakin virusun səhiyyəsi zəif inkişaf etmiş ölkələrə hansı zərəri vura biləcəyini proqnozlaşdırmaq mümkün deyil".

Məlum qərara baxmayaraq, ÜST virusa görə malların və insanların hərəkətinə məhdudiyyətlər tətbiq etməyi tövsiyə etmir. Və hesab edir ki, dünya ölkələri virusu erkən müəyyən edərsə, xəstələr təcrid olunarsa, koronavirusun yayılmasının qarşısını almaq olar.

ÜST xəbərdarlıq etdi: Dünyanın hər yerində yayıla bilər

ÇİNƏ NƏ TÖVSİYƏ OLUNUR?

Çinə isə qurum bunları tövsiyə edib:

- Virusun yayılması və onunla mübarizə üçün görülən yeni tədbirlər barədə vətəndaşları mütəmadi olaraq məlumatlandırmaq;

- Ölkədə bütün yoluxma hallarının aşkar edilməsi üçün tədbirləri təkmilləşdirmək;

- Həkimləri yoluxmadan qorumaq üçün tədbirlər görmək;

- ÜST-lə birlikdə məlum virusun yaranma səbəblərini araşdırmaq;

- Bütün yoluxma halları barədə tam məlumat paylaşmaq;

- Beynəlxalq hava limanlarında və dəniz limanlarında monitorinqi davam etdirmək.

ÜST virusun dünyanın hər yerində yayıla biləcəyini vurğulayır, bütün dövlətlərə buna hazır olmaları tövsiyə olunur.

Təşkilat ölkələr arasında insanların və malların sərbəst hərəkətini məhdudlaşdırmağı tövsiyə etməsə də, belə məhdudlaşdırıcı tədbirlərin müəyyən hallarda təsirli ola biləcəyini qeyd var. İlk növbədə bu, zəif səhiyyə sistemi və həssas əhali qrupları olan ölkələrə aiddir.

Qurum həmçinin koronavirusa qarşı mübarizə apara bilmələri üçün beynəlxalq ictimaiyyətə aşağı və orta gəlirli ölkələri dəstəkləməyi tövsiyə edib.

Bəziləri Çini virusa qarşı mübarizə zamanı şəffaf olmamaqda tənqid etsələr də, ÜST görülən tədbirlərə görə ölkəni tərifləyib. Çin lideri Si Tszinpin isə virusu "şeytan" adlandıraraq, onu məğlub edəcəklərinə söz verib.

Çin Futbol Assosiasiyası 2020-ci il mövsümünün bütün oyunlarının təxirə salındığını açıqlayıb.

Bir sıra beynəlxalq aviaşirkətlər Çinə uçuşları dayandırıb. "Starbucks" və "Tesla" kimi şirkətlər Çindəki mağazalarını bağlayaraq fəaliyyətlərini dayandırıblar.

“Toyota” şirkəti Çindəki zavodlarının fəaliyyətini fevralın 10-dək dayandırıb. Şirkət həmin tarixdə fəaliyyətini bərpa edib-etməyəcəyini açıqlayacaq.

ÜST xəbərdarlıq etdi: Dünyanın hər yerində yayıla bilər

“Apple” şirkətinin Çində yerləşən müəssisələrinin də fəaliyyətində ciddi fasilələrin yaranması riski var.

“Google” şirkəti koronavirusla əlaqədar Çində yerləşən ofislərini bağlayıb. Şirkət Honkonq və Tayvandakı nümayəndəliklərini də bağlayacağını bildirib.

ÖLKƏLƏR NƏ TƏDBİR GÖRÜR?

- Yaponiya son üç gündə Uxandan iki dəfə təxliyə reysi həyata keçirib. Ümumilikdə 420-yə yaxın Yaponiya vətəndaşı təxliyə olunub. Sərnişinlər müayinə üçün Tokionun xəstəxanalarına göndərilib. Yaponiya KİV-lərinin məlumatına görə, onlardan üçündə virus aşkarlanıb. Yaponiya hökuməti çarter reysi ilə Çinə tibbi maskalar, dezinfeksiya üçün maddələr və digər yardım vasitələri də göndərib.

- Çinə yardım göndərən ölkələrdən biri də Belarusdur. 20 tonluq humanitar yardım dərman preparatları və tibbi yardım vasitələrindən ibarətdir;

- 200-ə yaxın amerikalı Uxandan çıxarılaraq ABŞ-a aparılıb. Onların hamısı Kaliforniyadakı aviabazada virus testindən keçirilir;


Həmçinin: "Fövqəladə vəziyyət elanı ilə bağlı politoloq: "Siyasi sifarişdir"


- Almaniya Uxan şəhərindən 90, Fransa 250 vətəndaşını təxliyə edib;

- Uxandakı Britaniya və Cənubi Koreya vətəndaşlarının uçuşları ləngiyir. Çin hökuməti hələ onların hamısına ölkəni tərk etmək icazəsi verməyib;

- Britaniya hökuməti Çindən ölkəyə gələnlərin hamısının iki həftə boyunca karantində olacağını bildirib;

- Avstraliya ölkədən 2 min kilometr məsafədə yerləşən "Milad" adasını karantin zonası edib;

- Gürcüstan yanvarın 29-dan Çinə aviareysləri müvəqqəti dayandırıb. Eyni zamanda, Çindən təkrar idxal və tranziti də qadağan edib;

ÜST xəbərdarlıq etdi: Dünyanın hər yerində yayıla bilər

- “Avstriya Hava Yolları” (AUA) fevralın 9-dək Çinə olan bütün aviareysləri ləğv edib;

- Honkonq Çinin materik hissəsi ilə bəzi sərhədləri müvəqqəti olaraq bağlayacaq. Oradan gələn turistlərə səyahət icazəsinin verilməsi də məhdudlaşdırılacaq;

- Monqolustan hökuməti koronavirusla əlaqədar Çinlə sərhədini bağladığını bəyan edib;

- Qazaxıstan Çinlə sərnişindaşımaları dayandırır. İki ölkə arasında sərnişin avtobuslarının hərəkətinə yanvarın 29-dan son verilib. Digər nəqliyyat vasitələri üzrə sərnişindaşımalar da yaxın günlərdə dayandırılacaq:

- “Ukrayna Beynəlxalq Hava Yolları” Çində olan Ukrayna vətəndaşlarını təxliyə edir. Təxliyə reysləri fevralın 3-dək həyata keçiriləcək. Fevralın 3-dən Ukrayna Çinlə birbaşa hava uçuşlarını dayandıracaq:

- Koronavirusla bağlı Rusiya Çinlə Uzaq Şərqdəki sərhədlərini bağlamağa qərar verib. Rusiya Baş Naziri Mixail Mişustin bununla bağlı sərəncam imzalayıb:

- "Turkish Airlines" fevralın 9-dək Çinə uçuşları dayandırmaq barədə qərar qəbul edib;

- Çinə uçuşları ləğv edən və ya uçuşlara məhdudiyyət qoyanlar arasında ABŞ-ın "American Airlines", "Delta", "United", Britaniyanın "British Ariways", Almaniyanın "Lufthansa", Fransanın "Air France", Finlandiyanın "Finnair" avişirkətləri də var;

- Bir çox dövlətlər vətəndaşlarına Çinə səyahət etməməyi tövsiyə edir.

Bu arada, Çin hökuməti xarici vətəndaşların ölkəyə hava yolu ilə girişinə martın 1-dək məhdudiyyət qoyub.

ÜST xəbərdarlıq etdi: Dünyanın hər yerində yayıla bilər

SON DURUM

Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına görə, ölkədə koronavirusa yoluxanların sayı 9692 nəfərə çatıb. Onlardan 213-ü dünyasını dəyişib. 1527 nəfərin vəziyyəti ağırdır.

Çinin hüdudlarından kənarda koronavirusa 98 yoluxma halı qeydə alınıb. Honkonq, Tayland, Tayvan, Makao, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Malayziya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və Finlandiya bu ölkələr sırasındadır.

Virusun mənbəyinin Uxandakı dəniz məhsulları bazarında qanunsuz satılan vəhşi heyvanlar olduğu bildirilir. 11 milyon əhalisi olan bu şəhər koronavirusun episentridir. Ölənlərin əksəriyyəti Uxanda yaşayanlar və ya bu şəhərdə olan insanlarla sıx təmasda olanlardır.

Virusla mübarizə aparan peyvənd hələ ki yoxdur. Lakin yoluxmuş insanların əksəriyyətində yüngül simptomlar olur, onlar müalicə olmadan sağalırlar.

Peyvəndlə bağlı sistemli araşdırmalar aparılır. Kaliforniyadakı bir laboratoriya iyun və ya iyul ayında klinik sınaqlar üçün peyvənd hazırlamağı planlaşdırır.

Lakin koronavirus kəskin respirator infeksiyaya səbəb ola və ölümə gətirib çıxara bilər. Yaşlı insanlar və digər xəstəliklərə görə immun sistemi zəifləyənlər daha çox risk daşıyırlar.

"Çində koronavirusla bağlı vəziyyət kritik olaraq qalmaqdadır, lakin 130 xəstənin həyatını xilas etmək mümkün olub", - deyə Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Tszyun bildirib: "Koronavirusun yayılması həqiqətən də Çin xalqının həyatı və rifahı üçün təhlükə yaradır. Görülməmiş qətiyyətli addımlar atılır. Koronavirusu məğlub edə biləcəyimizə və həyatımızı normal vəziyyətə gətirəcəyimizə əminik".

Daimi nümayəndənin sözlərinə görə, indi ölkədə ən çox tibbi avadanlığa, qoruyucu vasitələrə və eynəklərə ehtiyac var.

Çin Dövlət Səhiyyə Komitəsi isə 171 nəfərin sağalaraq xəstəxanadan evə buraxıldığı barədə məlumat yayıb.

Tərcümə "MediaPost"a məxsusdur

Xəbərlər departamenti

Gündəm