Valideynlər övladlarının xəstəliyindən niyə utanır? - ŞƏRH
11.12.2019 10:56 Fikirlər

Valideynlər övladlarının xəstəliyindən niyə utanır? - ŞƏRH

Cəmiyyətin xüsusi qayğıya və yardıma ehtiyacı olan ən önəmli təbəqələrindən biri daun və autizm sindromunun daşıyıcılarıdır. Onlar hər kəslə eyni hüquqa sahib olsa da, fərqli həyat tərzi yaşayırlar. Ən pisi də odur ki, bu insanlar yaşından asılı olmayaraq həmişə uşaq qalır və yaşamları boyunca özlərinin kim olduqlarını dərk etmir.

Azərbaycanda yüzlərlə autizm və daun sindromlu insan olsa da, biz ictimai yerlərdə onlara nadir hallarda rast gəlirik.

Sosial eksperimentlər göstərir ki, bu növ xəstəliklərin daşıyıcılarının bir çoxunda qeyri-adi fitri istedadlar müşahidə olunur. Dünyada daun sindromlu doğulub, alim, incəsənət xadimi, musiqiçi, şair, yazıçı, mühəndis, kimyagər olan onlarla adam var.

Mövzu ilə bağlı Mediapost.az-a açıqlama verən sosioloq Sahib Altay bildirib ki, Azərbaycanda nəinki daun sindromlu, anadangəlmə fiziki məhdudiyyətli doğulan xəstələrə qarşı da ayrıseçkilik var:

“Bir uşağın daun sindromlu doğulması o demək deyil ki, tamamilə həmin adam cəmiyyətdən, ictimai mühitdən, sosial fəaliyyətdən təcrid olunmalıdır. Bu cür insanların xüsusi istedadları olur. Biri elə bizim incəsənət səhnəmizin tanınmış və sevimli nümayəndəsi mərhum aktyor Lütfəli Abdullayevdir. Cəmiyyəti formalaşdıran beş amildən biri və ən əsası təhsildir. Azərbaycan ənənəvi qaydalarla yaşayan, kütləvi düşüncəylə, xüsusi stereotip və komplekslərlə yaşayan, görüntüyə aldanan və aşiq olan, görüntü naminə yaşayan toplumdur. Bu insanlar həm ictimai mühitdən təcrid olunurlar, həm də valideynlər bu uşaqları gizlətməyə çalışırlar. Bunun bir səbəbi valideynlər adətən başqalarının sağlam uşağını görüb, öz "xəstə" uşaqlarına qarşı ümidsizlik yaşayır və başqalarıyla müqayisədə öz övladlarını əskik hesab edirlər. Buna görə utanan valideynlər də var. Adətən, ailələr bu növ sindromlardan əziyyət çəkən övladlarını metroya, ictimai nəqliyyata mindirmirlər, taksi və şəxsi avtomobillə gəzintiyə, həkim müayinəsinə aparırlar və ya heç ümumiyyətlə aparmayıb, ev dustağı edirlər. Niyə? Bunu kompleks etdikləri üçün”.

Sosioloq qeyd edib ki, inkişaf etmiş ölkələrdə bu tip insanlarla bağlı xüsusi təlim mərkəzləri var və onları mümkün qədər cəmiyyətə qazandırmağa çalışırlar:

“Biz simvolik olaraq "xəstə" sözünü işlədirik, əslində isə bu adamlar xəstə deyillər, sadəcə, onların genetik konstruksiyası belədir. Xarici ölkələrdə bu insanlar üçün yaradılmış təlim mərkəzlərində həm onlara, həm də valideynlərinə təlim keçirilir. Azərbaycanda isə həm autizm, həm də daun sindromlu və ya bu tip sindromun daşıyıcısı olan uşaqlar və onların valideynləri üçün təlim mərkəzləri mövcud deyil. Olsa da, bir-iki özəl mərkəz var, onlar da fantastik ödəniş metoduyla fəaliyyət göstərir. Bizim statusumuzda olan ölkələrdə həm düşüncə tərzi, həm də tərbiyə metodu köhnə olduğuna görə bu sindromdan əziyyət çəkən uşaqların ictimai mühitə adaptasiya olunma şansı yoxdur. Çünki valideyn öz övladının genetik konstruksiyasını əskiklik hesab edir. Ətrafdakı insanlar da bu tip insanları topluma yararsız hesab edirlər. Məhz bu səbəbdən statistika dəqiq aparılmır, ortaya konkret say tərkibi qoymaq olmur”.

Ekspert əlavə edib ki, hazırda dövlətin realibitasiya mərkəzlərinə diqqətinin güclənməsi nəticəsində bu tip uşaqların asosiallığı qismən aradan qalxıb:

“Tanıdığım onlarla əlillik statusu verilən adamlar var ki, artıq sosial fəaliyyətdə iştirak edirlər. Hətta onlar üçün xüsusi idman növləri də var ki, bu sahələrdə yarışlara qatılırlar. Hüquq məsələsinə gəldikdə, bu tip insanların təcrid edilməsi, elə onlara qarşı edilən ən böyük qanunsuzluqdur. Və onların əlillik statusu alıb, təqaüd almaqdan başqa heç bir hüququ yoxdur. Elələri var ki, xəstəliyin ağır dərəcələrindədir. Ancaq sosial fəaliyyətə və təlimə yararlı olan uşaqlar ictimai mühitə cəlb edilməlidirlər. Fikrimcə, dövlət bu sindromdan əziyyət çəkən uşaqlar üçün xüsusi mərkəzlər formalaşdırmalı, həm onların özlərinə, həm də valideynlərinə təlimlər keçilməlidir. Ümumilikdə toplum da bu mövzularda maariflənməlidir. Nə valideyn öz övladını ictimai mühitə çıxarmaqdan çəkinməli, nə ətraf mühit o uşaqlara yuxarıdan aşağı baxmalıdır. Bir ölkədə yaşayan bütün insanlar fiziki, psixoloji, ruhi vəziyyətinə fərq qoyulmadan o ölkənin vətəndaşıdır. Onlara dövlət də, cəmiyyət də eyni nəzərlə baxmağa borcludur”.

Xəbərlər departamenti

Gündəm