Vəfa Ali: "Evdəki köhnə köynəkləri, cinsləri atmayın" - yeni ideya
05.02.2020 10:41 Fikirlər

Vəfa Ali: "Evdəki köhnə köynəkləri, cinsləri atmayın" - yeni ideya

Təbiətə vurduğu zərəri dəyişmək istəyən hər kəsin atdığı ilk addım eko çantaların istifadəsinə başlamaqdır. Alış-veriş zamanı istifadə etdiyimiz plastik çantalar 10 dəqiqədən sonra zibil qabımızda olur, daha sonra yüzillərlə təbiətdə qalır, dənizlərin və okeanların çirklənməsi, su hövzələrində yaşayan canlıların məhv olması ilə sonlanır. Eyni şəkildə meşələr, dərələr və s. Bununla bərabər plastik paket tullantıları şəhərimizi də çirkləndirir. Küləkli bir gündə üzünə doğru gələn paket heç əyləncəli deyil. Amma öncəki illərlə müqayisədə paket tullantılarının azalmasını görürük. Yeni dalğa başlayıb. Şəhərdə gənclər arasında tez-tez eko çantalara rast gəlirik. Tək bir insan dəyişiklik edə bilməsə də, birlikdə biz böyük nəticələr əldə edə bilərik. Ona görə də sən də #yaşılagəl və dostlarını da yaşıl həyat tərzinə, tullantısız həyata çağır.

İqlim dəyişikliyi və qlobal çirklənmənin arxasında dayanan reallığı qəbul edib-etməməsindən asılı olmayaraq bu gün insanlar ekoçantaların istifadə edir. Bəs ekoçantaları istifadə edən insanlar bunun fəlsəfəsinə nə qədər bələddir? Su kimi aydındır ki, gənclər trendi izləyir. Bu trendi ekoçanta istifadəsini təbliğ etsə də, fəlsəfəsini təbliğ etmir.

Ekoçantaların ana məqsədi birdəfəlik istifadə edilən çantaların istifadəsini azaltmaqla tullantıları azaltmaqdır. Elə bu məqsədlə də ekoçanta istifadəçilərinin tez-tez çanta dəyişməsi, çantanı yeniləməsi fəlsəfəyə ziddir.

Çoxistifadəlik dayanıqlılıq və davamlılıq tullantıları azaltmanın əsas fəlsəfəsidir. Ekoçantalalar tullantını azaltmaq, yenidən istifadəni və yenidən emalı təmin etmək üçün istifadə olunur. Bəs bilirsinizmi, biz özümüz əlimizdəki tullantılardan yeni ekoçantalar yarada bilərik. Beləliklə həm finans baxımından, həm də tullantıları azaltmaq baxımından uğurlu nəticə əldə edərik.

Bir neçə nünunəyə nə deyirsiniz?

Evdəki köhnə köynəkləri atmayın. Çünki onlar ideal ekoçanta olaraq alış-verişdə sizin ən rahat dostunuz olacaq.

Köhnə cinslərdən möhkəm və çox davamlı ekoçantalar hazırlamağa nə deyirsiniz?

Evdəki köhnə tül pərdələri atmayın, çünki onlar sizin marketdə meyvə-tərəvəz, quru meyvə və s. alış-verişlərinizdə mükəmməl köməkçi olacaq. Asanlıqla özünüz hazırlayıb istifadə edəcək və evə gələn külli paket tullantılarından xilas olacaqsınız.

Bu siyahını daha da uzada bilərik, necəsini isə sizdən soruşacağam. Yeni ideyalarınızı paylaşın, digər insanlara da ideya olsun.




Xəbərlər departamenti

Gündəm