Vəfa Ali: “Gənclər arasında yeni trend olan yaşıl həyat tərzi nədir?”
27.01.2020 11:31 Fikirlər

Vəfa Ali: “Gənclər arasında yeni trend olan yaşıl həyat tərzi nədir?”

Günümüzdə insanlar təkcə seçimləri, daşıdıqları dəyərlər və yanaşmalara görə deyil, həm də həyat tərzlərinə görə bir-birindən fərqlənir. Son 10 illiyin qlamur həyat tərzi trendi getdikcə yaşıl həyat tərzi ilə əvəzlənir.

Gənclər arasında yeni trend olan yaşıl həyat tərzi nədir?

Yaşıl həyat tərzi daha az tullantılı, kimyəvi və plastik istifadəsinin minimuma endirildiyi, ekoloji təmiz məhsulların istifadəsinə yönəlmiş və ən əsası limitli və ağıllı istehlakı təbliğ edən həyat tərzidir. Bu həyat tərzini seçən insanlar məhsul alışını azaldır, təkrar istifadəni təbliğ edir, tullantılarını minimuma endirir və beləliklə də, təbiətə daha az zərər vurmağa çalışır. Yaşıl həyat tərzinin əsas prinsipi 5R olaraq bilinən Refuse, Reduce, Reuse, Recycle, Rot yanaşmasından ibarətdir. Prinsiplər çox sadədir, istifadədən imtina etmək, istifadəni azaltmaq, təkrar istifadə etmək, təkrar emal etmək və mümkün olan tullantıları çürütməklə biz ətraf mühitə verdiyimiz zərəri azalda bilərik. Biz bu 5 əsas qaydaya riayət edərək insanın təbiətə tullantılarını azalda, beləliklə də, planetimizin ömrünü uzadarıq. Yaşıl həyat tərzini təbliğ edən gənclər çoxalsalar da, bu barədə ümumi biliklərin azlığı, yanlış məlumatların isə dildən-dilə yayılması müzakirələri fərqli müstəviyə qoyur.

Yaşıl həyat tərzinə keçid birdəfəlik və ya bir gün oyanıb keçməklə olmur, bir gün seçib bu həyat tərzinə keçə bilməzsiniz. Hissə-hissə, addım-addım baş verən dəyişikliklər uzun bir zaman istəyir. Nəzərə alsaq ki, biz tullantıların bol olduğu bir həyat yaşayırıq ani keçid mümkünsüzdür.

Vəfa Ali: “Gənclər arasında yeni trend olan yaşıl həyat tərzi nədir?”

Lakin ilk addımı atdıqdan sonra siz artıq təbiəti qorumaq üçün hərəkətə keçirsiniz. Bu uzun bir dəyişiklik və prosesdir. Prosesin hansı mərhələsində olmanızdan asılı olmayaraq siz ekosistemin daha az zərərli bir fərdinə çevrilirsiniz.

Beləliklə, yolun lap başında olanlara görə yaşıl həyat tərzinə keçid üçün 5 ilk addım

Birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik paketlərin istifadəsini azaldın. Plastik paketlər istifadəsinə görə yüngül, sərfəli və rahatdır. Lakin bir neçə dəqiqə həyatımızda rol alan bu paketlərin təbiətdə məhv olması yüzilliklər alır. Bir neçə saniyəlik rahatlıq qarşılığında planetə bu zərəri vurmağa dəyərmi? Bir düşünün, zərəri anlayıb plastik paketlərdən imtina edə bilməyənlər az deyil, çünki həyatımızda bu qədər böyük yeri olan plastik paketləri əvəzləmək çətindir. Tamamilə imtina mümkün olmur və istənmədən də istifadə edirsən. Amma istifadəni minimuma saldıqdan sonra tədricən imtina da etmək olur.

Kağızdan istifadəni azaldın və kağızları mümkün olduqca təkrar istifadə edin. Yaşadığımız dövr texnologiya dövrüdür. Sürətlə dijitallaşan dünyada kağız istehlakını minimuma endirmək olduqca asandır. İstifadə etdiyimiz kağızları isə təkrar emal üçün ayıra bilərik. Kağızın təkrar emalı onun ağacdan emalından 40% az enerji aparır. Məhz bu baxımdan da istifadə olunan kağızları təkrar emal üçün toplamaq önəmlidir. Həmçinin 1 ton kağız 17 qocaman ağac deməkdir. Bu rəqəmləri xatırladıqca, kağız istifadəsini minimuma endirməyə cəhd edəcəyinizə əminəm. Əl və mətbəx salfetlərin istifadəsini parça ilə əvəzləyin.

Enerji istifadəsini azaldın. Gündəlik evdə enerjidən istifadəni nəzarətdə saxlamaq təkcə sizin şəxsi büdcənizə xeyir vermir, həm də planetimizdə enerji üçün yaranan zərərin qarşısını alır.

Xüsusilə Azərbaycanda enerji istehsalı daha çox istilik elektrik stansiyaları hesabına ödənilir. Ikinci yerdə isə Su Elektrik Stansiyaları dayanır. Biz evimizdə enerjini daha ağlabatan istifadə etdikdə artıq böyük bir töhfə veririk. Enerjiyə qənaət edən işıq lampalarından istifadə edin. Əgər evinizdə digər lampalardan varsa, dərhal hamısını atıb enerji qoruyucularla əvəzləməyin. Əlinizdəkilər istifadəyə yararsız olduqca yeni aldıqlarınızda enerji qənaəti barədə düşünün.

Vəfa Ali: “Gənclər arasında yeni trend olan yaşıl həyat tərzi nədir?”

Gündəlik həyatda plastik məhsullardan daha çox təkrar istifadə və emal olunan materiallara üstünlük verin. Məsələn, mətbəx streçi əvəzinə çoxistifadəlik arı mumu ilə bükmə paketlərdən, plastik butulkalarda satılan içkilər əvəzinə şüşə butulkalar, plastik qulaq çöpləri əvəzinə kağız qulaq çöplər, plastik çantalar əvəzinə parça və kanvas çantalardan, bir dəfə istifadəlik su çöpləri əvəzinə şüşə və ya metal çöplər... Bu siyahını daha da genişləndirmək olar, əsas odur hər kəs fərd olaraq tullantını azaldan yollar tapaq. Alış-verişdə təkrar istifadəyə yararlı məhsulları seçmək sizin tullantıları xeyli azaldacaq. Büdcəyə qənaəti də unutmamaq lazımdır.

Sudan istifadəni düzgün edin, su israfından yayının. Suyun təkrar istifadəsi mümkün olan yerlərdə bir qədər zəhmət və əziyyət qarşılığında suya qənaət edin. Təmiz su istehlakı həm də enerji istehlakıdır - bunu yadda saxlayın!

Bu 5 əsas addımla siz yaşıl həyat tərzinə ilk addımları atacaqsınız və tədricən alıcı olaraq daha seçici olacaq, ətraf mühitə daha həssas yanaşacaqsınız. Önəmli olan nə qədər çox addım atmağınız, plastik və tullantılardan birdəfəlik xilas olmağınız deyil. Önəmli olan ilk addımı atmağınız, elə ilk addımlardan etibarən də ətrafınızda ətraf mühitin qorunması üçün təbliğat aparmağınızdır. Bu həyat tərzinin ən gözəl tərəfi odur ki, burada heç kim başqaları ilə müqayisədə deyil, hər gün özü ilə müqayisədə bir addım irəliyə gedir və ümumi nəticə isə planetimizin ömrünü uzadır, gələcək nəsillərə sağlam ətraf mühit, dayanıqlı həyat şəraiti təmin edir.

Sabahdan etibarən ilk addımı atan hər kəsdən bu mövzuda paylaşım gözləyirəm. #yaşılagəl

Vəfa Ali xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm