“Verilişlər ağbirçək və kişilərin hər zaman haqlı olduğunu təlqin edir” - Vəfa Ali ilə MÜSAHİBƏ
02.12.2019 07:58 Fikirlər

“Verilişlər ağbirçək və kişilərin hər zaman haqlı olduğunu təlqin edir” - Vəfa Ali ilə MÜSAHİBƏ

Son zamanlarda Azərbaycanda tez- tez qadınların cinayətin qurbanı olması, şiddətə məruz qalması halları baş verir. Bu cür halların azalması, cəmiyyətin maariflənməsi məqsədilə ictimai fəallar tərəfindən videoçarxlar hazırlanır. Sosial mediada tanınmış qadın blogerlər də belə hallara diqqət çəkmək üçün bir sıra layihələr həyata keçirir.

Qadına qarşı şiddət mövzusunda çəkdiyi videolarla sosial medianın gündəminə düşən bloger Vəfa Alinin Mediapost.az-a müsahibəsini təqdim edir:

- Sizin qadına şiddət mövzusunda çəkdiyiniz video sosial mediada trendə çevrildi, istifadəçilər tərəfindən rəğbətlə qarşılandı. Sizcə, belə videolar insanların maariflənməsinə yardım edir?

- Əslində, videoların məqsədi maarifləndirmək yox, bu mövzuya diqqət çəkmək idi. Əlbəttə, bununla paralel maarifləndirmə işi aparmaq üçün materiallar, xüsusilə mövcud vəziyyətlə bağlı praktiki təlimatlar hazırlayıram. Sözügedən işdə bir neçə hüquqşünas komandası ilə birlikdə işləyirəm. Təlimatların da əsas mövzusu məişət zorakılığının qurbanı olan qadınların xilas yolu ilə bağlıdır. Bütün bu işlər hamısı #gücümüzbərabərdir kampaniyası çərçivəsindədir. Eyni zamanda cəmiyyətin fikrini bu məsələyə çəkmək üçün petisiya imzalama kampaniyası da başlatmışıq.

“Verilişlərdə ağbirçək və kişilərin hər zaman haqlı olduğunu təlqin edilir” - Vəfa Ali ilə MÜSAHİBƏ

- Bir neçə ay öncə tez-tez sosial şəbəkələrdə qadınların həyat yoldaşlarını aldatması ilə bağlı 18+ videolar paylaşılırdı. Belə videolar qadınların şəxsi reputasiyasına təsir göstərirmi?

- Bu videolar qadınların reputasiyasına heç bir təsir göstərməməlidir. Hər bir qadın individualdır. Bir qadının xəyanət etməsini hər kəsin adına yazmaq olmaz. Bu, bir steorotipdir. Əvvəllər deyilirdi ki, bütün kişilər xəyanət edir, indi də bütün qadınların xəyanət etdiyini deyirlər. Az öncə qeyd etdiyim kimi, bu məsələ individualdır və hər qadına şamil etmək olmaz.

- Artıq insanlar öz ailə problemlərini televiziyalarda həll etməyə çalışır. Belə verilişlər cəmiyyətə nə verir?

- Əgər bu cür verilişlərə düzgün mütəxəssislər dəvət edilərsə, inanıram ki, müsbət nəticə əldə oluna bilər. Lakin belə proqramlara az da olsa, baxmışam və belə başa düşmüşəm ki, bu verilişlər ağbirçək və kişilərin hər zaman haqlı olduğunu təlqin edir. Qadınların hər çətinliyə dözməli olduğu bildirilir. Ona görə də hesab edirəm ki, hazırda belə proqramlar cəmiyyətə düzgün nümunə deyil.

“Verilişlərdə ağbirçək və kişilərin hər zaman haqlı olduğunu təlqin edilir” - Vəfa Ali ilə MÜSAHİBƏ

- Şiddət yalnız qadına qarşı tətbiq olunur? Bəzən kişilər sosial mediada qadınların onlara qarşı psixoloji şiddət tətbiq etdiklərini bildirirlər. Hətta bəzən fiziki zorakılıqla bağlı xəbərlər də oxuyuruq.

- Azərbaycan reallığında daha çox qadına qarşı zorakılıq olur. Qadınlar gündəlik fiziki, psixoloji və iqtisadi şiddətə məruz qalır. Qadınların kişilərə qarşı etdiyi psixoloji zorakılıq mövzusu ilk baxışda insanlarda elə təəssürat yaranır ki, həqiqətən, bu, belədir. Lakin analiz edəndə, məsələnin kökünə gedəndə görürük ki, ən başından bəri kişinin etdiyi psixoloji şiddət var. Məsələn, kişi qadına sərhədlər qoyur, onun hərəkətini limitləyir. İşləməyə, təhsil almağa, şəxsi inkişafa qoymur bununla da ailədə ciddi problemlər yaranır. Kişi qadına öz ayaqları üzərində durmaq haqqı tanımır, bununla paralel qadına lazım olduğu zaman pul vermir, onun iqtisadi tələblərini qarşılamır. Belə olan halda artıq qadın əks hücuma keçir. Bu vəziyyətdə deyinməyə başlayırsa, biz deyirik ki, kişiyə psixoloji şiddət göstərir. Lakin bu, sadəcə, qadının öz narazılığını göstərməsinin bir formasıdır və belə situasiyalarda ona kömək etmək lazımdır. Amma heç vaxt qadın kişini güclü psixoloji şiddətə məruz qoymur. Bu da individual məsələdir. O halda baş verə bilər ki, kişi qadına zor tətbiq etmiş olsun. Lakin inanmıram ki, Azərbaycanda bu hal kütləvi olaraq baş versin.

- İnsanlar həyatlarının böyük bir hissəsini sosial şəbəkələrdə dostları ilə bölüşür. Bəzən birinə əsəbləşir, sözünü yerində demək əvəzinə profilində paylaşır. Bu hansı ehtiyacdan qaynaqlanır?

- Düşünürəm ki, bunun əsas səbəbi bizim insanlar arasında kommunikasiyanın zəif olması ilə əlaqədardır. Biz öz fikirlərimizi müdafiə edə bilmirik, sosial şəbəkə üzərindən kiməsə söz demək bizə daha asan gəlir. Həmin an mübahisə edəcəyimiz insanla debatdan çəkinirik.

“Verilişlərdə ağbirçək və kişilərin hər zaman haqlı olduğunu təlqin edilir” - Vəfa Ali ilə MÜSAHİBƏ

- Ölkəmizə səfər edən uşaq və təhsil üzrə beynəlxalq ekspert Mişel Mur sosial medianın azyaşlıları intihara sövq etdiyini bildirir. Bu fikrə münasibətiniz necədir?

- Sosial mediada yer alan xəbərlər, danışılan mövzular azyaşlıları intihara sövq edə bilər. Lakin burada da incə bir nüans var. Hər uşaq rahatlıqla intihara cəhd edə bilməz. Valideynləri ilə münasibətində problemi olanlar bu cür addım atmağı düşünə bilərlər. Belə ailələrdə böyüyən uşaqların psixologiyasında həssaslıq əmələ gəlir. Bu uşaqlar yalnız sosial mediada deyil, ətrafında baş verən ciddi hadisələrdən də təsirlənib canına qıya bilər. Bunun həlli üçün ailələr uşaqları ilə daha yaxşı münasibət qurmalıdır. Azərbaycan mentaliteti bunu gərəkdirir ki, uşaqla valideyn arasında pərdə olmalıdır. Uşaq intihar edəndə belə, valideyn o pərdəni qaldırıb görə bilmir ki, övladının özünü öldürməsində əsas səbəb nədir.

Xəbərlər departamenti

Gündəm