Vətəndaş cəmiyyəti və hüquq mədəniyyəti
03.12.2019 10:45 Fikirlər

Vətəndaş cəmiyyəti və hüquq mədəniyyəti

Bu mövzu həmişə cəmiyyətimizi narahat edib. İnsanlarımız nə dərəcədə hüquqi qayda və qanunlara riayət edir? Nə dərəcədə digər şəxslərin hüquq və vəzifələrinə hörmətlə yanaşır? Nə qədər mübahisələrin hüquqi yolla həllinə can atır? İnsanlar nə qədər məhkəmə-hüquq sisteminə inanır və etibar edir? Bəli, məhz bu suallara cavab axtarsaq, heç də ürəkaçan nəticəyə malik olmayacağıq.

Biz istəsək də, istəməsək də hələ ki, vətəndaşlarımızın hüquqi düşüncə və hüquq mədəniyyəti sahəsində bilik və bacarıqları arzuolunan səviyyədə deyil. Hesab edirəm ki, bunun əsas 2 səbəbi var.

İlk olaraq onu söyləməliyəm ki, ölkəmizdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin formalaşması prosesi ölkəmizin üzləşdiyi keçid dövrü ərzində çox keşməkeşli və çətin yolları keçməklə bu səviyyəyə gəlib çatmışdı. Ölkəmizin işğal və aqressiya ilə üzləşməsi, vətəndaşlarımızın soyqırıma məruz qalması, torpaqlarımızın zəbt olunması, beynəlxalq aləm tərəfindən aqressorun tanınmaması, konfliktin həllində və mediasiya prosesində guya neytral mövqe tutmalı olan ölkələrin reallıqda tərəflərdən biri olan Ermənistanın tərəfini tutması, konfliktin artıq 25 ildən çox həll olunmadan davam etməsi Azərbaycan insanında beynəlxalq səviyyədə hüquq, qayda, qanun və digər bu kimi məsələlərin formal xarakter daşıması, riayət olunması heç də icbari xarakter daşımaması, son nəticədə insanlarda bu tip məsələlərdə inamsızlığının yaranmasına gətirib çıxarır.

İkinci səbəb olaraq onu göstərməliyik ki, insanlarda hüquq mədəniyyətinin formalaşması təkcə cəmiyyətin üzvü olan sıravi vətəndaşların hərəkət və hərəkətsizliyindən ibarət deyil. Burada həmçinin vətəndaşın hüquqlarının qorunması ilə məşğul olan dövlət qurumlarının özlərinin də hüquq mədəniyyətinin aşılanmasında ehtiyacı olmasıdır.

Gəlin baxaq ki, bütün hallardamı qanun və qaydalar hamı üçün eyni dərəcədə tətbiq olunur? Bəzən yerli məmurlar tərəfindən bilərəkdən və ya səhlənkarlıq, yaxud da məlumatsızlıq səbəbindən bu məsələlərdə vətəndaşlara nəzərən ayrıseçkilik tətbiq olunurmu? Bəlkə bu cür ayrıseçkilik halları özü-özlüyündə insanları hüquq mədəniyyətindən soyudur? İnamsızlıq yaradır?

Yuxarıdakıları nəzərə alaraq, onu qeyd etmək istərdim ki, cəmiyyətimizdə hüquq mədəniyyəti səviyyəsinin artması üçün mütləq və mütləq qarşılıqlı olaraq həm dövlət, həm də vətəndaş cəmiyyəti qurumlarının vətəndaşlarla birgə qarşılıqlı anlaşmasına, maariflənməsinə və məsuliyyətinin bölüşdürülməsinə ehtiyac var.

Ramil İskəndərli - xüsusi olaraq Mediapost.az üçün

Xəbərlər departamenti

Gündəm