Vətənə xidmətdən ev davasına qədər kiçilənlər
11.02.2020 14:11 Fikirlər

Vətənə xidmətdən ev davasına qədər kiçilənlər

Hazırda ölkə rəhbərliyinin əsas prioritetlərindən biri məhz Azərbaycanda ordu quruculuğunu daha da inkişaf etdirmək, hərbi qulluqçuların sosial-məişət şəraitini yaxşılaşdırmaqdır. Dünya təcrübəsinə əsaslanıb qeyd etmək kifayətdir ki, bir çox ölkələrdə hərbi peşə sahibləri Azərbaycanda olduğu səviyyədə dövlət qayğısı ilə əhatə olunmayıb.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli Fərman imzalayıb. Bu sənəddə göstərilir ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində ölkəmizin hərbi qüdrətinin artırılması və ordu quruculuğu tədbirləri uğurla davam etdirilir: "Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi və ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsinə imkan vermişdir. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət problemlərinin həll edilməsinə təkan vermişdir".

Mövcud qanunvericilikdə də təsbit olunur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Bundan əlavə, Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə xidmət edən hərbi qulluqçulara xidməti mənzillər verilir, onlar müasir məişət şəraiti olan hərbi şəhərciklərdə yerləşdirilir. Daimi, yaxud xidməti mənzillərlə təmin olunmayan hərbçilərə isə dövlətin müasir bazar tələbatına uyğun təyin etdiyi kirayə haqqı ödənilir. Bu isə hərbçinin ailəsi ilə birgə istənilən şəhər və rayonda müvəqqəti yaşamasına imkan verir. Yeri gəlmişkən, ehtiyatda və ya istefada olan hərbçilər də əgər dövlət hesabına yaşayış şəraiti ilə təmin edilməyibsə, hərbi qulluqçular kimi onlar da kirayə pulu almaq hüququna malikdirlər. Bununla da kirayədə olan hərbçi ailələrinin sosial rifahı yaxşılaşdırılır.

Prezidentin tapşırığına əsasən, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısı hazırlanır, tələb olunan mənzillərin sayı və bölgüsü müəyyən edilərək müvafiq qaydada onlar dövlət Komissiyası tərəfindən mənzillərlə təmin olunur.

Əlbəttə, siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti və digər vacib amillər nəzərə alınır.

Göründüyü kimi, hansı kateqoriyadan olan hərbi qulluqçuların daimi mənzil almaq imtiyazının olması Prezidentin imzaladığı fərmanda bütün aydınlığı ilə əksini tapıb. Sadəcə olaraq bəzilərinə xatırlatmaq lazım gəlir ki, qanunla təsbit olunmuş qaydada hər bir şəxsin sosial şəraiti nəzərə alınır və heç kəs dövlət qayğısından kənarda qalmır.

Bir çox dünya ölkələrinin təcrübəsində hərbi qulluqçuların mənzil təminatında fərqli cəhətlər vardır. Həmin dövlətlərlə müqayisəli təhlil aparılsa, belə qənaətə gəlmək olar ki, Azərbaycanda hərbçilərin sosial təminatını yaxşılaşdırmaq üçün vacib olan bütün tədbirlər həyata keçirilir.

Hazırda hərbi xidmətdə olan şəxslərlə yanaşı ölkəmizdə dövlət qayğısı ilə təmin olunan əsas təbəqə şəhid ailələri və müharibə qaziləridir. Hər il bu təbəqədən olan insanların sosial qayğılarını həll etmək məqsədi ilə zəruri tədbirlər həyata keçirilir. Son bir neçə ildə minlərlə şəhid ailəsi, yaxud müharibə əlili dövlət hesabına müasir, tam təmirli mənzillərlə təmin olunub. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan dövlətinin siyasətində insan amili əsas yer tutur.

Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi antimilli qüvvələr dövlətimizin siyasi kursuna kölgə salmağa və bu məqsədlə guya narazı olan hərbçilərdən yararlanmağa çalışırlar. Əgər kimsə hərbi xidmətində müxtəlif qüsurlara yol veribsə və buna görə də vaxtından əvvəl ordu sıralarından tərxis edilibsə, günahkarı başqa ünvanda axtarmaq düzgün deyil. Təkrar qeyd etmək lazım gəlir ki, dövlət hesabına mənzil təminatı yalnız 20 təqvim ili müddətində qüsursuz xidməti olan hərbi qulluqçulara şamil olunur.

Əhməd Heydərli

Xəbərlər departamenti

Gündəm