Virusa görə valideynlər övladını məktəbə göndərməsə, alternativ olacaqmı?
20.04.2020 14:20 Təhsil

Virusa görə valideynlər övladını məktəbə göndərməsə, alternativ olacaqmı?

"MediaPost" xəbər verir ki, aprel ayını 18-i Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamla bu müddət bir az da uzadılıb.

Sərəncamla Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il aprelin 20-dən mayın 2-dək (ilk tədris günü mayın 4-ü müəyyən edilir) Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

Artıq may ayının 4-ü üçün dərslərin açılması nəzərdə tutulsa da, bəzi valideynlər virus təhlükəsi tam bitməməsi səbəbindən narahatdır. Mütəxəssislər virusdan xilasın 1 ildən tez olmayacağını da açıqlayıb.

Narahat olan valideynlər üçün alternativ addımlar nəzərdə tutulubmu? Onların övladlarının onlayn şəkildə dərs prosesi davam etdiriləcəkmi?

Mövzu ilə bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "MediaPost"a açıqlama verib.

"Təlim-tədris prosesinin başlaması may ayının 4-ü üçün nəzərdə tutulub. Yəni indidən proses haqda danışmağın erkən olduğunu düşünürəm. Əgər mayın 4-ü ilə bağlı hər hansı bir yeni qərar olarsa, onda biz öz kommunikasiyamızı onun üzərinə edəcəyik", - qurum rəsmisi bildirib.

Xəbərlər departamenti

Gündəm