Virusdan sonra gərgin fəaliyyət - İnsanlar işə necə adaptasiya olmalıdır? - MÜSAHİBƏ
29.04.2020 13:29 Fikirlər

Virusdan sonra gərgin fəaliyyət - İnsanlar işə necə adaptasiya olmalıdır? - MÜSAHİBƏ

Virus demək olar ki, bütün ölkələri iflic edib. Hər bir ölkədə virusun yayılmasının qarşısını almaq üçün ciddi addımlar atılıb.

Təhsil müəssisələri, ictimai iaşə obyektləri, ticarət mərkəzləri, kafe və restoranlar, bir çox iş yerləri müvəqqəti olaraq fəaliyyətlərini dayandırıb.

Artıq mütəxəssislər virusla bağlı nikbin notlara köklənib və hər kəs yavaş-yavaş tətbiq etdikləri karantin rejimini yumşaltmağa hazırlaşır. Bəzi müəssisələr isə fəaliyyətlərini bərpa etməyə başlayıblar.

Lakin uzun müddətdir karatin rejimində yaşayan insanlar üçün yenidən işə və həyata adaptasiya olmaq çətinləşib. Bu isə iş keyfiyyətinin aşağı düşməsinə səbəb olan başlıca amillərdəndir.

Mövzu ilə bağlı Proqressiv Psixologiya Mərkəzinin psixoloqu Günel Əliyevanın "MediaPost"a müsahibəsini təqdim edirik:

- Uzun müddətdir ev şəraitində çalışmış və ya bir müddət istirahət etmiş işçilər ofis mühitinə yenidən öyrəşmək üçün hansı addımlar atmalıdır? Bu dəyişkənlik insan psixologiyasında hər hansı bir fəsad yarada bilərmi?

- Təbii ki, yaşadıqlarımız insanların beynində bir iz qoydu. Və bu iz pozitivdən çox neqativdir. Bu da insan psixologiyasına mənfi təsir göstərir. Uzun müddət işləməyən insan işə başladıqda bu, onun iş əmsalına müəyyən qədər mənfi təsir edə bilər. Məsləhət görərdim ki, insanlar işə başlayanda əvvəlcə düşüncələrində belə bir stereotip yaratmasınlar ki, indi iki-üç qat artıq çalışmalıdır. Xeyr, bu əksinə insanı daha da stresə salır. Bu zaman insan zəifləyir və onun iş keyfiyyəti aşağı düşür. İnsanlar əvvəlki rejimdə necə işləyiblərsə, elə də işləsinlər. Tələsmədən, qaçaqaçdan uzaq dursunlar. Əgər oturaq işdirsə, saatlarla kompüter arxasında oturmasınlar. Arada fiziki hərəkət etsinlər. Ağlına neqativ fikirlər gəlirsə, motivasiya verəcək videolara baxsın və ya musiqi dinləsinlər. Yəni 5-10 dəqiqə vaxt ayırıb özlərinə xoş olan bir şeylər etsinlər. Virusla bağlı iş yerlərində neqativ müzakirələr etməsinlər. Hazırda insanlar iki kateqoriyaya bölünüb. Ona görə də bir-birlərinin fikirlərinə hörmətlə yanaşsınlar, mübahisələrə keçməsinlər. Əksinə, gələcək planlardan, daha yaxşı fikirlərdən danışmaq lazımdır. Özlərinə nə edəcəkləri ilə bağlı plan yazsınlar. Fasilə vaxtı biraz həyətə düşüb gəzsinlər. D vitamininin çatışmazlığı insanda əsəb yaradır. Ona görə günəşdə olmaq şərtdir. Əlavə lazım olsa, vitamin D kompleksləri qəbul etsinlər.

- Bəs şirkət rəhbərləri işçilərlə ünsiyyətində nələrə diqqət etməlidir? Əvvəlki rejimə qayıtmaq, yoxsa bir müddət daha sərbəst formada çalışmağı təmin etmək daha düzgündür?

- Şirkət rəhbərlərinə məsləhətim odur ki, yeni iş günlərinə neqativlərlə yox, iş ilə bağlı gələcək müsbət fikirlərlə başlasınlar. Müdiriyyət başa düşməlidir ki, insanı daha yaxşı işləməyə sövq edən şey onların motivasiyasını artırmaqdır. İşçiləri maksimum müsbət ab-havaya kökləmək lazımdır. Gündə 10 dəqiqəlik işçilərlə görüşüb, onların hal-əhvalını soruşmaq lazımdır. Yeni iş gününə belə başlasalar, həm özlərinə faydalıdır, həm də işçilərin əhval-ruhiyyəsinin qalxması üçün müsbət addımdır. İnsanların iş əmsalının artırılması onların psixoloji durumlarından asılıdır. Bu günlərdə rəhbərlik işçilərinə qarşı daha anlayışlı olmalıdır. Çünki insanlar kifayət qədər stres keçirib. Birdən-birə əvvəlki və ya iki-üç qat artıq rejimə keçmək insanlar üçün çətindir. Bu daha da pis nəticələr verə bilər.

- Psixoloji olaraq əvvəlki fəaliyyətini bərpa edə bilməyən insan nə etməlidir? Hansı mərhələdə psixoloqa müraciət vacibdir?

- Əgər bütün bu baş verənlər insanda psixosomatik pozuntulara səbəb olub, yuxu pozuntusu, gərginlik yaradıbsa, o zaman psixoloqa müraciət etmək lazımdır. Əgər vaxtında bu problemlər aradan qaldırılmasa, iş keyfiyyəti də aşağı düşəcək. Müdiriyyət və iş yerindəki kollektiv fərdin bu vəziyyətinə anlayışla yanaşmalı və dəstək olmalıdır.

Virusdan sonra gərgin fəaliyyət - İnsanlar işə necə adabtasiya olmalıdır? - MÜSAHİBƏ

Xəbərlər departamenti

Gündəm