Virusun insan tərəfindən yaradılması iddiasına Uhan laboratoriya müdirindən açıqlama
19.04.2020 14:23 Dünya

Virusun insan tərəfindən yaradılması iddiasına Uhan laboratoriya müdirindən açıqlama

Uhan Virusologiya institutunun laboratoriya müdiri, professor Yuan Zhi-Ming Çinin dövlət televiziyasına müsahibə verib.

“MediaPost” “Lenta.ru”ya istinadən xəbər verir ki, o müsahibəsində koronavirusun süni yaradıldığına dair səsləndirilən iddialara cavab verib.

Professor bildirib ki, koronavirus Çində yaradılmayıb. Ümumiyyətlə, insan tərəfindən belə bir virusun yaradılması mümkünsüzdür.

Laboratoriya müdiri həmçinin qeyd edib ki, rəhbərlik etdiyi qurumun heç bir əməkdaşı COVID -19 pandemiyasına yoluxmayıb: ”İnstitutun bütün əməkdaşları koronavirusla əlaqəli müxtəlif sahələrdə tədqiqatlar aparır. Uhan labaratoriyası ən yüksək bioloji təhlükəsizlik tədbirlərinin görüldüyü bir müəssisədir. Ona görə də, burada virusun yaradılması ehtimalı mümkünsüzdür. Lakin bir sıra nəşrlər heç bir əsası olmayan və fakta söykənməyən məlumatlar paylaşaraq, guya virusun süni yaradıldığı ehtimalını dünya əhalisini çatdırmaq istəyirlər".

Məlumat üçün qeyd edək ki, dünyaca məşhur “Fox News” telekanalı koronavirusu sakinlərə yayan şəxsin məhz Uhan laboratoriyasının işçisi olduğunu açıqlayıb. Rəsmi Pekin isə bu versiyanın heç bir elmi əsasının olmadığını bəyan edib.

Çin hökuməti bu qədər insanın ölümü ilə nəticələnən pandemiyanın Uhan şəhərindəki canlı heyvanların satıldığı dəniz məhsulları bazarından başladığını açıqlayıb.

Xəbərlər departamenti

Gündəm