VÖEN-i "bağlatdıran" şəxslərə 190 manat yardım düşürmü? - Diqqət edilməli 2 məqam
20.04.2020 10:31 İqtisadiyyat

VÖEN-i "bağlatdıran" şəxslərə 190 manat yardım düşürmü? - Diqqət edilməli 2 məqam

Karantin rejimi müddətində iqtisadi və sosial zərərlərin minimuma endirilməsi üçün dövlət tərəfindən rəsmi olaraq işsiz statusu almış şəxslərə 190 manat birdəfəlik yardım məbləği ödənilir. Ödəmənin ediləcəyi işsiz şəxslər üzrə müəyyən kateqoriyalar müəyyən olunub ki, onlardan biri də şəxsin fərdi sahibkarlıqla məşğul olmaması və VÖEN-in (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) olmaması tələbidir.

Vaxtilə fərdi sahibkarlıqla məşğul olan şəxslər isə işsizlik üçün qeydiyyatdan keçərkən fəaliyyətlərini dayandırmalarına rəğmən, bu statusu ala bilmədiklərini qeyd edirlər. Bəs daha əvvəl fərdi sahibkarlıqla məşğul olaraq VÖEN-ə sahib olmuş şəxslər rəsmi işsiz statusunu ala və yardım əldə edə bilərmi?

Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən vergi sahəsi üzrə ekspert Mehdi Babayev bildirdi ki, əgər fiziki şəxs VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) alıbsa, bu o deməkdir ki, həmin şəxs fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bəyan edir:

"Əgər şəxs fərdi sahibkarlıq fəaliyyətini dayandırırsa, bunun iki yolu var. Şəxs fərdi sahibkarlıq fəaliyyətini vergi qeydiyyatını ləğv etməmək şərtilə müəyyən müddətə müvəqqəti dayandıra bilər. Bu barədə vergi ödəyicisi vergi orqanına müvafiq qaydada fəaliyyətin müvəqqəti dayandırılması ilə bağlı məlumat verir. Fəaliyyətin müvəqqəti dayandırılması, fəaliyyətin ümumiyyətlə dayandırılması demək deyil. Bu müvəqqəti dövr bir neçə ay və ya bir neçə il ola bilər. Bu müddətdə VÖEN yerində qalır və vətəndaşların dili ilə desək, VÖEN bağlanmır. Lakin qeyd etmək lazımdır ki, əslində, "VÖEN-in bağlanması" ifadəsi düzgün deyil. Burada fərdi sahibkarlıq fəaliyyətinin dayandırılıb-dayandırılmamasından söhbət gedir".

Ekspertin sözlərinə görə, fərdi sahibkarlıq fəaliyyətinin dayandırılmasının ikinci formasında vergi ödəyicisi vergi qeydiyyatını ləğv etməlidir: "Bu zaman şəxsin dövlət qeydiyyatında vergi ödəyicisi kimi adı ləğv olunur. Əgər VÖEN-in qeydiyyatı tamamilə ləğv edilibsə, bu halda demək olar ki, həmin şəxs fərdi sahibkar deyil".

Ekspert fərdi sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırılması və tamamilə dayandırılması üzrə bu iki məsələni bir-birindən ayırmağın vacib olduğunu qeyd edir:

"190 manat birdəfəlik yardımı alamaq istəyən və rəsmi olaraq işsiz kimi qeydiyyatdan keçmək istəyən şəxs fərdi sahibkarlıq fəaliyyətini müvəqqəti dayandırdığını və ya VÖEN-i tamamilə ləğv edib-etmədiyini bilməlidir. Əgər şəxs VÖEN-i ləğv etdiribsə və 190 manatı almaq üçün tələb olunan digər kriteriyalara cavab verirsə, o şəxs işsiz statusunu ala bilər. Vaxtilə fərdi sahibkarlıq fəaliyyəti göstərib daha sonra VÖEN-i ləğv edən və hazırda heç bir fəaliyyət göstərməyən, əmək müqaviləsi olmayan şəxslər 190 manatın alınması üçün digər tələblərə cavab verirsə, o zaman həmin şəxslərin birdəfəlik yardım almaq hüququ var. Şəxs fərdi sahibkar olubsa və indi fərdi sahibkar fəaliyyətini ləğv edibsə, bu o demək deyil ki, həmin şəxs işsiz kateqoriyasına aid edilə bilməz".

Xəbərlər departamenti

Gündəm