"Voravskoy" aləmin azyaşlı sakinləri: "Sırf "türmədə" olduqları üçün kütlə maraq göstərir..." - ŞƏRH
05.12.2019 14:28 Fikirlər

"Voravskoy" aləmin azyaşlı sakinləri: "Sırf "türmədə" olduqları üçün kütlə maraq göstərir..." - ŞƏRH

Yeniyetməlik insan həyatının ən çətin dövrüdür desək, yəqin yanılmarıq. Bu yaş dövrünə qədəm qoyan bu yaş qrupuna olanlar demək olar ki, hamısı standart davranışa və zövqlərə sahib olurlar. Ən çılğın, ekstremal əyləncələrə maraq göstərən yeniyetmələrin bəziləri krimal aləmin tanınmış simalarını özlərinə kumir seçirlər. Hətta bir qədər irəli gedərək, bədənlərinə müxtəlif işarələr döydürür, özlərini daha aqressiv, davakar xarakterli biri kimi göstərməyə meyilli olurlar.

Bu gün sosial şəbəkələrdə kriminal avtoritetlərin qəhrəman səviyyəsinə qaldırılır. Bu isə azyaşlılarda sözügedən hərəkətlərin cəmiyyət tərəfindən qəbul edilməsi düşüncəsini yaradır. İndi orta məktəb şagirdlərinin məhəllələrdə, eləcə də tədris ocaqlarında özləri üçün "polajeniya"ya (vəziyyətə nəzarət) baxan qruplar yaratması barədə də xəbərlər kimisə təəccübləndirmir. Yeniyetmələrin düşüncəsinin formalaşmağa başladığı bir yaşda bu cür təhlükəli vərdişlərə meyillənməsi cəmiyyət üçün SOS siqnalı olmalıdır.

Belə problemi aradan qaldırmaq üçün hansı zəruri addımlar atılmalı olduğunu öyrənmək üçün mütəxəssislərə müraciət etdik.


Ramil Nəcəfli: Ara mahnılarına qulaq asıb, özlərindən zəif insanları incitməklə kriminal aləmin üzvü olunmur.


Mövzu ilə bağlı Mediapost.az-a açıqlama verən psixoloq Ramil Nəcəfli qeyd etdi ki, azyaşlıların belə həyat tərzinə meyillənməsi natamamlıq kompleksindən irəli gəlir:

“Problemin kökündə idealogiyasızlıq, gənclərin və yeniyetmələrin enerjisini düzgün istiqamətə yönəltməmək, ailə münasibətlərinin problemli olması dayanır. Bütün bunları həll etmədən yeniyetmələri düzgün tərbiyə edə bilmərik”.

Ekspert hesab edir ki, yeniyetmələrin əksəriyyəti xarici seriallardan aha çox təsirlənib, özlərini onlar kimi aparmağa çalışırlar:

“Rusiyada bu cür insanların özünü göstərməsi üçün mühit var. Orada yeniyetmələr döymə vurub özlərini avtoritetə oxşadanda mövcud şərait onlara imkan verir ki, istədikləri kimi davransınlar. Bizdə isə sankiidarə olunan xaos mövcuddur. Məsələn, Türkiyədə də azyaşlılar özlərini mafia babalarına bənzətməyə çalışır və bununla paralel bilirlər ki, belə olmaları üçün şərait var. Bizdəkinin isə heç bir anlamı yoxdur. Tutaq ki, azyaşlı özünün Polad Aləmdara oxşatsın, “nakolka” vurdursun amma sən sonda nə edə biləcəksən? Bununla kimə nəyi sübut edəcəksən? Bizim ölkəmizdə bu cür mühit yoxdur. Dünyanın bir çox ölkələrində Amerika, Braziliya, İtaliyada mafioz qruplaşmalar fəaliyyət göstərir. Hətta onların idarə etdiyi küçələr var ki, ora yad adam girə bilmir. Lakin bizdə bu cür məşhur mafioz qruplaşmalar yoxdur, azyaşlı o döyməni vurdurmaq, o cür davranmağa çalışmaqla kiçik məhəllələrdən o tərəfə çıxa bilməyəcək. Böyüdükdə ya orada qalacaq, ya da dustaq həyatı yaşayacaq. Ara mahnılarına qulaq asıb, özlərindən zəif insanları incitməklə kriminal aləmin üzvü olunmur. Bunların hamısı natamamlıq sindromunun nəticəsidir”.

Voravskoy


Sahib Altay: "Həbsxana kiçik kütlələri idarə edə biləcək, xüsusi danışıq qabiliyyəti olan adamlara müxtəlif statuslar verib, onları dustaqların gözündə ucaltdı".


Mövzuyla bağlı Mediapost.az-a açıqlama verən sosioloq Sahib Altay bildirib ki, bir şəxsi gözümüzdə ucaldaraq ideal səviyyəsinə çatdırmaq ənənəsi nağıl yaradıcılığının meydana gəldiyi vaxtlara dayanır:

“Bütün dövrlərdə toplumlarda xüsusi qəhrəmanlıq göstəriciləri, örnəkləri olur. Bu, nağıl yaradıcılığının, miflərin meydana gəldiyi vaxtdan etibarən belədir. Dövrün informasiya vasitələrinin inkişafından asılı olaraq, media hansı vasitələrlə, nəyi təlqin edirsə, toplum onu özününküləşdirib, təqlid etməyə başlayır. Məsələn, bir zamanlar hara gedirdik, dükanda, bazarda, bina divarlarında türkiyəli müğənni Əmrahın şəkillərini görürdük. O dövrün yeniyetmələri özlərini Əmraha bənzədirdilər. Haqqında bəhs etdiyimiz "pristupnıy mir" ideologiyası da siyasətin ortaya atdığı və uzun zamanlar faydalandığı bir ideologiya idi. Keçmiş sovet türmələrində ixtişaşlar baş alıb gedirdi. Bir tərəfdən müharibənin yaratdığı maddi tələbatların və psixozun nəticəsində çoxalan cinayətkarlıq, digər tərəfdən aclığın, repressiyaların və sürgünlərin nəticəsində həbsxananın say tərkibinin müxtəlif millətlərdən təşkil olunması cəza alan adamların gərginliyini daha da artırır, hərc-mərclik çoxalırdı. Bəzən həbsxana daxilində baş verən məhbus üsyanlarının qarşısını polis belə ala bilmirdi. Məhz bu səbəbdən də idarəetmə problemi birdəfəlik kökündən həll etdi. Həbsxana kiçik kütlələri idarə edə biləcək, xüsusi danışıq qabiliyyəti olan adamlara müxtəlif statuslar verib, onları dustaqların gözündə ucaltdı. Bundan sonra üsyanlar onlarla polisin dəyənəyilə yox, "avtoritet"in bir kəlmə sözüylə yatırılırdı. Hətta bu adamların timsalında "yazılmamış qanun" adı altında həbsxanaya xüsusi qaydalar gətirildi. Və bu qaydalar həmin "avtoritet"lərin vasitəsilə digər dustaqlara da sevdirildi. Bu ideologiya Xruşovla, Stalinin əməyinin bəhrəsi idi. Hətta deyilənə görə, Stalinə "Stalin" ləqəbi də həmin “avtoritet”lər tərəfindən verilib. Məcazi anlamda, "Polad kimi əyilməz, dəmir kimi sınmaz" mənasını verir”.

Voravskoy

Ekspert bildirib ki, Azərbaycan kimi mental toplumlarda bu cür ideologiyalar qısa müddətdə fenomenə çevrilmə ehtimalı yüksəkdir:

Voravskoy

“Bu cür ideologiyaların fonunda fenomenlik qazanmaq şansı kütlənin digər fərdlərinin də öz əskiklik kompleksindən azad olması ilə nəticələnir. Məsələn, mentalitetlə, kütləvi düşüncəylə, təhsildən, hüquqdan uzaq olan bir kütlə üzvü törətdiyi bir cinayət əməlilə həbs cəzası alıb, azadlığa çıxdıqdan sonra da sırf həbsxana olduğu üçün kütlə tərəfindən maraq görür, bu da istər-istəməz onu ictimai mühitdə söz sahibinə çevirirdi. Müstəqillik dövründə Azərbaycanda cəzaçəkmə müəssisələrindəki idarəetmə sistemi qismən dəyişdiyinə görə, bu ideologiyanın fenomenliyi içəridə öz keyfiyyətini itirdi. Çöldə isə keçmiş sovet insanının şüuraltında buraxdığı travmalar hələ də davam etməkdədir. Hazırda bu ideologiya və onun nəticəsində fenomenlik qazanan insanlar kütlənin böyük marağına səbəb olur. Digər tərəfdən də mentalitetimiz müəyyən mövzularla bağlı edilən cinayət hadisələrinə haqq verir, cinayətkarlara "qəhrəman" statusu yükləyir”.

Ekspert gənclərin kriminal aləmə məxsus simvolları bədənlərinə döydürməklə öz əskik komplekslərini tamamlamağa çalışdıqlarını söyləyib:

“Bu ideologiyanın həm də xüsusi simvolları vardır ki, bunlar sonradan sözügedən həyat tərzini yaşayan adamlar tərəfindən yaradılıb. Bu gün ictimai mühitdə heç bir cinayət əməli törətməyən, həbs cəzası almayan gənc həmin simvolları bədənində əks etdirib, onu başqalarının diqqətinə çatdırmaqla öz əskiklik kompleksini tamamlamağa çalışır. Məsələn, tutaq ki, hər hansısa bir simvol, bir işarə xüsusi məna kəsb edir - "Mən dünyanın sahibiyəm" və ya "Yaxşı oğulların məkanı olmur". Bu işarə həbsxanada fenomenlik qazanmış hansısa bir insanın qolunda, kürəyində, əks olunub. Müəyyən əskiklik kompleksi olan və bu ideologiyaya xüsusi maraq bəsləyən bir yeniyetmə, gənc də o işarəni öz bədəninə döydürməklə, özü-özünə fenomenlik statusu verir və özlüyündə düşünür ki, insanlar ona da fenomen gözüylə baxacaqlar”.

Sosioloq sonda qeyd edib ki, cəmiyyətdə belə məsələlərin asanlıqla trendə çevrilməsini təhsizliklə əlaqəlidir:

“Bunlar təhsilsizlikdən, müstəqil düşüncənin qeyri-mövcudluğundan, medianın bunun əleyhinə təbliğat aparmamasından irəli gəlir. Bu cür zərərli vərdişlərə qarşı maarifçilik təbliğatı aparmadıqca problem ortadan qalxmayacaq, cinayətkarlıq da günü-gündən artacaq. 2018-ci ildə Azərbaycanda, satılan kitab reytinqinə baxdım. Kriminal aləmə dair kitablar yazan müəllif Bəhram Çələbinin kriminal fenomen haqqında yazdığı kitab bir neçə nəşrlə satışda olub və kütləvi rekordu qıraraq birinci olub. Normalda Azərbaycan toplumu kitab oxumur, deyirik, amma bu göstərici əksini sübut edir. Ancaq hansı kitab? O məlum məsələdir”.

Xəbərlər departamenti

Gündəm