Xanımların mütləq izləməli olduğu 5 film!
25.04.2020 15:06 Fikirlər

Xanımların mütləq izləməli olduğu 5 film!

Seçdiyim filmlərdə bənzərlik axtarmayın və ya ana xəttin eyni olacağını gözləməyin. Hər biri özünə xas hekayəsi olan fərqli qadınların həyatlarından bəhs edən filmlər əslində bizə bizi tanıdır. Düşünməyin ki, beşliyi seçmək mənə asan olub. Siyahı daha da uzana bilər. Hələlik isə seçdiklərim bunlardır:

  • "Mona Lisa Smile" (Mona Liza gülüşü)

Xanımların mütləq izləməli olduğu 5 film!

Hadisələr 1953-cü ildə Amerikada baş verir. Gənc və idealist sənətşünas müəllim Katherine o dövrün təhsili ilə məşhur olan qız kolleci "Wellesley"də dərs keçməyə başlayır. O qızlara arzularının ardınca gedib, fərqli həyatları ola biləcəklərini göstərmək istəsə də, buradan məzun olan tələbələr üçün ən böyük uğur ən yaxşı evliliyə sahib olmaqdır. Baxılmalılar siyahınıza əlavə edin, izlədikdən sonra isə fikrinizi mənimlə bölüşməyi unutmayın!

  • "Agora" (Aqora)

Xanımların mütləq izləməli olduğu 5 film!

Roma İmperatorluğu dövründə İskəndəriyyədə yaşanan hekayəni izləyirik... İlk qadın riyaziyyatçı, astronom və filosof olan Hypatiyanın həyatı ön plana çəkilir. O zaman bir qadının elm və fəlsəfəylə məşğul olması çox qəribə görünüb, birmənalı qarşılanmırdı. 3 dinə mənsub xalqın yaşadığı şəhərdə isə heç də sakitlik hökm sürmürdü. Bütün bunların fonunda isə Hypatiyanın fikirləri artıq qulaqdan-qulağa dolaşaraq, dinə zidd olduğu üçün narazılıqlar yaratmağa başlayır. Bundan sonrasını isə danışmaq istəmirəm. Əminəm ki, izləsəniz ən az 9 balla qiymətləndirəcəksiniz! Xoş seyirlər!

  • "Million Dollar Baby" (Milyon dollarlıq gözəlçə)

Xanımların mütləq izləməli olduğu 5 film!

Gəldik 4 qoldan "Oskar" almış bir filmə!

Boksyorlara daima əsas bir qayda öyrədilir: Hər şeydən əvvəl həmişə özünü qoru. Rinq də əslində həyata bənzəyir. Film bizə həyatın hər üzünü bütün yalınlığı ilə elə göstərir ki, qəhrəmanın hər anını ekrandan hiss edirsiniz. Ekran işi 7 həftəyə və əslində aşağı büdcə ilə çəkilməsinə baxmayaraq böyük səs gətirib.

Filmdə 30 yaşı olmasına rəğmən ümidini itirməyərək həyatında köklü dəyişiklik edib, boksla məşğul olmağa qərar vermiş Frenki adlı məşhur, ancaq kobud bir treyneri tapan Meginin hekayəsini izləyirik.

Bir səhnədə deyildiyi kimi ağrıdan qaçmaq yerinə onu tapmağa çalışırsınızsa, bu kino tam sizə görədir. Hər qadının izləməli olduğunu düşündüyüm əsas filmlərdəndir.

  • "Eat, Pray, Love" (Ye, Dua Et, Sev!)

Xanımların mütləq izləməli olduğu 5 film!

Yəqin ki, bir çoxunuz bu film barədə eşitmisiniz və ya aranızda izləyənlər də var. Elizabet Gilbertin elə bir növ özünü yansıdaraq yazdığı eyniadlı romanından sonra lentə alınmış bir filmdir. Həyatında hər şey qaydasında görünsə də, içindəki boşluğun fərqinə varan, çətin bir boşanmadan sonra özünün və düşüncələrinin ardınca gedib, fərqli yerlərdə yaşayıb, fərqli təcrübələri sınaqdan keçirərək, mənəvi tarazılığını tapmağa çalışan qadının hisslərinə şahid oluruq. Hər birimizin özümüzdən bir parça tapa biləcəyini düşündüyüm, bezmədən izləyəcəyiniz bir film olacaq.

  • "Frida" (Frida)

Xanımların mütləq izləməli olduğu 5 film!

Siyahıya əlavə ediləcək o qədər film var ki, seçim qarşısında qalarkən bu film beşlikdə olmalıdır deyə düşündüm. Heç bir şəkildə əzilməyən enerjisi, arzusu ilə inadkar və olduqca güclü qadın haqqında bir film. O dövrün tək və önəmli qadın rəssamı olmaq isə Frida üçün heç də asan olmayıb. Musiqi, rəsm, abu-havasıyla sizi olduğunuz məkandan alıb başqa bir məkana götürəcək bu filmdə bir qadının həyata olan ehtirasının fərqli yansımalarını görə biləcəksiniz. Ruhunuzdan bir parça da Frida üçün verməyə hazır olun...

Əgər bu beşliyi izləmisinizsə, sizə bonus olaraq bu filmləri də tövsiyə edirəm:

  • "La Vie En Rose" - Edith Piafın həyatı haqqında
  • "The Devil Wears Prada" - Sıxılmayacağınız, yetərincə əyləncəli bir film
  • "Erin Brockovich" - Güclü və həssas qadının hekayəsi
  • "The Quenn" - Sizcə, kraliça olmaq necə bir hissdir?


Nərmin Knyaz, xüsusi olaraq "MediaPost" üçün

Xəbərlər departamenti

Gündəm