XİN başçısı Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı münasibət bildirib
"MediaPost" xəbər verir ki, bunu Xarici İşlər Naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair KİV-in suallarını cavablandırarkən deyib.
"Ermənistan tərəfi isə mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının müddəalarına zidd olaraq, beynəlxalq səviyyədə götürdüyü bu öhdəliklərini kobud şəkildə pozmaqda davam edir. Artıq 5 ildir ki, soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev Ermənistan tərəfindən girovluqda saxlanılır, həm də işğal olunmuş ərazilərimizdəki qanunsuz rejimin qurama “məhkəmə qərarı” ilə. Ermənistan tərəfinin “cinayətkar” kimi qələmə verdiyi bu şəxslər, Azərbaycanın hazırda hərbi işğal altında olan Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət etmək üçün öz torpaqlarına gediblər; əgər öz doğma evlərinə getmək cinayətdirsə, o zaman bu insanları yaşadıqları torpaqlardan qovub onları fundamental hüquqlarından məhrum etmək nədir?!
Bilirsiniz, Ermənistan tərəfi
artıq anlamalıdır ki, etnik təmizləməyə məruz qalmış yüz minlərlə
azərbaycanlının fundamental hüquqları bərpa olunmadan və bu insanlar öz
evlərinə geri qayıtmadan münaqişənin həlli istiqamətində irəliləyiş
mümkün deyil. Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqov və digərləri
Ermənistana qarşı” işi üzrə Ermənistanın işğalçı tərəf kimi
məsuliyyətini müəyyən etməklə bərabər, azərbaycanlı məcburi köçkünlərin
öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququnu bir daha
təsdiq edib. Qeyd etmək istərdim ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin
vəkilləri Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlə müraciət ediblər
və Azərbaycan Hökuməti də bu işdə iştirak edir. Ümid edirik ki, Məhkəmə
tezliklə bu işlə bağlı öz mövqeyini açıqlayacaq", - deyə XİN başçısı
vurğulayıb.