XİN: Paşinyanın fikirlərinin daxili auditoriyaya yönəldiyi heç bir şübhə doğurmur
30.11.2019 10:36 Qarabağ Azərbaycandır

XİN: Paşinyanın fikirlərinin daxili auditoriyaya yönəldiyi heç bir şübhə doğurmur

Mediapost.az XİN sözçüsünə ünvanlanmış sualı və onun cavabını təqdim edir:

- Ermənistan baş nazirinin milli təhlükəsizlik strategiyası üzrə iclasda çıxışı zamanı Ermənistanın strateji maraqlarına uyğun olaraq münaqişənin həlli prosesində öz mövqeyini təqdim etməyə nail olması ilə bağlı səsləndirdiyi fikrinə münasibət bildirməyinizi xahiş edirik.

- Həmişəki kimi, Ermənistan baş nazirini anlamaq çox çətindir. Əlbəttə, baş nazir N.Paşinyanın bu fikirlərinin daxili auditoriyaya yönəldiyi heç bir şübhə doğurmur. Maraqlıdır, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində heç bir irəliləyişin əldə olunmadığı və beləliklə də gərginliyin hər an artması riskinin mövcud olduğu bir halda N.Paşinyan hansı strategiyadan danışır? Əgər Ermənistanın strateji maraqları münaqişənin həlli prosesinə zərbə vurmaqdırsa, o zaman Ermənistan rəhbərliyi bunu açıq şəkildə bəyan etməlidir ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri başda olmaqla beynəlxalq ictimaiyyət müvafiq nəticə çıxarsın. Ermənistan hökumətinin rəhbərinin nə dediyindən asılı olmayaraq, münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrində, digər təşkilatların çoxsaylı qərarlarında, eləcə də Minsk qrupu həmsədrlərinin bəyanatlarında aydın şəkildə əks olunan mövqe ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş əraziləri boşaldılmalı, azərbaycanlı məcburi köçkünlər isə öz evlərinə geri qayıtmalıdırlar.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm