Xose Bernardo və daha bir nəfər bıçaqlanıb - TƏFƏRRÜAT
11.11.2019 06:06 Gündəm

Xose Bernardo və daha bir nəfər bıçaqlanıb - TƏFƏRRÜAT

Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstəxanaya sağ saidin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə gətirilən Bernardonun ambulator müalicə üçün xəstəxanadan evə buraxıldığı bildirilib.

X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisəni törədən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1985-ci il təvəllüdlü A.Hüseynov Pirallahi RPŞ-nin keçirdiyi əməliyyat axtarış tədbirləri çərçivəsində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsilə cinayətişi başlanıb.

Xatırladaq ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm