Yanğında zərəri minimuma endirmək üçün hansı addımlar atılmalıdır? - ŞƏRH
17.12.2019 13:45 Fikirlər

Yanğında zərəri minimuma endirmək üçün hansı addımlar atılmalıdır? - ŞƏRH

Son illlər ticarət mərkəzlərində baş verən yanğınlardan dolayı sahibkarlar ciddi maddi zərər görürlər. Eyni zamanda icarədarlar da sözügedən problemlərlə qaşılaşır və bunun həlli yolu açıq qalır. Zərər görən şəxslər hara müraciət edəcəklərini bilmir. Əvvəlcədən sığorta işlərinin aparılmaması həm sahibkarları, həm də icarədarları çətin vəziyyətə salır.

Mediapost.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli münasibət bildirib.

O qeyd edib ki, ticarət obyektlərində sığorta olmamasının əsas səbəbi icarəyə verənlə icarəyə götürən arasında hüquqi şəkildə icarə müqaviləsinin olmamasıdır:

“Burada mülkiyyətlə bağlı problemlərin həll olunması vacibdir. Çünki icarə müqavilələri çox zaman bağlanmır, tərəflər arasında sadəcə şifahi razılaşma olur. Bu da həm vergidən yayınma, həm də qanunvericilik şəklində icarəyəverənlə icarəyə götürən arasında münasibətlərin təmzimlənməsində problemlər yaşadır. Əgər müqavilə mədəniyyəti formalaşsa, icarəyə verənlə icarəyə götürən arasında müqavilə öhdəlikləri yazılsa, o zaman obyektlərin də sığortalanması məcburiyyəti qeyd oluna bilər. Fərq etməz, ya icarəyə götürənin, ya da icarəyə verənin qarşılıqlı razılığı əsasında ikisindən biri həmin obyekti sığortalanması ilə bağlı öhdəlik götürə bilər”.

N.Cəfərli bildirib ki, ilkin olaraq müqavilə mədəniyyətinin formalaşması üçün həm ciddi nəzarət, həm də təşviqedici addımlar atılmalıdır:

“Çox zaman müqavilələrin imzalanmamasına səbəb 14 faizlik verginin müəyyənləşdiriliməsidir. Bu isə həddindən artıq yüksəkdir. Ona görə də müqaviləsiz çalışmağa üstünlük verirlər. Ola bilər ki, bu vergi dərəcəsinin dəyişdirilməsi ilə bağlı təkliflər səsləndirilməlidir və bu təkliflər qəbul edilməli, ilkin mərhələdə bunu 2 dəfə azaltmaq lazımdır ki, ən azından icarəyə verənlə icarəyə götürən arasında məsələlərin hüquqi müstəvidə müqavilə şərtləri çərçivəsində həll olunmasına şərait, imkan yaransın. O zaman sığorta məsələsi də öz həllini tapa bilər”.

Mütəxəssis daha bir ciddi məsələnin bu tipli obyektlərdə satılan malların mənşəyi ilə bağlı olduğunu qeyd edib:

“Topdan alınan malların qaimələri olmur, qanuni əməliyyatlar aparılmır, banklar vasitəsi ilə köçürmələr olmur, nəticədə mal qalığını çıxartmaq, dəymiş ziyanı hesablamaq müşkülə çevrilir”.

Xəbərlər departamenti

Gündəm