Yapon həkimlər koronavirusa yoluxanları qan plazması vasitəsilə müalicə edəcəklər
26.04.2020 09:36 Dünya

Yapon həkimlər koronavirusa yoluxanları qan plazması vasitəsilə müalicə edəcəklər

Yapon həkimlər qrupu koronavirus xəstələrini qan plazması vasitəsilə müalicə etmək üçün kliniki sınaqlara başlayıblar.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Qlobal Səhiyyə və Tibb üzrə Dövlət Mərkəzinin həkimləri bununla əlaqədar etika komitəsinin razılığını alıblar.

Həmin metoda əsasən bu xəstələrə koronavirusa yoluxaraq sağalmış insanların qan plazmasının köçürülməsi nəzərdə tutulur. Məlumdur ki, həmin plazma virusa qarşı immunitet yaradan anticismlərə malikdir.

Bildirilir ki, Çində ağır xəstələrin müalicəsi məqsədilə bu metoddan istifadə uğurlu nəticələr verib.

Yapon həkimlərin sınaqlar zamanı 50 sağalmış insanın hər birindən 400 millilitr qan götürərək 50 xəstəyə köçürəcəyi bildirilir. Onlar bunun üçün donor qanını gələn həftə əldə etməyi və may ayından başlayaraq bu qanı xəstələrə köçürməyi planlaşdırırlar.

Kliniki sınaqlara rəhbərlik edən doktor Kutsuna Satoşi bildirib ki, anticismlərdən istifadə edilərək müalicə aparılması təcrübəsi Ebola qızdırmasına qarşı mübarizədə də müsbət nəticə verib.

Xəbərlər departamenti

Gündəm