Yaponiyanın Azərbaycandakı səfirliyi və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub
23.12.2022 22:53 Mədəniyyət

Yaponiyanın Azərbaycandakı səfirliyi və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yasamal rayonunda yerləşən Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə Azərbaycan Badminton Federasiyası (ABF) və Yaponiyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə yüksək keyfiyyətə malik raketkalar paylanılıb.

MediaPostun məlumatına görə, Yaponiyanın Xarici işlər Nazirliyinin “Sport for tomorrow” layihəsi çərçivəsində “Shuttle Time” proqramının iştirakçısı olan məktəblilərə verilən raketkalar gündoğar ölkənin Badminton Federasiyası tərəfindən ABF-yə hədiyyə olunub.

Tədbirin əvvəlində Yaponiya Badminton Federasiyasının nümayəndəsinin Azərbaycan dilində videomüraciəti nümayiş olunub. Ardınca tədbirdə çıxış edən Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov bu idman növünün sağlamlığa faydasından danışaraq keçmiş badmintonçu kimi məktəblilərə tövsiyələr verib.

T.Ziyadov səfirliyin timsalında Yaponiya Badminton Federasiyasına təşəkkürünü bildirərək çıxış üçün sözü səfir Vada Cuniçiyə ötürüb. Yaponiyalı səfiri iki ölkə arasında diplomatik münasibətlərinin qurulmasının 30 illiyi və Azərbaycanda badmintonun yaranmasının 60 illiyi çərçivəsində belə bir tədbirin keçirilməsindən məmnunluğunu ifadə edərək, raketkaları ABF-ə təqdim etməkdən şad olduğunu bildirib.

Xəbərlər departamenti

Gündəm