Yaralarımızı sızladan koronavirus
01.03.2020 08:48 Fikirlər

Yaralarımızı sızladan koronavirus

İnsanlar kimə inanacaqlarını bilmirlər. İctimai fikrə təsir göstərən bir çox adamların aranı səngidən, ciddiyə almamağa səsləyən paylaşımları insanları daha da çaşbaş salır. Bilmirlər kimə, nəyə inansınlar.

Koronavirusla mübarizə aparan dünya ölkələrini müşahidə etdiyimizdə kifayət qədər ciddi yanaşma görürük. Lakin bizdə insanlar da bir neçə cəbhəyə bölünüb. Bir qisim insan ümumiyyətlə, koronavirusun mövcudluğuna inanmır. Digər bir qisim mətbuatda, sosial mediada yayımlanan xəbərlərin axınına qoşularaq, gah inanır, gah da etinasızlıq nümayiş etdirir. Digər qisim isə məsələnin ciddi olduğuna dair çağırışlar edir. İnsanları ehtiyyatlı olmağa, önləyici tədbirlər görməyə səsləyir. Sərhədlərin vaxtında bağlanmamasına narazılığını bildirir, məktəblərdə tətil elan olunmasını, kütləvi tədbirlərin bir müddətlik təxirə salınmasını məqsəduyğun hesab edir. Bütün bu qarmaqarışıqlıq içində çaşbaş qalan insanlar “Qədərimizdə nə varsa, onu yaşayacağıq” deyərək çarəsizliyə qapılıb.

Həyəcan təbili “Whatsapp” qruplarında çalındı

“Whatsapp” qruplarında məlum səs yazısı yayıldığı gecə açıqlama verildi ki, yalan söhbətdir. Azərbaycanda koronavirus yoxdur. Lakin elə səhəri günü buna inanmayan insanlarımız apteklərə axın elədi. Bir günün içində 10 qəpiklik maskanın qiyməti 60-70 qəpiyə, bəzi yerlərdə hətta 1 AZN-ə qalxdı. Ucuz-baha demədən tədarük görüldü. Tələbat yüksəldikcə maskaların satışına limit də qoyuldu. 3-5 dənədən artıq maska almaq üçün “Başqa adam üçün alıram” yalanları havada uçuşmağa başladı. Can şirin şeydir axı. Əlqərəz, bir günün içində şəhərin bir çox yerində maska və spirt tapmaq müşkül məsələyə çevrildi. İş belə olduqda insanlar vəziyyətdən şübhələnməyə, daha da narahat olmağa başladı. Bunu görən insaflı əczaçılar ürəklərə rahatlıq, üzlərə təbəssüb gətirmək üçün “Maska və spirt yoxdur” yazısına “No panic” əlavəsi edib, gülücüklər də qondurdular.

Yaralarımızı sızladan koronavirus

Qarşılamağımız da fərqli oldu

Dünyanı cənginə alan koronavirus bəlası ölkəmizdə fərqli – lağlağı ilə qarşılandı. Maska taxan, gün ərzində əlini spirtləyən insanlar çox asanlıqla - yumşaq desəm, qorxaq adlandırılaraq gülüş hədəfinə çevrilirdi. “Koronavirus əslində yoxdur. Daha doğrusu var, amma bizim üçün yoxdur. Belə ki, bu virus fərziyyələrə görə, dünya əhalisinin üçdə birini qırmağa xidmət edən oyunların bir parçasıdır. Bu halda on milyona təzəcə çatmış Azərbaycanda nə çox insan var ki, onu da qıralar? Bizim ölkədə bu, sadəcə, aptek sahiblərinin bazarına xidmət edən bir oyundur” – fikirləri səslənməkdədir.

Virusdan əvvəl inamsızlıq cənginə alıb

İnsanlar arasında daxili inamsızlıq hökm sürür. Kimə və nəyə inanacağını bilməyənlər sabitfikirli olmaqda əziyyət çəkir. Bir neçə insan bir yerə yığışanda, məsələyə bu virusdan əziyyət çəkən ölkələrin gözü ilə baxır, işin ciddiyətini duyur, məsuliyyətli addımlar atılmasının vacibliyindən danışır. Lakin aradan beş dəqiqə keçdikdən sonra mənzərə dəyişir. Virusa ünvanlanmış yumoristik şeirlər, postlar sanki onlara da təsir edir. Bir də görürsən ki, belə bir virusun olmadığını səsləndirir, hətta sosial hesablarından paylaşımlar edir, virusa yoluxma hallarına inanan insanları da məsxərəyə qoyurlar. Onları cahillikdə, avamlıqda ittiham edirlər. Arqumentləri də budur ki, bəs belə bir virus varsa, nəyə görə bu virusa yoluxanlardan birinin qohum-əqrabası üzə çıxmır, axı bu nə səssizlikdir?

Bu mənzərinin fonunda yeni bir xəbər işıq sürəti ilə yayılmağa başladı ki, bəs iranlı bir din xadimi bu bəlaya çarə tapıb. Deyilənə görə, yuxusunda görüb ki, Qurani-Kərimi açaraq vərəqləri arasındakı tükü tapan və suya qataraq içən insan “peyvənd” olur. Beləcə, çox evlərdə illərdir əlçatmaz yerdəki əl dəyməyən Qurani-Kərimə insan əli toxundu, vərəq-vərəq ələk-fələk edildi.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm