"İnsanlar yaxşılıq edəndə tez öz yanlarında televiziyaları aparırlar" - RƏY
15.04.2020 07:28 Fikirlər

"İnsanlar yaxşılıq edəndə tez öz yanlarında televiziyaları aparırlar" - RƏY

Son günlər dövlət qurumları ilə yanaşı bir sıra təşkilatların, ictimai xadimlərin və tanınmış şəxslərin koronavirusdan zərər çəkən ailələrə müxtəlif yardımlar etməsinin şahidi oluruq. Bəzi yardımlar ictimaiyyətdə silsilə kampaniya şəklini alsa da, ehtiyac sahibləri ətrafında qalmaqal yaradanlar da var.

Mövzu ilə bağlı "MediaPost"a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, yardımların əsas məqsədi cəmiyyətlə dövlət arasında uçurum yaratmaq yox, ehtiyacları qarşılamaq olmalıdır:

"Koronavirusla mübarizədə bir neçə istiqamətdə fəaliyyət göstərməliyik. Hazırkı şəraitdə bir sıra sahələrdə çalışan insanların əksəriyyəti zərər görüb. Belə bir şəraitdə bu insanlara yardım etmək üçün dövlətin boynuna konkret vəzifələr düşür. Eyni zamanda bizim qədimdən formalaşan yardımlaşma ənənələrimiz var. İctimaiyyət də öz aralarında yardımlaşmalıdır. Hər şeyi dövlətdən gözləmək olmaz. Yəni çətin vəziyyətdə bu üç əsas istiqamətdə yardımlaşmağa ehtiyac var. Yardımlar o zaman faydalı olur ki, bu istiqamətlər əlaqəli olsun. Elə əlaqələndirmək olardı ki, bu gözəl bir pandem olsun. Hiss olunardı ki, belə ağır vəziyyətdə dövlət, ictimaiyyət, imkanlı insanlar, qohum-qardaş qarşılıqlı əlaqədə bu bəla ilə mübarizə aparır. Amma çox təəssüf ki, cəmiyyətdə özünü nümayiş etdirmək, "mən də varam" demək, özünü gözə soxmaq ənənəsi formalaşıb və bu günün işi deyil. Bu son 30 ildə daha çox gözə çarpır. İnsanlar nə isə bir yaxşılıq edəndə, ya tez öz yanlarında televiziyaları aparırlar ki, onları təbliğ etsin, ya da həmin yardımın saytlarda və sosial şəbəkələrdə yayılmasına nail olurlar. Bu, neqativ haldır".

Gözləntilər və məyusluq: Bu, inam hissini azaldır - ŞƏRH ...

Ekspertin sözləri görə, insanlara çətin vəziyyətində əl tutaraq ictimailəşdirmək bəzi hallarda faydalı ola bilər:

"Şəriətimizdə də belə bir qayda var ki, "sağ əlin verdiyini sol əl bilməsin". Bir çoxları da yardımları məhz bu prinsiplə edir. Amma edilən yardımları ayıb şəkildə təbliğ etmək yox, elə fikir formalaşdırmaq olardı ki, bu haqda cəmiyyətdə mədəni şəkildə söhbət getsin. Bu da kütlə psixologiyası, yamsılamaq baxımından önəmlidir. Çünki bir insan kiminsə başqasına yardım etdiyini görəndə, o da utanıb bunu təkrarlamaq istəyə bilər. Amma səs-küy olmayanda, heç kimdən xəbər olmayanda bəziləri fikirləşə bilər ki, onsuz da heç kim etmir, kim nə biləcək. Ona görə də etdiyi yardımları gizlədərək yüksək əxlaqlı insanların xüsusiyyətdir. Təəssüf ki, kütlənin hamısında bu xüsusiyyət yoxdur. Ona görə də bəzi insanlar yamsılamağı xoşlayır. Sırf kütlənin psixologiyası baxımından edilən yardımları paylaşmaq faydalı ola bilər. Bunu şit şəkildə etmək lazım deyil. Bəzən görürük ki, yazıq bir insanı kameralar qarşısına çıxardırlar, o da başlayır dua etməyə. Axı insanı belə kiçiltmək, alçaltmaq olmaz. O adam insandır, şəxsiyyətdir. İnsanlar yardımlara nə qədər sevinsələr də, bunu bütün respublikanın görəcəyini biləndə daxilən sıxılırlar. Çoxları istəmir ki, yaxın ətrafı, dost-tanışları onu bu vəziyyətdə görsünlər. Bütün bu səbəblərdən dolayı yardım edərkən ehtiyatlı davranmaq lazımdır. Hər şey əndazədən çıxanda eybəcər şəkil alır. İşlər şou yaratmadan normal şəkildə qurulsaydı, daha yaxşı olardı".

Ə.Qəşəmoğlunun fikrincə, ölkəyə ağır bəla gələndə çalışmaq lazımdır ki, daxildəki bütün imkanlar birləşdirilsin:

"Dövlət və xalq bu gücün tərəfləridir. Biz belə hallarda daha çox birləşdirici mövqedə dayanmalıyıq. Neqativ hallar görəndə obyektiv şəkildə tənqid etmək olar, amma ara qızışdırmaq arzuolunmaz və yolverilməzdir".

Xəbərlər departamenti

Gündəm