Yaşamaq yazmaqdan başlayır
13.12.2019 08:33 Fikirlər

Yaşamaq yazmaqdan başlayır

Çağdaş dövrümüzdə plansız yaşamaq tanımadığın ərazini xəritəsiz kəşf etməyə bənzəyir. Bu kəşfin sənə təcrübə qazandıracağını umduğun kimi, yolunu itirmək ehtimalından da özünü sığortalamağa məcbursan. Buna görə də heç təsadüfi deyil ki, bir çox uğurlu insanlar hara getsələr, kiçik yaddaş dəftərlərini də özləri ilə aparırlar. Bu kiçik dəftərdə onların gündəlik, aylıq, illik planları olur. Çox nadir halda planlarını dəyişir, qrafikdən kənara çıxırlar. Bu, bir az robot kimi yaşamağa bənzəsə də, müəyyən hədəfə çatmaq, uğur əldə etmək üçün vacibdir.

Günün kimi həftə, ay, ilinin də hesabatını verməlisən

Tez-tez eşidirik ki, hər gecə yatmazdan əvvəl “Mən bu gün nə etdim?” - deyə insan özünə günün sonunda hesabat verməlidir. Bunu planlamanın ən bəsit başlanğıc forması da adlandırmaq olar. Çünki məhsuldar, faydalı olmağa çalışan, zamanı dəyərli xərcləmək istəyən insan üçün gün sonunda “Bu gün nə etdim” sualına verəcəyi cavab çox böyük əhəmiyyət kəsb edir. Bununla insan özünü bu gün etdiklərinə görə sabah üçün hazırlamış olur. Günün səhvləri, uğurları qeyd edilir, yanlışlardan nəticə çıxarılaraq düzəldilməsi istiqamətində addımlar atılır, uğurlar isə motivasiya gücü ilə daha da irəli aparır.

Planlama nə etməli olduğun kimi, həm də nələri etməyəcəyini müəyyənləşdirir

Biz gündəlik, həftəlik, bəzən lap aylıq və illik plan qurduqda, əslində nələri etməli olduğumuzu qeyd edərək, nələri də etmək olmaz bilmiş oluruq. Etməli olduqlarımız üçün çalışdıqca, bizə mane olan hər nə varsa, hamısından yan gəzməyə çalışırıq. Buna görə də vacibdir ki, hədəfimizi düzgün müəyyənləşdirək. Ancaq hədəfi dəqiqləşdirməklə iş bitmir. Növbəti mərhələdə vacib məqam məlum hədəfə hansı yolla gedəcəyimizdir. Bu yol üçün çəkilmiş xəritə hədəfimizə daha tez, rahat çatmaqda, məqsədimizdən yayınmamaqda kömək edəcək. Əslində, hər kəs öz üstünlüyünü və zəif tərəflərini yaxşı bildiyinə görə, onu irəli aparacaq olanlar kimi, geri salanları da yaxşı bilir. Beləliklə, plan qurarkən diqqətli olsaq, nə etməli olduğumuz və nələri etməli olmadığımız müəyyənləşmiş olur.

Qərarlı olmaq, iradə gücünü artırmaqda da planlama kömək edir

Çox vaxt rahatlığını hansısa istiqamətdə müəyyənləşdirmiş adamlar olduqları vəziyyəti tərk etməkdə əziyyət çəkir. Bu ona görədir ki, çoxumuz tənbəlliyə meyilliyik. Vərdiş etdiyimiz rejimdən kənar bir iş tapşırılsa və ya məcburiyyətdən hansısa iş öhdəliyimizə düşsə, çatdıra bilmirik, iradəmiz yetmir. Uzun müddət keçmiş vərdişlərimizi yenisi ilə əvəzləmək üçün çalışırıq. Bu da bizdən qərarlı olmaq və güclü iradə tələb edir. Bu baxımdan müəyyən plan qurmaq və ona tabe olmaq zəruridir. Ola bilsin, bu əvvəldə əziyyətli olacaq, amma çox vaxt 21 günün sonunda əvvəldən müəyyənləşdirərək tabe olduğumuz planlama vərdişimizə çevriləcək.

Arzulara çatmaq onları vərdişlərində yaşatmaqdan keçir

Gündəlik həyat tərzində nə vərdişə çevrilibsə, elə bil zamanı çatanda ürəyimiz, beynimiz ona istiqamətlənir. Ən əsası da odur ki, bütün bunları etdikdə məcburiyyət hiss etmirik. Ona görə ki, təkrarlanan hərəkətlər bir müddətdən sonra beynimizdə adiləşir. Buna ən bəsit nümunə tanımadığımız bir yerə gedərkən birinci gedişdə yolun çox uzaq gəldiyi halda, növbəti səfərlərimizdə o qədər də uzun görsənməməsidir. Etməli olduğumuz böyük işlər də belədir. Kiçik-kiçik addımlarla, böyük, çətin görünən məqsədə çatmaq olar. Yetər ki, arzuları vərdişlərdə yaşatmağı bacaraq.


Xəbərlər departamenti

Gündəm